Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır- Şərh
Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır-Şərh
5 Fevral 2020 15:12 SiyasətƏsrlər boyu Cənubi Qafqazı parçalayan xaos və qarmaqarışıqlıqlar şəraitində Gürcüstan və Azərbaycan ənənəvi olaraq dostluq münasibətlərini qoruyub saxlaya biliblər. Bu iki qonşu ölkə ilk dəfə 1918-ci ildə ilk müstəqil dövlətlərini yaratdıqdan bəri hər zaman xüsusilə strateji əməkdaşlıq ruhuna sadiq olublar. Gürcüstan 26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş, ondan iki gün sonra, yəni 28 may 1918-ci il tarixində Tbilisidə, eyni məkanda Azərbaycan öz müstəqilliyini bəyan edib. 1991-ci ildə Azərbaycan və Gürcüstan yenidən müstəqillik əldə etdikdən sonra 1992-ci il noyabrın 18-də iki ölkə arasında diplomatik münasibətlər quruldu. Qeyd etmək yerinə düşərdi ki, müstəqilliyin ilk illərində Azərbaycan Dağlıq Qarabağ, Gürcüstan isə Abxaziya və Tsxinvali regionu müharibələri ilə üzləşmək zorunda qalıb. Lakin müstəqilliyin ilk illərindən başlayaraq həm Azərbaycanda, həm də Gürcüstanda uzunmüddətli rəhbərlik və idarəetmə təcrübəsi olan yetkin rəhbərlər hakimiyyətə gəldilər. Əvvəlcə Prezident Heydər Əliyev sonra isə Prezident İlham Əliyev Azərbaycanda dayanıqlı və effektiv siyasi-iqtisadi sistem yaratdılar. O vaxtdan təməli qoyulmuş dostluq münasibətləri bu gün də davam etməkdədir. Elə Gürcüstan Prezidenti Salome Zurabişvilinin AŞPA-da çıxışı zamanı səsləndirdiyi fikirlər dediklərimizi bir daha təqdiq etmiş olur. Yap Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, bu günlədə Gürcüstan Prezidenti Salome Zurabişvilinin AŞPA-da çıxışı zamanı səsləndirdiyi bəyanatda diqqət çəkən ən mühüm siyasi frazalar Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı ilə bağlı oldu. Xanım Salome Zurabişvili açıq şəkildə beynəlxalq tribunadan Azərbaycan ilə ölkəsi arasında dərin və geniş əməkdaşlığın hər il daha da möhkəmlənərək region üçün nümunəyə, yaxşı bir örnəyə çevrildiyini ifadə etdi. Gürcüstanın dövlət başçısının vurğuladığı kimi hər iki ölkə son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməsinə baxmayaraq, sülh və təhlükəsizliyin son illərdə möhkəmliyini təmin edən ən strateji qlobal enerji, nəqliyyat layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verir: "Salome Zurabişvilinin "Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır" bəyanatı beynəlxalq birliyə ünvanlanmış müraciət kimi qiymətləndirilə bilər. Bu, Cənubi Qafqaz, Orta Asiya, Yaxın və Orta Şərqdə potensial terror təhdidlərinin hələ də qalmasından narahatlığın ifadəsi kimi beynəlxalq təşkilatlara lal sükunətdən əl çəkməyə və sülh missiyasının artırılmasına çağırışdır. Məlumdur ki, Azərbaycan kimi Gürcüstan da separatizmdən və terrordan əziyyət çəkir. Xanım Zurabişvili cəsarətlə AŞPA tribunasından terrora və terrorçulara dərin nifrətini ifadə etməklə, terrordan əziyyət çəkən Azərbaycan və Gürcüstanın üzləşdiyi ağır vəziyyəti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan etdi, həm də, işğalçılıq siyasətini davam etdirən dövlətlərə, onların dəsləkdiyi separatçı qüvvələrə, həmçinin Ermənistanın yeni hakimiyyətinə, açıq mesaj göndərdi. Gürcüstanın dövlət başçısı Qafqaz regionunun sabitliyinin və dayanıqlı inkişafının lokomotivinin Azərbaycan və Gürcüstanın əlində olduğunu xatırlatmaqla Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda çiyin-çiyinə dayanaraq birgə fəaliyyət göstərdiyini nümayiş etdirdi.Gürcüstan Prezidentinin AŞPA bəyanatları bir daha təsdiqlədi ki, Azərbaycan və Gürcüstan birgə addım atır, regionda qlobal layihələri gerçəkləşdirməklə örnəkverici platformanı daha da möhkəmləndirirlər. Bu və digər amillər birmənalı olaraq təsdiqləyir ki, rəsmi Tbilisinin ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməmiş, əksinə daha da əlaqələrin hərarəti ilbəil artıbdır".
Yeri gəlmişkən, xanım Salome Zurabişvilinin rəhbər posta seçilməsindən sonra ötən il fevralın 27-də ilk səfərini dost və qardaş ölkə olan Azərbaycana etməsi çox mühüm siyasi məna kəsb etdi. V.Abdullayev deyir ki, Gürcüstanın dövlət başçısının "Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik" bəyanatı transkontinental layihələrdən kənarda qalmış Ermənistanın regionda təcridini də dərinləşdirmişdir. Ötən ay, yanvarın 22-də İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşü zamanı müzakirə olunan məsələlər ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini təsdiqlədi: "Azərbaycan və Gürcüstan arasında imzalanan birgə bəyannamələr, siyasi, iqtisadi, sosial, humanitar, elm, təhsil, mədəniyyət və s. sahələrini nəzərdə tutan sazişlər dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoyubdur. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan sıx qarşılıqlı münasibətlər bütün Cənubi Qafqazda sülh və əminamanlığın başlıca şərtidir. İki ölkə arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin zirvəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Gürcüstanda həyata keçirilən humanitar aksiyaların təşəbbüskarı və təşkilatçısı ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də diqqəti cəlb edir. Bu möhtəşəm layihələr Gürcüstan hökuməti və ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Gürcüstanın ictimai mühitində Mehriban xanımı insanpərvər ictimai xadim kimi tanıyırlar. Onun bu humaniar nüfuzu Azərbaycanın uğuru və ictimai-siyasi tarixinə həkk olunan şərəf və qürur səhifəsidir. Mehriban xanımın Gürcüstanın nüfuzlu ictimai-siyasi xadimləri, Katolikos II İlya ilə görüşü gürcü cəmiyyətinə olan hörmətini ifadəsi hesab edilə bilər. 2019-cu ilin fevralın ayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın görüşü iki ölkə arasında dostluğun, yaxın və səmimi münasibətlərin nümunəsidir. Bu gün regionda oxşar tarixi yaşayan iki ölkə - Azərbaycan və Gürcüstan yeni-yeni mühüm layihələri ərsəyə gətirmək üçün birgə siyasi iradə və mövqe nümayiş etdirir. Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində yeni səhifə açırlar".
Alim
Olaylar.az