Ombudsman ATƏT DTİHB-nin Seçki müşahidə missiyasının nümayəndələrini qəbul edib

Ombudsman ATƏT DTİHB-nin Seçki müşahidə missiyasının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Seçki müşahidə missiyasının Hüquq və Media analitikləri Enira Bronitskaya və Kira Kalininanı  qəbul edib. "Olaylar" xəbər verir ki, görüşdə Ombudsman respublikamızda insan hüquqlarının müdafiəsi sahəsində geniş islahatların həyata keçirildiyini diqqətə çatdırıb, seçki hüquqlarının prioritet məsələ olduğunu vurğulayıb. O, fevralın 9-da keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs edib. Müvəkkil Seçki Məcəlləsinin zəruri əlavə və dəyişikliklər edilməklə daha da təkmilləşdirildiyini, seçki məntəqələrinin müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin edildiyini, veb-kameraların quraşdırıldığını, əhali arasında seçki hüquqları sahəsində müntəzəm maarifləndirmə işinin aparıldığını deyib.  Ombudsman təsisatının insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində davamlı fəaliyyət göstərdiyi, Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq əlaqələri qurulduğu, seçki hüququ ilə bağlı birgə maarifləndirmə tədbirlərinin, treninq-seminarların keçirildiyi vurğulanıb.  

Ombudsman Aparatının və regional mərkəzlərinin əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq, habelə 2009-cu və 2016-cı illərdə keçirilmiş referendumları Bakıda və rayonlarda, o cümlədən qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, bir sıra hərbi hissələrdə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında müstəqil müşahidəçi qismində izlədiyi, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığı diqqətə çatdırılıb. 2019-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində müşahidə aparılması haqqında da ətraflı məlumat verilib. Müvəkkilin və Aparatın əməkdaşlarının, o cümlədən Ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin qarşıdakı parlament seçkilərini də öz təşəbbüsləri ilə müşahidəçi qismində izləyəcəkləri nəzərə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31