Xarici işlər nazirlərinin görüşü nə vəd edir?- Siyasi analiz
31 Yanvar 2020 14:21 Siyasət
Ermənistanin ən müxtəlif bəhanələrlə danışıqlardan yayınmaq cəhdinə baxmayaraq Azərbaycan tərəfinin yürütdüyü uğurlu diplomatik siyasəti təcavüzkar dövlətin masa arxasına əyləşməsi ilə nəticələndi. Belə ki, cari ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə 29 yanvar tarixində keçirilən görüşü 7 saat davam edib. Məlumata görə, görüşdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış ediblər. Maraqlıdır, 7 saat davam edən görüşün nəticəsi olaraq hansısa razılaşma ehtimalı mümkündürmü?
Siyasi ekspertlər hesab edirlər ki, xarici işlər nazirləri arasında görüşün 7 saat davam etməsi deməyə əsas verir ki, ortada ümumi razılaşdırımış sənəd var ki, onun detallarını müzakirə etmək zərurəti yaranıb. Ola bilər ki, bu görüşdə bütün detallar üzrə razılıq əldə edilməsə də konseptual baxımdan ortada müzakirə üçün sənəd var. Çox güman ki, elə bu səbəbdən də nazirlər görüşün davamlı olması barədə qərar qəbul ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar. Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələlərini müzakirə ediblər. Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllinə və nizamlama prosesinə kömək edəcəklərini ifadə ediblər. Nazirlər həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə dair razılığa gəliblər.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müzakirə edəcəyi bir çox aktual məsələlər var. Ehtimal olunur ki, bu məsələlərin mərhələli həlli nəzərdə tutulur. Ona görə də nazirlər yaxın zamanlarda görüşməyə qərar veriblər. Məlum olduğu kimi Ermənistan müstəqil şəkildə siyasi qərar vermək iqtidarında deyil. Vassal dövlət olan Ermənistan qərar verməzdən əvvəl mütləq öz havadarları ilə məsləhələşməlidir. Minsk qrupunun həmsədr dövlətləri olan Rusiya və ABŞ bəyan ediblər ki, cari ildə Dağlı Qarabağ münaqişəsinin həlli məqsədilə bütün imkanlarından istifadə edəcəklər. Bu isə ona dəlalət edir ki, Ermənistan heç də danışıqlar masası arxasında öz istəyi ilə oturmayıb. Məlum olduğu kimi Ermənistanın təcavüzkar siyasəti təkcə region üçün deyil, eləcə də bütövlükdə beynəlxalq aləm üçün təhdid hesab olunur. Başqa sözlə, Ermənistanın ikiüzlü xarici siyasəti artıq beynəlxalq ictimaiyyəti bezdirib. Görünür Ermənistan siyasi elitasında artıq bu məsələ ciddi narahatçılıq yaradır. Bu kimi səbəblərdən Ermənistan nəinki danışıqlar masası arxasında əyləşmək, hətta danışıqlar predmeti olan sənədin detallarının müzakirəsini vacib sayıb.
Ekspertlərin qənaətinə görə, xarici işlər nazirləri arasında baş tutan danışıqların effektli nəticə verməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də fəaliyyətlərini artırmalıdırlar. Əgər vasitəçi dövlətlər yenə də problemin həllini münaqişə tərəflərinin öhdəsinə buraxsalar, mərhələli görüşlərin də heç bir nəticəsi olmayacaq. Nazirlərin görüşü o halda məhsuldar ola bilər ki, həmsədr dövlətlər münaqişənin həllində beynəlxalq hüquq prinsipini əsas götürsünlər, təcavüzkar dövlətin bu hüquqa hörmətlə yanaşmasını təmin etsinlər. Eyni zamanda, təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirlər planı işləyib hazırlasınlar. Əks halda, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü və Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələr diplomatik cəhdlərdən o tərəfə keçə bilməyəcək.
Düzdür, bu vaxta qədər keçirilən görüşlərin analizi deməyə əsas verir ki, Ermənistan hələ də danışıqlar mərhələsinsə hansısa razılığa gəlmək üçün hazır deyil. Buna nə Ermənistanın siyasi hakimiyyətində, nə də ümumilikdə cəmiyyətdə istək yoxdur. Düşmən dövlət əlindən gələni edir ki, danışıqlar prosesi çöksün və status-kvo olduğu kimi qalsın. Amma siyasi proseslərin gedişi, xüsusən Ermənistanda baş verən siyasi və iqtisadi proseslər deməyə əsas verir ki, status-kvonun hazırki vəziyyətdə qalması qətiyyən mümkün deyil. Çünki status-kvonun dəyişməsi üçün vaxt çoxdan çatıb. Sirr deyil ki, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət ölkəmizin beynəlxalq imicini artırıb, ordumuz dünyanın ən nüfuzlu ordular sırasında yer alıb. Ermənistanın bu reallığı dərk etməsi isə ona dəlalət edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və torpaqları işğaldan azad olunmalıdır. Hələlik bunun yolu danışıqlar masasından keçir.
Nurlan
Olaylar.az