Politoloq: “Azərbaycan Avropa Şurasından imtina edə bilər”

Elçin Mirzəbəyli: "Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır"

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda siyasi məhbusların olduğu iddiası ilə ölkəmizə qarşı qətnamə qəbul edib. AŞPAP ənənəsinə uyğun olaraq, fevralın 9-da gerçəkləşəcək mühüm siyasi hadisə-parlament seçkiləri öncəsi ölkəmizə qarşı belə bir addım atması bu qurumun qərəzinin növbəti dəfə nümayişi hesab edilir.

Siyasi analitik Elçin Mirzəbəyli şərhində bildirdi ki, ötən ilin sentyabrında, AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirorun Azərbaycana səfəri ərəfəsində özünü "Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqı adlandıran qurum 117, özünü "Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup" adlandıran qurum isə 119 "siyasi məhbus"un siyahını yaymışdı. Bu "siyahı" ətrafında yaradılan süni ajiotaj isə sübuta yetirirdi ki, proses mərkəzləşdirilmiş qaydada aparılır və Torhildur Sunna Evarsdottiroru Azərbaycana göndərənlər öz nüfuz müvəkkilərinin vasitəsilə ölkəmizə qarşı yönəlmiş məruzə və onun əsasında qəbul ediləcək qətnamə üçün zəmin hazırlayırlar: "Bu, bir sıra Qərb institutlarının uzun illərdən bəri istifadə etdiyi iyrənc siyasi texnologiyadır. Məruzədən də, qətnamədən açıq-aşkar görünür ki, ortalıqda birtərəfli və qərəzli bir yanaşma var. Həm nüfuz müvəkkilərinin "siyahıları", həm də Torhildur Sunna Evarsdottirorun məruzəsi öncədən koordinasiya olunan işbirliyinin nəticəsidir. Xatırladım ki, Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan nüfuzlu hüquq müdafiəçiləri də bu siyahılara olduqca sərt reaksiyalar vermişdilər. Amma onların münasibəti qəbul olunan qətnamədə öz əksini tapmayıb və bu faktın özü də prosesin öncədən planlaşdırılmış təzyiq elementi olduğunu sübuta yetirir. Bunla yanaşı, qeyd etmək istəyirəm ki, beynəlxalq hüquqi sənəd sayılan heç bir beynəlxalq konvensiyada "siyasi məhbus" anlayışı yoxdur. Hətta insan hüquqları ilə bağlı əsas istinad mənbəyi olan "Vətəndaş və siyasi hüquqlar haqqında" Pakt və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın özündə də "siyasi məhbus" anlayışı ilə bağlı konkret termin və müəyyənləşdirmələr yoxdur. Yalnız Beynəlxalq Amnistiya kimi qlobal güclərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirən təşkilatlar "siyasi məhbus" anlayışını öz maraqlarına və strateji məqsədlərinə uyğun şəkildə tövsif edirlər. Nəinki Azərbaycanın, hətta Avropa məkanında daxil olan ölkələrin qanunvericilik akrlarında belə dəqiq sərhədləri müəyyənləşdirməmiş bir siyasi terminin hüquqi anlayış kimi ifadə olunması düşünürəm ki, AŞ PA-nın öz prinsipləri ilə daban-dabana ziddir. O ki qaldı həbslərində siyasi motivlərin olduğu iddia edilən şəxslərlə bağlı məsələyə, belə siyahıların kimlərin mətbəxində hazırlandığı bəllidir. Və belə "siyahıların" məhz indi gündəmə gəlməsinin əsas səbəblərindən biri də dövlətimizə qarşı genişlənməkdə olan təbliğat kampaniyasının arxasında dayanan daxili və xarici düşmənlərimiz üçün bəhanələr yaratmaqdan ibarətdir. Bu texnologiyadan Azərbaycana qarşı artıq uzun müddətdir ki, istifadə edilir. Prosesin arxasında korporativ daxili və xarici maraqlar da var, şübhəsiz. Bir çoxları "siyasi məhbus" məsələsi üzərindən özünə biznes qurub. Şəxsiyyət əleyhinə ağır cinayət törətmiş, ölkənin konstitusiya quruluşunu dəyişməyə çağırışlar edən, dövlətə silah qaldıran şəxslərin adlarının belə siyahılara salınması da bunu sübuta yetirir. Sizi əmin edirəm ki, əgər Azərbaycanda adları belə siyahılarda yer alan şəxslərin hamısı əfv, amnistiya, yaxud məhkəmə qərarlarından sonra azadlığa buraxılsalar belə, bir neçə aydan sonra biz təxminən eyni sayda insanı əhatə edən siyahıların ortaya çıxmasının şahidi olacağıq. Necə ki, oluruq".

