Regional proqramlar ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaradır- TƏHLİL
Regional proqramlar ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaradır-TƏHLİL
5 Fevral 2020 14:01 Siyasətİlham Əliyev: "Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir"
Heç şübhəsiz ki, hər bir ölkənin inkişafında regionların da xüsusi payı və çəkisi vardır. Çünki regionları inkişaf etdirmədən, bölgələrdə tərəqqiyə nail olmadan ümumilikdə ölkənin inkişafından danışmaq olmaz. Ona görə də Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra regionların inkişafı əsas prioritet məsələlərdən birinə çevrildi. Ancaq etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu istiqamətə diqqət yetirmək, paytaxtla yanaşı regionları da inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunu isə şərtləndirən bir sıra amillər mövcud idi. İlk növbədə müstəqilliyin ilk illərində ölkəyə səriştəsiz hakimiyyətlərin, kadrların rəhbərlik etməsi bu inkişafı ləngidirdi. Digər tərəfdən iqtisadi inkişaf və bu inkişafın regionlara yönəldilməsi üçün kifayət qədəf potensial və imkanlar yox idi. Əksinə, ölkənin iqtisadi durumu getdikcə pisləşir, əhali ciddi sosial problemlərlə üzləşirdi. Belə bir vəziyyətdə nəinki ümumilikdə ölkəni, heç paytaxtı belə saxlamaq, onun iqtisadi inkişafını təmin etmək mümkünsüz idi. Azərbaycan iqtisadiyyatı, eləcə də regionların inkişafında ikinci mərhələ 2004-cü ildən başladı desək yanılmarıq. Bu mərhələ ən mühüm, ən nəticəli, perspektivli bir mərhələ idi. Eyni zamanda qarşıya qoyulan hədəflər də çoxşaxəli və nəticəyə hesablanmışdı. Beləliklə, Prezident İlham Əliyev ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və tərəqqisinə nail olmaq məqsədilə 11 fevral 2004-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008 illər)"nı təsdiq etdi. Dövlət Proqramı iqtisadi rayonların bərabər və tarazlı şəkildə inkişafına impuls vermək üçün kompleks tədbirləri özündə ehtiva edirdi. Ona görə də bu sənəd iqtisadi siyasətin ən başlıca hədəflərindən biri oldu. Artıq ölkədə regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramı icra olunub, dördüncüsü icə icra olunmaqdadır. Qətiyyətlə demək olar ki, ümumilikdə, sözügedən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ötən müddət ərzində ölkədə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi sahəsində, o cümlədən iqtisadi rayonlar üzrə həyata keçirilmiş tədbirlər öz real nəticəsini verib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub.
Belə ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 16 ildə ölkədə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, dövlət başçısının sərəncamı ilə əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb. Budan başqa, ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. Bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılması zərurəti yaranıb. Rəsmi məlumata görə, indiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir.
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb: "Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq. Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur".
Dövlət başçısının sadaladığı faktlar deməyə əsas verir ki, ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas məqsədi iqtisadi mexanizmləri daha da möhkəmlətmək, ölkədə sabitliyin təmin edilməsi və xalqın sosial rifah halının yüksəldilməsidir. Etiraf edilməlidir ki, regional proqramlarla paralel həyata keçirilən sosial layihələr vətəndaşlarımızın maddi rifah halının yüksəlməsini təmin edib. Xüsusən, regionlarda yaradılan istehsal bə emal müəssisələri əhalinin məşğulluq probleminin həllində müstəsan rol oynayıb. Elə Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları deməyə əsas verir ki, sözügedən proqram ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayıb. Dövlət başçısı da məlum müşavirədə qeyd edib ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib: "Hesab edirəm ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılmışdır". Artıq əminliklə qeyd etmək olar ki, Regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaq. Çünki, dövlət proqramında hər bir regionun iqlim şəraiti, cöğrafi mövqeyi, ənənəvi məşğuliyyəti nəzərə alınaraq görüləcək işlər nəzərdə tutulub. Üstəlik, dördüncü proqramda nəinki regionlar, eləcə də Bakı və ətraf rayon və qəsəbələrin inkişafı ilə bağlı məsələlər nəzərə alınıb. Bu isə o deməkdir ki, regional proqramlar vasitəsilə ölkəmizin parlaq gələcəyinin özülü yaradılıb.
Alim
Olaylar.az