“El Sol de Mexico” qəzetində Meksika-Azərbaycan Alyansı adlı məqalə dərc olunub
“El Sol de Mexico” qəzetində Meksika-Azərbaycan Alyansı adlı məqalə dərc olunub
9 Fevral 2020 13:24 SiyasətMeksikanın nüfuzlu "El Sol de Mexico" qəzetində tanınmış jurnalist Federiko Lamontun "Meksika-Azərbaycan Alyansı" adlı məqaləsi dərc olunub.
Olaylar.az bildirir ki, məqalədə, Azərbaycan Respublikasının 1991-ci ildə uzun illər sonra Sovet əsarətindən azad olaraq müstəqilliyini bərpa etdiyi və bunun Azərbaycan xalqının 20 yanvar 1990-cı ildə ona qarşı törədilmiş faciə zamanı göstərdiyi müqavimət nəticəsində mümkün olduğu qeyd edilir. Müəllif xüsusi istehza ilə bu faciənin "perestroyka" (yenidənqurma) və "qlastnost"un (aşkarlıq) müəllifi olan SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə həyata keçirildiyini vurğulayır və sovet ordusunun məhz onun göstərişinə uyğun olaraq silahsız Azərbaycan əhalisinə qarşı təcavüzünü paradoks adlandırır.
Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrlərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətinin nəticəsində nail olunmuş inkişafı "iqtisadi möcüzə" adlandıran müəllif onun rəhbərliyi altında ölkədə bütün sahələrdə olduğu kimi, sosial sahədə də köklü dəyişikliklərin baş verdiyini, yoxsulluq səviyyəsinin 50%-dən 4%-ə endirildiyini xüsusi ilə vurğulayır.
Habelə məqalədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi regionunun işğal olunduğu və həmin torpaqlarda yaşayan bir milyona qədər əhalinin etnik təmizləməyə məruz qaldığı bildirilir. Bu vəziyyətin dünya ictimaiyyəti tərəfindən diqqətsiz qalmadığı, münaqişənin həlli üzrə BMT TŞ-nın Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və şərtsiz çıxarılması tələblərini irəli sürən dörd qətnaməsinin qəbul edildiyi oxucuların diqqətinə çatdırılır. Müəllif Xocalı Soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğunu qeyd edərək, silahsız əhalinin yalnız "biz azərbaycanlıyıq" dediklərinə görə qəddarcasına qətlə yetirildiyini "El Sol de Mexico" auditoriyasının diqqətinə çatdırır.
Son zamanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurla həyata keçirilən islahatlara toxunan Federiko Lamont ölkəmizdə sosial, iqtisadi və fiskal sahələrdəki nailiyyətləri vurğulayır, onların beynəlxalq səviyyədə, o cümlədən Davos Dünya İqtisadi Forumunda tanınaraq təqdir edildiyini bildirir və Meksika Prezideti Andres Manuel Lopez Obradorun ən vacib məqsədlərindən birinin korrupsiyaya qarşı mübarizə olduğunu qeyd edərək, bu sahədə Meksikanın Azərbaycanın təcrübəsindən yararlana biləcəyini deyir.