Müharibə veteranları Siyavuş Novruzovla bağlı birgə bəyanat yaydı

"Azərbaycanın layiqli övladlarına səs verək!"

Bir qrup veteran təşkilatı millət vəkilliyinə namizəd, müharibə veteranı Siyavuş Novruzovla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Hörmətli Həmvətənlərimiz!

Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərində 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Əfqanıstan, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmiş müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

Siyavuş Novruzov Milli Məclisin Ictimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq, hər zaman sözügedən qurumların fəaliyyətinə dəstək verib, günün reallıqları ilə səsləşən yeni qanunların hazırlanması və qəbulu təşəbbüsü ilə çıxış edib.

O, hər zaman müharibə və əmək veteranlarına, hərbi qulluqçulara, əlillərə, şəhid ailələrinə diqqət və qayğı göstərmiş, onların həyat və məişət şəraitinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Əminik ki, Siyavuş Novruzov yenidən Milli Məclisdə təmsil olunacağı halda xalqımızın layiqli nümayəndəsi kimi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin rifahının daha da yaxşılaşmasında, sosial yönümlü qanunların qəbul olunmasında bundan sonra da fəal iştirak edəcək.

Hörmətli seçicilər, hamılıqla Siyavuş Novruzova səs verək!"

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

"Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyi

"Çernobı Əlilləri" İttifaqı İctimai Birliyi

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti

"20 Yanvar" İctimai Birliyi 

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31