“Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır”
“Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır”
5 Fevral 2020 14:14 Siyasətİlham Əliyev: " Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir"
Azərbaycanda həyata keçirilən sosial siyasət hər bir vətəndaşın rifah halının yüksəlməsinə hesablanıb. Elə bu məqsədlə də ölkədə çoxsaylı sosial paket reallaşdırılır. Prezident İlham Əliyev tərəfindən irəli sürülərək təsdiq edilmiş sosial paketlərin icrasına hələ ötən ilin əvvəlindən start verilib. Bununla kifayətlənməyən dövlət başçısı ölkə vətəndaşlarının sosial durumunun maksimum həddə çatdırılması məqsədilə xeyli sayda fərman və sərəncamlar imzalayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının üstün rifahı ilə müəyyən olunur. Elə bu səbəbdən də keçən il sosial müavinətlər təqribən orta hesabla 2 dəfə, köçkünlərə verilən müavinət 50%, tələbələrin, şəhid ailələrinə verilən müavinətlər və digər sosial ödənişlər dəfələrlə artıb. 800 mindən çox insanı əhatə edən problemli kreditlərin həlli ilə əlaqədar dünyada bənzəri olmayan fərman imzalanıb. Eyni zamanda dövlət bu istiqamətdə ardıcıl və sistemli tədbirləri davam etdirir. Ötən ilin aprelin 1-dən artıq qüvvəyə minən əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam da məhz buna əyani misaldır. 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə prezident təqaüdlərinin, orta hesabla 100% artırılması, dövlətin üstün sosial siyasət kursunu sübut edir. Konkret olaraq minimum pensiyaların qaldırılması 230 min əhalini, minimum əmək haqlarının qaldırılması isə 600 min adamı əhatə edib. Onların 400 min insan dövlət sektorunda çalışanlar, 150 mini özəl sektorda çalışanlardı. Müavinətlər təqribən 600 min adamı əhatə edib. Ümumilikdə sözügedən islahatlar çərçivəsində 3 milyondan artıq vətəndaşın həyatı yaxşılaşdırılıb. Dövlət üçün bu maliyyə yükü kimi 2 milyarddan artıq bir maliyyə vəsaiti tələb edib. Eyni zamanda, növbəti addımlar kimi pensiya konsepsiyasının hazırlanması, demoqrafik təhlillərin aparılması nəzərdə tutulub.
***
"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyev qeyd edib ki, ötən il ölkəmiz üçün uğurlu il olub: "Keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüşdür. Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrası başlanmışdır. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilmişdir. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır".
***
Maraqlıdır, dövlət başçısının müşavirədə verdiyii tapşırıq və tövsiyələrlə bağlı aidiyyatı dövlət qurumları hansı addımlar atmağı planlaşdırılır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Dövlət Proqramının icrasına dair konfransda Prezident İlham Əliyevin tapşırıqları ilə bağlı nazirlikdə müşavirə keçirilib. Müşavirədə bildirilib ki, Prezident İlham Əliyevin güclü sosial siyasəti sayəsində ölkədə sosial inkişaf sahəsində də ardıcıl və ciddi irəlilləyişlərin əldə olunub. Xüsusilə ötən il dövlət başçısının təşəbbüsü və tapşırığı ilə əmək haqları və pensiyalarda, müavinət və təqaüdlərdə, ümumilikdə əhalinin 42 faizini əhatə edən sosial ödənişlərdə artımların edilməsi istiqamətində inqilabi addımlar atılıb. Bu böyük vəsait tələb edən geniş miqyaslı islahatlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını, eyni zamanda, dövlət başçısının siyasətinə uyğun olaraq, uğurlu iqtisadi islahatlardan əldə olunan gəlirlərin bütünlüklə əhalinin rifahına yönəldildiyini bir daha təsdiq etdi. Nazir Sahil Babayev konfransda Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə bağlı verilmiş tapşırıqların yüksək səviyyədə icrasının nazirliyin əsas fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb. Müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni "DOST" mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerləri üzrə nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd edilən sahələrdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub və aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40 minə yaxın ödənişli iş yerinin açılması işsizliyin azaldılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı yolu ilə onların rifahına dəstək verilməsində xüsusi əhəmiyyəti olan sosial layihədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ciddi nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi nazirliyin başlıca vəzifələrindən olacaqdır. Müşavirədə bununla əlaqədar xüsusi monitorinq qrupunun yaradılması da qərara alınıb. Ayrı-ayrı dövlət qurumları tərəfindən dövlət başçısının tapşırıqlarının həyata keçirilməsi məqsədilə gördüyü işlər və əldə edilən nəticələr deməyə əsas verir ki, prezident İlham Əliyevin siyasətinin əsas qayəsində dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsi durub.
Zəka
Olaylar.az