Meksika mətbuatı Azərbaycanda seçkilər prosesini şəffaf və nümunəvi adlandırır
Meksika mətbuatı Azərbaycanda seçkilər prosesini şəffaf və nümunəvi adlandırır
9 Fevral 2020 13:23 SiyasətMeksikanın ən çox oxunan ingilisdilli mediası olan "Puls News Mexico" qəzetində Azərbaycanda keçiriləcək parlament seçkilərinə həsr olunmuş məqalə dərc edilib.
Olaylar.az bildirir ki, məqalədə bildirilir ki, Azərbaycan hökumətinin seçkilərin mümkün qədər açıq və şəffaf keçirilməsi üçün həyata keçirdiyi tədbirlər təqdir edilir, seçkilərə dünyanın müxtəlif ölkələrindən yüzlərlə beynəlxalq müşahidəçilərin dəvət edildiyi deyilir.
9 fevral tarixində Azərbaycanın Milli Məclisində keçiriləcək növbədənkənar seçkiləri izləmək üçün dünyanın 58 ölkəsindən jurnalistlərin, QHT nümayəndələri və siyasi partiya üzvlərinin Azərbaycana səfər etdiyi bildirilir.
Seçkilərdə müşahidəçi qismində Meksika Deputatlar Palatasının üzvü Aqustin Qarsiya Rubio və müəllif Tereza Marqolis daxil olmaqla iki jurnalistin Meksikanı təmsil etdiyi qeyd olunur.
Məqalədə həmçinin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə də istinad edilərək, yerli mətbuat nümayəndələrinin də sərbəst şəkildə seçki məntəqələrinə daxil olaraq seçkiləri müşahidə edəcəyi oxucuların diqqətinə çatdırılır. Parlament seçkilərində mübarizə aparacaq 1314 nəfər namizədin 36 faizinin qadın olduğu, namizədlərin yalnız 305 nəfərinin ölkənin hakim siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olduğu, gənc namizədlərin üstünlük təşkil etdiyi müsbət hal kimi qeyd olunur. Müəllif habelə Azərbaycanın Şərqdə qadınlara səsvermə hüququ verən və qızlar üçün məktəb açan ilk ölkə olduğunu vurğulayır.
Seçkilərin şəfaflığını təmin etmək məqsədilə, 5500-dən artıq seçki məntəqəsinin 20 faizində yüksək texnologiyalı veb-kameraların quraşdırıldığı və bazar günü məntəqələrin açıq olduğu saatlarda, dünyanın istənilən yerindən MSK-nın veb saytına daxil olmaqla baş verən prosesi izləməyin mümkün olacağı bildirilir. Bunların hamısının bir çoxları üçün nümunə ola biləcəyi deyilir.
Müəllif Azərbaycan xalqının ölkə rəhbərliyinə geniş dəstək və inamının əsas səbəbinin, mürəkkəb coğrafi mövqeyə və neftin qiymətinin son illər kifayət qədər kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatını qoruyub saxlaya bilməsi və ölkədə sabitliyə nail olunması, əhalinin rifahının ildən ilə yaxşılaşması, cinayət səviyyəsinin dünyada ən aşağı səviyyələrdən biri olması və terror hallarının yaşanmaması ilə əlaqələndirir.