AŞPA-dan Azərbaycana seçki təxribatı: qərəz, böhtan və ikili standartların daha bir nümunəsi

Bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir və əbəs deyil ki, cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan AŞPA-nın tələb etdiyi müddəalara əməl etməyəcək və bu qətiyyət ikili standartlara qarşı atılan addım kimi qiymətləndirilməlidir. AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

Belə ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn AŞPA-nın seçki müşahidə missiyasına son anda 2014-cü ildə qeyri-qanuni olaraq işğal olunmuş ərazilərimizə səfər etmiş  və buna görə də adı qara siyahıya salınmış Yatsek Protasieviçin daxil edilib. Bu addım AŞPA-nın Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyun olmaqla yanaşı, təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin daha ad artdılğını göstərir. Nəzərə alsaq ki, AŞPA katibliyinin seçki müşahidə şöbəsinin müdiri Çemavon Şahbazyandır o zaman bir daha sübut olunur ki, bu təşkilatın Azrbaycana qarşı təxribat planıdır. Aydındır ki, Azərbaycan Yatsek Protasieviçin ölkəyə girişinə imkan verməyəcəkdir. Bundan sonra AŞPA-da Azərbaycana qarşı yeni böhtan kampaniyası başlanacaqdır.

Qərbin Azərbaycana qarşı qərəzli münasibəti əbəs deyildir. Çünkin Azərbaycan müstəqil inkişaf strategiyasına əsasən xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq bütün dövlətlərlə normal münasibətlər qurub. Buradan belə nəticəyə gəlmək olar ki, AŞPA-nın ikili standartları müxtəlif dairələrin mənafeyinə xidmət edir və ölkəmizə təzyiq məqsədi güdür.Avropa Şurasının ölkəmizə münasibətdə sərgilədiyi qərəzli mövqe də məhz Azərbaycanın yürütdüyü müstəqil siyasətdən qaynaqlanır. Azərbaycan qısa zaman kəsiyində inkişaf etmiş, Avropa səviyyəsinə çatmış bir dövlətdir.

AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycana lazımdırmı?  Ölkəmiz 2001-ci ildən AŞPA-nın üzvüdür və hər zaman bu qurumdan ədalət, obyektivlik gözləyib. AŞPA isə gözləntilərimizin əksi olaraq hər zaman qərəz nümayiş etdirib, anti-Azərbaycan, ermənipərəst qüvvələrin əlində alət rolunu oynayaraq daim Azərbaycana təzyiq göstərməyə cəhd edib. Adı qara siyahıya salınmış Yatsek Protasieviçin təyinatı isə ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır.

Ölkəmiz bu qurum tərəfindən dəfələrlə təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. Lakin müstəqil siyasət yürüdən Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyi ilə heç vaxt razılaşmayacaqdır.

Təşkilatın fəaliyyəti digər nüfuzlu şəxslər tərəfindən tənqid olunur. Məsələn rusiyalı ekspert Dmitri Verxoturov bildirib ki, Bugünkü gün Avropa Şurasının nüfuzu prinsipsiz mövqeyi nəticəsində regionda və dünyada əhəmiyyətli dərəcədə azalıb. Bu gün həmin təşkilat ciddi böhran vəziyyətindədir və bunu müxtəlif dövlətlər barəsində ikili standartların tətbiq olunması və əsassız tənqidlər təsdiq edir: "Mahiyyət etibarilə Avropanın bu təşkilatı dünyada baş verən proseslərə hər hansı bir təsir göstərmək iqtidarında deyil, bununla belə o, müntəzəm olaraq müəyyən ölkələr barəsində yalan və tamamilə əsassız, real faktlarla təsdiqlənməyən məlumatların yayılmasına kömək edir. Məsələn, əgər AŞ PA-nın Azərbaycanda guya siyasi məhbusların olması barədə qətnaməsini nəzərə alsaq, Azərbaycan Prezidenti öz qiymətləndirməsində tamamilə haqlıdır. Bu qətnamə sübutsuzdur və hüquqi cəhətdən dəyərsizdir. Mahiyyət etibarilə bu, müəyyən şayiələrdir. AŞ PA və Avropa Şurası öz şüarlarında vurğulayırlar ki, onlar insan hüquqlarını müdafiə edirlər. Məhz bu məsələdə hüquq prinsiplərinə əsaslanmalı idilər".Ekspert əlavə edib ki, Avropa Şurası tərəfindən Azərbaycanın ünvanına yayılan şayiələr məntiqsiz və əsassızdır.

xxx

Siyasi ekspert Vüqar Rəhimzadə də  Avropa Şurasının  son  dövrlərdəki  mövqeyinin yaxşı heç nə vəd etmədiyini deyib.

"Azərbaycanın uzun illərdir ki, beynəlxalq təşkilatlarla qurduğu qarşılıqlı faydalı münasibətlər uğurla inkişaf edir. Ölkəmiz milli maraqları əsas tutmaqla daim üzərinə düşən öhdəliklərə əməl etməyə, qarşılıqlı əməkdaşlığa yeni impuls verməyə səy göstərir. Lakin bəzən eyni münasibəti qarşı tərəfdən görə bilmirik. Son vaxtlar Avropa Şurasının bəzi ölkələrə, o cümlədən Azərbaycana qarşı açıq-aydın hiss olunan qərəzli münasibəti belə deməyə əsas verir. Təbii ki, qurumun ölkəmizə qarşı sərgilədiyi bu cür mənfi münasibət ilk deyil. Avropa Şurası zaman-zaman ölkəmizə qarşı ayrı-seçkilik, ədalətsizlik edib. Bu beynəlxalq təşkilat "maraqlı" dairələrin sifarişləri əsasında Azərbaycanı da hədəf seçərək vaxtaşırı qərəzli, ədalətsiz qərarlar qəbul edib, guya demokratiya, insan hüquq və azadlıqlarının pozulması kimi absurd iddialar irəli sürərək ölkəmizə təzyiq göstərməyə və nəyisə qəbul etdirməyə cəhd edib. Ancaq hər dəfə Azərbaycanın müstəqil, balanslaşdırılmış siyasətinə əsaslanan sərt mövqe ilə rastlaşıb. Təəssüf ki, Avropa Şurası hələ də başa düşmək istəmir ki, Azərbaycan ilə "əmr", "diktə" dilində danışmaq mümkün deyil".

Vüqar Rəhimzadə bildirib ki, beynəlxalq hüququn pozulduğu, ikili standartların hökm sürdüyü bugünkü beynəlxalq münasibətlər sistemində Avropa Şurası və bu kimi digər təşkilatların əsl mahiyyəti artıq hamıya məlumdur: "Uzun illərdir ki, ölkəmizdə əsaslı islahatlar aparılır, müsbət dəyişikliklər baş verir. Bu uğurları görməmək, həqiqətlər yox, yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir. Artıq insanların Avropa Şurası kimi öz fəaliyyətində ikili standartları əsas götürən beynəlxalq təşkilatlara inamı, etibarı qalmayıb. Azərbaycan cəmiyyəti haqlı olaraq sual edir ki, nə üçün Avropa Şurası işğalçı Ermənistana təzyiqlər göstərmir, hüququ pozulmuş, torpağı zəbt edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansısa ədalətli qətnamə qəbul etmir, əvəzində isə yalnız ölkəmizə qara yaxmaq, milli maraqlara söykənən müstəqil siyasət yürüdən Azərbaycan dövlətini gözdən salmaq kimi bir uğursuz missiyanı yerinə yetirir".

Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

"Avropa İttifaqı tərəfindən ikili standartlar və ayrı-seçkilik öz fikri olanlara və Avropa "demokratiyası"nı təqlid etməyənlərə münasibətdə tətbiq olunur."

Bunu isə rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

O bildirib ki, Avropa Şurasında təkcə Azərbaycan yox, həm də onun tərəfdaşı Rusiya ikili standartlar siyasətinə məruz qalır:

"Əgət Bakı Avropa "multikulturalizmi"ni öz milli maraqlarından üstün tutsaydı, o zaman Azərbaycana yaxşı münasibət olardı. Amma Azərbaycan güclü, müstəqil dövlət olduğu, sərbəst şəkildə gey-paradların keçirildiyi Ermənistandan fərqli olaraq ailə və milli dəyərləri qiymətləndirən dövlət olduğu üçün "sivil" Köhnə dünyanın qərəzli münasibətilə qarşılaşır".

Politoloqun sözlərinə görə, o, Avropa Şurasının faktiki olaraq açıq riyakarlıq və ayrı-seçkilik təbliğatı məkanına çevrilməsi barədə sağlam düşüncəli siyasətçi və analitiklərin fikirləri ilə razıdır:

"Bundan əlavə, qeyd etmək istəyirəm ki, bu təşkilat açıq-aşkar tənəzzül edir və dünyada nüfuzunu itirir. Bu təşkilat əvvəllər də şərti xarakter daşıyırdı və bu, əsasən ABŞ-ın və onun transmilli korporasiyalarının maraqlarının lobbiçiliyi sayəsində baş vermişdi. İndi isə Avropa böyük okeanaşırı tərəfdaşının siyasəti sayəsində siyasi yol ayrıcında dayanıb və öz suverenliyinin möhkəmlənməsinə xidmət edəcək qərarı verməkdə çətinlik çəkir".

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31