Azərbaycana qarşı qərəzli kampaniyaya start verilib

Azərbaycana qarşı qərəzli kampaniyaya start verilib

"AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil"

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin vaxtı daraldıqca ölkəmizin qanına susamış xarici dairələrin fəallığının artması müşahidə olunur. Məlum olduğu kimi Azərbaycanda hər hansı bir mötəbər tədbirin, yaxud da seçkilərin keçirilməsi ərəfəsində ölkəmizi gözdənsalma kampaniyasına start verilir. Yanvarın 29-da AŞPA-nın KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi də sözügedən kampaniyanın tərkib hissəidir. Ölkəmizə qarşı xüsusi qərəzi elə seçilən bu qurum "köhnə bayatıları" gündəmə gətirməklə Azərbaycanı gözdən salmaq niyyətindən əl çəkmir. Elə sənəddə əksini tapmış əsassız tənqidlər də əvvəllər olduğu kimi heç bir sübuta, fakta əsaslanmır, bu isə qurumun ölkəmizə qarşı növbəti qərəzi olduğunu təsdiqləyir. Yeri gəlmişkən qeyd edək ki, qurumda təmsil olunan ermənipərəst parlamentarilərin məqsədi müstəqil siyasət yürüdən dövlətlərdə iğtişaşlar, qiyamlar yaratmaq, həmin ölkələri müti köləyə çevirmək və dünya ictimaiyyətində Azərbaycan haqda mənfi obraz yaratmaqdır. Azərbaycan kimi müstəqil dövlətlərin varlığı bu tip adamları həmişə narahat edir. Sözügedən məsələ ilə bağlı Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində yazıb ki, AŞPA zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib: "Avropa Şurası Parlament Assambleyasının zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın Avropada KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi, onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb. Bütün bunların fonunda AŞPA-nın yuxarıda qeyd olunan qətnaməsində Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı "repressiyalara" son qoymağa çağırması təəccüb doğurmaya bilməz. Təkcə onu demək kifayətdir ki, Avropanın nüfuzlu beynəlxalq qurumlarından biri olan AŞPA özünün uydurduğu "repressiyaların" nədən ibarət olmasını aydın şəkildə izah edə bilmir. Azərbaycana qarşı "ittihamları" əsaslandırmaq üçün bu mötəbər qurumun istifadə etdiyi 2 "arqumenti" nümunə olaraq gətirmək istəyirəm. Birinci arqumentin mahiyyəti ondan ibarətdir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Belə bir təklifin (yaxud tələbin) səsləndirilməsinin insan hüquqları və qanunun aliliyi prinsipləri baxımından nə dərəcədə doğru və ədalətli olmasını buraxaq vətəndaşların öz mühakiməsinə. Belə çıxır ki, AŞPA Azərbaycanı hansısa niyyətlər xatirinə tənqid etmək naminə jurnalistləri ayrıca bir kastaya ayırmaq dərəcəsinə qədər qeyri-demokratik yanaşma nümunəsi ortaya qoymaqdan belə çəkinmir. Əgər jurnalist qanunları pozursa, cinayət törədirsə, digərlərinə qarşı böhtan atır, günahsız insanları ən ağır şəkildə təhqir edirsə, deməli, onlara qarşı heç bir hüquqi tədbir görülə bilməz və görülməməlidir. Bəs belə olan halda, jurnalistin əməlləri nəticəsində, təhqir olunan və mənəvi terrora məruz qalan insanların hüquqları necə qorunmalıdır?".

