"Ölkəmizdə aparılan islahatların kontekstində yeni, kreativ və çevik parlamentə ehtiyac var"
"Ölkəmizdə aparılan islahatların kontekstində yeni, kreativ və çevik parlamentə ehtiyac var"
4 Fevral 2020 12:10 Siyasət"Hakimiyyətin icraedici, məhkəmə-hüquq qanadında köklü islahatların aparıldığı bir zamanda qanunverici orqan bundan geri qala bilməzdi. Çünki digər iki müstəvidə gedən islahatların daha dolğun, yetkin olması üçün qanunvericilik sahəsi onlardan öndə getməlidir. Yəni islahatların məzmunu yeni qəbul olunan qanunlarla şərtləndirilməlidir". Olaylar.az bildirir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında politoloq Sahil İskəndərov deyib.
Politoloq deyib: "Əminəm ki, yeni formalaşacaq Milli Məclisdə günün tələblərinə cavab verən, kreativ düşüncəli insanlar görəcəyik. Eyni zamanda, Milli Məclisin tərkibində xeyli cavanlaşma olacaq. Ölkəmizdə aparılan islahatların kontekstində yeni, güclü, kreativ və çevik parlamentə ehtiyac var. İnanıram ki, yeni seçki bunu formalaşdıracaq".
S.İskəndərov qeyd edib ki, Milli Məclisə budəfəki seçkilərdə əvvəlkilərlə müqayisədə daha böyük rəqabət mühiti var.
"Rəqabət üçün meydan böyükdür. Çoxlu sayda namizədin seçilmək üçün mübarizə aparması, seçicilərlə görüşməsi, yeni formatda seçkiyə qatılmaları və belə bir rəqabət mühitinin yaradılması cəmiyyətdə parlamentə, seçki prosesinə yeni yanaşmanın olmasından xəbər verir. Düşünürəm ki, bu, çox müsbət haldır və cəmiyyətin dövlətimizin başçısının həyata keçirdiyi köklü islahatları dəstəkləməsinin göstəricisidir",- deyə Sahil İskəndərov vurğulayıb.