Azərbaycanda həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir- TƏHLİL

Azərbaycanda həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir-TƏHLİL

Bu siyasətin təməlində söz yox, konkret əməl dayanır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial- iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Aparılan məqsədyönlü və mükəmməl siyasətin nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Yerli və beynəlxalq iqtisadi ekspertlərin qənaətinə görə, Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur və iqtisadiyyat hərtərəfli inkişafını təmin edir.Təkcə ötən il ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5,  qeyri-neft sektorunda sənaye istehsalı isə14 faiz faiz artıb. Etiraf edilmlidir ki, təkcə bu göstərici dünya ölkələrində qlobal şokların hələ də davam etdiyi bir vaxtda yaxşı göstərici hesab oluna bilər. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tammənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir. Bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın umumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Qeyri-neft sektoru iqtisadiyyatda dominant rol oynamaqla, gələcək inkişafın əsas iqtisadi təməllərindən biri olacağını şərtləndirir. Lakin etiraf edilməlidir ki, Azərbaycanın iqtisadi potensialı bu sahəni daha da inkişaf etdirməyə imkan verir. Elə dövlət başçısı İlham Əliyev də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına dair konfransda bu fikri irəli sürüb: "Hesab edirəm ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Biz bu uğurları deməliyik, onları təbliğ etməliyik, eyni zamanda, bu uğurlarla kifayətlənmək olmaz. Biz həmişə gərək həll olunmamış məsələlər ətrafında səylərimizi gücləndirək və bunu edirik. Ona görə bu ənənəvi konfransın əsas məqsədi görülmüş işlərə yekun vurmaq və il ərzində görüləcək işlərə təkan verməkdir. Ona görə də 2004-cü ildən başlayaraq biz bu yolla gedirik. 2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi. Ona görə bu proqramın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu günə qədər hər il biz proqramın icrasını müzakirə edirik. Dediyim kimi, üç proqram qəbul edildi və icra olundu, dördüncü proqram indi icra edilir". Qeyd edək ki, iqtisadi sahədə əldə edilən uğurlar nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu da artıb, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolu güclənib. Dövlət başçısının vurğuladığı kimi bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Azərbaycanın dünya enerji siyasətində rolu artır, respublikamız çox önəmli nəqliyyat mərkəzinə çevrilir.

Statistik rəqəmlər, ölkənin iqtisadi inkişf tempi deməyə əsas verir ki, ümumilikdə dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə bütün sahələr üzrə rekord inkişaf əldə edilib. Belə ki,  ötən 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Əgər 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, keçən ilin yekunlarına görə 51, hazırda isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb və bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünüb. Eyni zamanda, son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edək ki, 300 min insan üçün evlər, mənzillər tikilib. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalıdır. İnfrastruktur layihələrinə gəldikdə, bu illər ərzində 33 elektrik stansiyası tikilib, onların generasiya gücü 3 min meqavatdır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün ölkəmizin yarısını qaranlıq bürüyərdi. Amma bu stansiyaları tikməklə, 3 min meqavat generasiya gücünü əldə etməklə bu gün elektrik enerjisi ixrac edilir. Keçən il bu ixracdan ölkəmizə təqribən 60-65 milyon dollar vəsait daxil olub. Xatırladaq ki, 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, rayonlarda ümumiyyətlə qaz yox idi. Hazırda bu rəqəm 96 faizə çatıbdır. Hazırda elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. 16 min 700 kilometr avtomobil yolu tikilib ki, həmin yollar ölkəmizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir.

Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərib. Pensiyaçıların və digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinə dövlət qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması istiqamətində işlər davam etdirilib. Ölkə iqtisadiyyatında iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub. Hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcək.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31