YAP sədrinin müavini onu da bildirib ki, AŞPA-nın məlum qətnaməsində Azərbaycana qarşı "iddia" həm də jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunması kimi absurd arqumentə əsaslanır: "Guya hakimiyyət bu yolla jurnalistləri ələ alır. Azərbaycanda mənzilə ehtiyacı olan bir çox kateqoriyadan olan insanlar dövlət tərəfindən mənzillə təmin olunur. Bunların ən çoxsaylısı məcburi köçkünlərdir. Hər il Azərbaycan dövləti məcburi köçkünlərin evlə təmin olunması üçün yüz milyon manatlarla vəsait ayırır. Xatırlatmaq yerinə düşərdi ki, əhalinin bu kateqoriyasının məskunlaşdığı şəhərciklərin sayı, artıq 100-ü keçib. Yaxşı olardı ki, AŞPA, üzvü olduğu Azərbaycanın əhalisinin 10 faizinin, 1 milyon insanın Ermənistanın təcavüzü səbəbindən məcburi köçkün vəziyyətinə düşməsinə diqqəti çəkəydi, təcavüzkarın geri oturdulması, ədalətin bərpa edilməsinə azacıq töhfə verəydi. Lakin bunu etmək əvəzinə, Azərbaycanı tənqid etmək üçün bəhanələr axtarır və olmayanda isə uydurur".

Əli Əhmədov, onu da bildirib ki, AŞPA əsaslanmamış faktlar olmadan hər şeyə siyasi don geydirməyə adət edib: "Onu da, deməliyəm ki, Azərbaycana qarşı təcavüzün qurbanları olan Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlilləri də dövlət tərəfindən mənzillərlə təmin olunur. Digər kateqoriyadan olan əhali də var ki, onlar da dövlətin güzəştli mənzillər proqramından faydalana bilirlər. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin ayrı-ayrı istiqamətləridir və AŞPA-nın jurnalistlərin mənzillərlə təmin olunmasına siyasi don geydirməyə çalışması, yumşaq desək, təəccüb doğurur. Ən azından, obyektiv yanaşma onu tələb edir ki, jurnalistlərə qayğı göstərməyə çalışan Avropa qurumu Azərbaycan hakimiyyətinin bu addımını təqdir etməli idi. Lakin AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyi əvvəlcədən proqramlaşdığından, onun alqoritmində hər hansı müsbət yanaşmaya yer yoxdur və jurnalistlərin mənzilə olan ehtiyaclarının ödənilməsinə dövlət yardımı mahiyyətcə, sosial ədalət baxımından, təqdirəlayiq hadisə olmasına rəğmən, sözügedən qurumun tənqidinə tuş gəlib. Görünür, AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var. Belə olmasaydı, qurum Azərbaycanda jurnalistlərə və onların fəaliyyətinə münasibəti qiymətləndirərkən, dövlət tərəfindən mövqeyindən asılı olmayaraq, bütün KİV-lərin borclarının dəfələrlə silinməsi ilə əlaqədar qəbul etdiyi qərarlar sözügedən qətnamənin qəbul olunmasına səs verənlərin yadına düşərdi. Lakin AŞPA qərarverənləri bu barədə susurlar, çünki onlara, nəyin xatirinə olur-olsun, ölkəmizi və hakimiyyəti tənqid etmək üçün "arqument" lazımdır".

Əli Əhmədov Avropanın sözügedən mötəbər qurumunun belə qərəzli olmasını həmin qurumun nüfuzuna böyük zərbə vurduğunu da söyləyib: "Lakin hər cür qərəz ilk, növbədə, AŞPA-nın nüfuzuna zərbə vurur, onun səviyyəsini aşağı salır və obyektivliyinə şübhə yaradır. Arzu edərdik ki, Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilat daşımalı olduğu missiyanı ləyaqətlə yerinə yetirsin, konyukturaya uymasın, ədalətsiz və qərəzli olmasın. Demək istədiyim başqa bir şey də var. AŞPA-nın qərəzli qətnaməsi radikal müxalifəti, deyəsən, yaman sevindirib. Az qala toy-bayram edirlər. Nədənsə, Azərbaycana qarşı haradasa problem yaradılırsa, ölkəmizə kimlər tərəfindənsə iftiralar uydurulursa, radikallar sevinir. Görünür, vaxtilə bolşeviklərin tətbiq etdiyi taktikanı yaxşı mənimsəyiblər, ona görə də, hər vəchlə çalışırlar ki, müxtəlif hesabatlarda Azərbaycan haqqında tənqidlər səsləndirilsin. Ancaq başa düşə bilmirlər ki, bizim üçün ən vacibi xalqın rəyidir. Xalq isə, öz dövlətini sevir, Prezident İlham Əliyevə inanır və Onun siyasətini qətiyyətlə dəstəkləyir".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31