E.Mirzəbəyli onu da qeyd etdi ki, söz və fikir azadlığı ilə bağlı AŞPA-nın Azərbaycan qarşı iddiaları da qərəzdir: "Əhalisinin sayı 10 milyon olan Azərbaycanda təkcə Feysbuk istifadəçilərinin sayı 3 milyon 593 min nəfərdir və onların əksəriyyəti ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, öz baxışlarını açıq şəkildə ifadə edirlər. Azərbaycanın kütləvi informasiya vasitələri də həmçinin, fərqli düşüncələrə və dünyagörüçlərinə açıqdır. Jurnalistlərə mənzillərin verilməsinə gəldikdə isə, burada söz və fikir azadlığına xələl gətirən hər hansı bir məqam yoxdur. KİV üçün inşa edilən binalarda mənzil alan jurnalistlərin arasında hakimiyyətə qarşı sərt tənqidi yazılarla çıxış edənlərin sayı kifayət qədərdir. Və bu da təbii qəbul olunmalıdır. Çünki dövlət mənzil qarşılığında heç bir KİV nümayəndəsinin qarşısına şərt qoymayıb. Bu layihə jurnalistlərin mükafatlandırılması üçün deyil, onların sosial problemlərinin həlli üçün nəzərdə tutulub. Yəni sosial layihədir. Bu gün əksər Avropa ölkələrində dövlət və dövlətə bağlı olan fondlar kütləvi informasiya vasitələrinə onmilyonlarla avro vəsait ayırır. Azərbaycanda mediaya dəstəyin mexanizmləri də beynəlxalq təcrübə əsasında formalaşıb. Necə olur ki, onlarda KİV-ə verilən dəstək "söz və fikir azadlığı"nın inkişafına, bizdə isə məhdudlaşdırılmasına xidmət edir? Bütün bunlar bəhanədən başqa bir şey deyil. Məqsəd Azərbaycana təzyiq göstərmək, ölkəmizin beynəlxalq nüfuzunu zədələmək, dövlətimizi zəif salmaq, islahatlara mane olmaqdan ibarətdir. Azərbaycana qarşı açıq təxribat kampaniyası aparanlar ölkəmizin daha da güclənməsində, inkişaf etməsində maraqlı deyillər. Çünki daha güclü Azərbaycanı təslimçiliyə sövq etmək, ondan bu və ya digər geosiyasi oyunlarda alət kimi istifadə etmək mümkün deyil".

Politoloq vurğuladı ki, hökm sürən riyakarlıq və ikili standartların nəticəsində Avropa Şurasında - AŞPA-da deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir, dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil: "Məhz bu səbəbdən, cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır itirib. Çünki Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulur və yayılır.

Bu prosesin davam etməsi isə, öz prinsiplərindən uzaq düşən, ayrı-ayrı qüvvələrin əlində "yumşaq güc" elementinə çevrilən AŞ PA-nı tamamilə iflasa uğrada, nəticədə həmin qüvvələrin məşvərət klubuna çevirə bilər.

Avropa Şurası düşünməlidir ki, Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Avropa Şurasında Azərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır. Azərbaycan haqqında saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir".

Digər siyasi analitiklər də bildirirlər ki, Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Ermənistanda sabiq prezident həbs olunub, ölkəyə rəhbərlik etmiş baş nazir Serj Sarkisyan da hazırda istintaq altındadır. Ermənistanda sabiq dövlət başçılarının həbsinin əsas səbəbi onların siyasi proseslərdə iştirakı, indiki hakimiyyətə qarşı tənqidi mövqeləri, Nikol Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı təzyiq və təqib metodlarından geniş istifadə etməsidir. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Məsələn, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının kordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da Yerevanda "Nubaraşen" həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb. AŞ PA Ermənistanda baş verən bu hadisələri görməməzlikdən gəlir.

Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də "Qalib Gürcüstan" siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif  "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb və digər faktlar mövcuddur.

2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb.

Görəsən digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında niyə qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?! Azərbaycan xalqında haqlı olaraq bu sual yaranır. Bütün bunlar Azərbaycan cəmiyyətində AŞ PA-ya qarşı çox böyük etmadsızlıq, etiraz yaradıb. Azərbaycan müstəqil dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq. Azərbaycan xalqında artıq belə fikir hakim kəsilməkdədir ki, Avropa Şurası kimi AŞPA kimi qurumlarda qalmağın mənası yoxdur. Azərbaycan xalqı günün birində qalxıb "Bizə Avropa Şurası kimi qərəzli, riyakar təşkilatda qalmaq lazım deyil" tələbini qoysa, bundan itirən Azərbaycan yox, Avropa Şurası olacaq. Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə qədər lazımdır, Azərbaycan ona nə qədər lazımdır. Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər. Bir neçə il bundan qabaq Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞ PA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Bu faktı da unutmaq olmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31