"Qənirə xanım ləyaqətli Vətən övladıdır" - Sürəyya İsmayılova
30 Yanvar 2020 10:45 Siyasət"Qənirə xanım illərdi mənim doğma ata ocağımın yerləşdiyi 105 saylı Tovuz seçki dairəsindən dalbadal deputat seçilir. Mən dəfələrlə eşitmişəm ki, başqa bölgələrin insanları tovuzlu olduğumu biləndə sanki həsrətlə deyirlər ki, keşkə Qənirə kimi deputatımız olaydı. Onu da çoxlarından eşitmişəm ki, Qənirə Ələsgər qızı Paşayeva Azərbaycanın istənilən dairəsindən yekdilliklə seçici səsi toplayıb bizim el ağzıyla desək, "şıppıltı ilə" deputat seçilə bilər. Mən müşahidə elədiyimi, bildiyimi yazıram və qətiyyətlə deyirəm ki, o təkcə öz seçicilərinin deyil, bütövlükdə Tovuzun, Azərbaycanımızın, dünyadakı soydaşlarımızın hamısının sanki bir elçisi olaraq onların müraciətlərinə diqqətlə, canıyananlıqla yanaşır. O, özündə, deyərdim ki, əsl insan xarakterini birləşdirərək insanlıq fəlsəfəsini formalaşdırıb. Görmüşəm ki, övlad həsrətilə qovrulanlara bala bəxş edilməsinə vəsilə olub, yolda olanlara, darda qalanlara, xəstələrin şəfa tapmasına, imdad diləyənlərin harayına yetməsinə, təhsil almaq istəyən qızlara necə canıyananlıqla yanaşıb onların dərdinə əlac qılır. Bu deputat xanımımızı hamı tələbələrin mənəvi anası kimi tanıyır. Elmdə inkişaf etmək istəyənlərə, həyat qarğaşalarında büdrəyənlərin dadına yetdiyini görəndə bir qadın, ana və xanım kimi mən də həmişə onunla qürur duymuşam. Deməliyəm ki, Qənirə xoş auraya malik yol yoldaşı, əsl övlad, bacı, alovlu vətənpərvər, bir sözlə çox bacarıqlı, qabiliyyətli və ləyaqətli Vətən övladıdır.
Tale elə gətirib ki, onunla "Addım-addım Türkiyə" layihəsi çərçivəsində qardaş ölkəni eninə-uzununa gəzib görüşlər keçirmişik. Bizim tovuzluların ləhcəsini daşıyan Qaqauziyaya, Yaponiyaya, Avstraliyaya, İndoneziyaya, Malaziyaya, İsveçrəyə və Azərbaycanımızın ayrı-ayrı guşələrinə onunla yol yoldaşı olarkən bu xanım-xatın balamızı bir daha yaxından tanımışam. Onun qaçqın, köçkün, şəhid ailələrinə, əlavə sosial müdafiəyə ehtiyacı olanlara, müharibə veteranlarına, əlaçı şagird və tələbələrə, qayğıya ehtiyacı olanlara, bir sözlə hamıya necə həssas yanaşıb qayğı göstərdiyini öz gözümlə görmüşəm. Onun bu tükənməz enerjisini, yorulmazlığını seyr eləyəndə ürəyimdən keçirmişəm ki, maşallah olsun! Allahın cəlalına çox şükür! Böyük Yaradan seçdiklərinə bax belə böyük ürək də, iradə də, səbr, dözüm də, bitib-tükənməyən həyat şirəsi də bəxş edib! Mən onunla birgə səfərdə olanda anlayıb başa düşmədim ki, o necə yatır, insanlarla bu qədər görüşü necə çatdırır və ümumiyyətlə o normal durub dincələ bilirmi?! Bunları söyləyərkən ürəyimdən keçir ki, keşkə Qənirə kimilərimiz çox olaydı və belə olan halda adamlarımızın, seçicilərin həyatları daha da yaxşılaşardı, Azərbaycan həqiqətləri, milli-mənəvi dəyərlərimiz dünyaya yetərincə çatdırılardı.
Ürəyim lap doludu, nə qədər yazsam da bu layiqli xadimimizin, öz fəaliyyəti ilə Milli Məclisin deputatı necə olmalıdır etalonunu yaratmış Qənirə Paşayevanın bütün fəaliyyətini açıb göstərməkdə qələm acizdir. Bircə arzumu dilə gətirib böyük enerjimi ona ötürərək bildirmək istəyirəm ki, yolun həmişə açıq olsun, həmişə insanların dadına bax belə yetiş və biz səninlə fəxr edirik, sevimli Qənirə xanım! "
Sürəyya İsmayılova (Aşıqlı)
"işgüzar Qadınlar İctimai Birliyinin" sədri
P.S Sürəyya İsmayılova Tovuz rayon Qovlar şəhər sakinidir. Sahibkardır, iş adamıdır. İsmayılova Sürəyya Əhməd qızı 17.03.1954-cü ildə Tovuz rayon Qovlar şəhərində anadan olub . 1972-ci ildə Azərbaycan Politexnik Institutunun " Mühəndis texnologiya " fakultəsinə qəbul olub, 1977-ci ildə bitirib. 1974-cü ildə Bakı 1saylı Tikiş fabrikində işləyib . 1983-cü ildə Bakı Tikiş istehsalat birliyində Baş mühəndis vəzifəsində işləyib . 1991-ci ildən Qovlar şəhər Tikiş birliyində baş direktoru vəzifəsində çalışıb. 1995-ci ildən kənd təsərrüfatı ilə məşğuldur.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.