Treninqlər məntəqə seçki komissiyaları üzvlərinin peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır
Treninqlər məntəqə seçki komissiyaları üzvlərinin peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır
29 Yanvar 2020 17:02 SiyasətFevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində məntəqə seçki komissiyalarının sədrləri və aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilən treninqlər Bərdə rayonunda uğurla davam edir. "Olaylar" məlumat verir ki, 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyev bildirib ki, treninqlər məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır. MSK-nın treninq qrupunun təqdim etdiyi cədvələ əsasən treninqlərə 93 saylı dairənin tərkibinə daxil olan 50 seçki məntəqəsindən 300 nəfər komissiya üzvü cəlb edilib. Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən "Trenerlər üçün treninq" kursunda iştirak etmiş Müşfiq Əliyev və Dilsuz Nəcəfov aparırlar.
Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı "Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması" mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və suallar cavablandırılır. Treninq zamanı, həmçinin səsvermə proseslərinə dair praktiki tapşırıqlar da icra edilir.Treninqlərdə bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunur.