Qazaxıstanlı nazir: Azərbaycanla ticarət və iqtisadi əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik

Hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıq ilə xarakterizə olunur.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

Nazir vurğulayıb ki, zamanında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev tərəfindən əsası qoyulmuş əməkdaşlıq xətti bu gün uğurla davam etdirilir: "Bu əməkdaşlıq iki ölkənin dövlət və hökumət başçıları arasında yüksək səviyyəli siyasi dialoqa əsaslanır. Eyni zamanda, iki ölkənin parlamentləri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub".

Qazaxıstanlı nazir əlavə edib ki, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi qarşıda dayanan əsas məsələlərdən biridir: "İki ölkə arasında ticarət əlaqələri, eyni zamanda qarşılıqlı investisiyaların həcmi artır. Biz, eyni zamanda tranzit potensialımızdan çox gözəl istifadə edirik. Çünki Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya, Avropa və Şərq arasında birləşdirici bir körpü rolunu oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31