Asim Mollazadə AŞPA-da Avropadakı ksenofobiyaya etirazını bildirib

Asim Mollazadə AŞPA-da Avropadakı ksenofobiyaya etirazını bildirib

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "20 Yanvar faciəsinin 30-cu ildönümü - müstəqil Azərbaycan xalqının yenidən dirçəlişi" adlı paneldə çıxış edib. "Olaylar" xəbər verir ki, millət vəkili qeyd edib ki, sovet qoşunlarının törətdiyi qırğınlar insanların müstəqillik arzusunu boğmaq məqsədilə baş vermişdi. Lakin Sovet İttifaqının rəhbərliyi öz niyyətinə çata bilmədi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyinin bərpasında dönüş nöqtəsi oldu və çox keçmədi ki, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Asim Mollazadə qeyd edib ki, Azərbaycan xalqı öz müstəqilliyini əldə etməyin cəzasını torpaqlarının işğal olunması ilə ödədi: "Bu gün həm Azərbaycanın, həm Gürcüstanın, həm Moldovanın ərazilərinin 20%-i hələ də işğal altındadır. Bu ölkələr azadlığın, müstəqilliyin bədəlini vətəndaşlarının canları və torpaqlarının itirilməsi ilə ödədilər".

Asim Mollazadə AŞPA-nın ümumi toplantısında isə Azərbaycanın multikultural dəyərlərindən bəhs edərək hazırda Avropada geniş vüsət almağa başlayan ksenofobiyadan narahatlığının ifadə edib: "Mənim ölkəm Avropanın dəyərlərini çoxdan qəbul edib, xüsusilə də tolerantlıq dəyərlərini. Yüz illərdir mənim ölkəmdə müsəlmanlar, yəhudilər və xristianlar birlikdə qardaşcasına yaşayırlar. Bu gün Avropada dinlərlə bağlı məsələlər başqa istiqamətə yön alıb. İnsanlar qapalı geyimlərdən qorxurlar, hicabla küçəyə çıxanlara hücum edirlər. Bu, çox təhlükəli siqnaldır. Bizi Avropada hazırda mövcud olan antisemitizm, antiislamizm, ksenofobiya çox narahat edir. Fərqli dinlərə, fərqli etnik mənsubiyyətlərə çoxmədəniyyətliliyin bir hissəsi kimi baxmaq lazımdır. Biz Avropada  rasizmə, antiislamizmə və antisemitizmə yox deyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31