Səfir: "Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə mövcudluğu sülh üçün əsas maneədir"
Səfir: "Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə mövcudluğu sülh üçün əsas maneədir"
9 Fevral 2020 13:26 Siyasətİtaliyanın "Il Caffè Geopolitico" onlayn qəzetində jurnalist Kiara Soliqonun (Chiara Soligo) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilmiş şəkildə təqdim olunmuş "Dağlıq Qarabağın taleyi necə olacaqdır?" adlı məqaləsinə münasibətdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə"Il Caffè Geopolitico" qəzetinin redaksiyasına cavab məktubu ünvanlamış və məktub tam şəkildə dərc olunmuşdur.
Olaylar.az bildirir ki, diplomat yazısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi tarixi, sovetlər dönəmində Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü və onun nəticəsi olaraq Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20% -nin işğalı, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə siyasətinin həyata keçirilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi və işğal olunmuş ərazilərdə Azərbaycanın bütün tarixi abidələrinin dağıdılması, hərbi əməliyyatlar vaxtı Ermənistan ordusunun beynəlxalq humanitar hüququ ciddi şəkildə pozduğunu və çoxsaylı müharibə cinayətləri, o cümlədən Xocalı soyqırımını törətdiyini bildirir.
Məqalədə işğal olunmuş ərazilərimizdəki "Artsax Respublikası" kimi təqdim olunan qondarma, qeyri-qanuni separatçı rejim ilə bağlı müəllifin fikirlərinə münasibətdə diplomat qeyd edir ki, bu, əslində dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü ört-basdır etmək üçün yaratdığı marionet bir rejimdir. Diplomat əlavə edir ki, məqalədə müəllifin işğal olunmuş ərazilərimizdə "seçkilər"ə və "referendum"a istinadları oxucuları aldatmaqdan başqa bir şey deyildir və onların hamısı qeyri-qanuni şəkildə həyata keçirilmiş və beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunmuşdur.
Diplomat qeyd edir ki, münaqişəyə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nəticələr əldə etmiş, regionda inkişaf, əməkdaşlıq və rifaha töhfə verən əhəmiyyətli strateji nəqliyyat və enerji layihələri həyata keçirmiş, Ermənistan isə qonşularına qarşı düşmənçilik siyasəti və Azərbaycana qarşı hərbi təcavüzünə görə bütün bu strateji layihələrdən kənarda qalmış, hazırda yoxsulluq və xaricdə normal həyat axtarışı səbəbindən vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsi ilə üzləşir. Diplomat qeyd edir ki, Ermənistanda ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar kəskin etirazların nəticəsində hakimiyyətə gələn ölkənin yeni siyasi rəhbərliyindən münaqişə ilə bağlı əvvəlki hökumətdən fərqli olaraq müsbət davranış gözlənilsə də, bu gözləntilərdən fərqli olaraq, Ermənistanın hazırki rəhbərliyi münaqişə ilə bağlı sülh prosesinə xələl gətirən və beynəlxalq birliyin böyük təəccübünə səbəb olan bir sıra ziddiyyətli açıqlamalar verdi. Diplomat yazısında əlavə edir ki, Ermənistanda ciddi sosial-iqtisadi problemlərin həlli bu ölkənin hakimiyyətinin münaqişə ilə bağlı Azərbaycanla razılaşma əldə etməsindən asılıdır və bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zəruridir, çünki həmin ərazilərdə işğalçı qoşunların mövcudluğu sülh üçün əsas maneədir.