Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 2020 15:47 SiyasətYanvarın 29-da Şirvan Şəhər Polis Şöbəsində 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş regional seminar-müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 17 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak edib. Şirvan Şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev çıxış edərək seçki subyektləri, onların hüquq və vəzifələri, qanunsuz müdaxilənin yol verilməməsi ilə bağlı fikirlərini bölüşüb, Milli Məclisə seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi ilə bağlı şəhər polis şöbəsində görülən işlərdən danışıb. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov "Seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları" mövzusunda çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd seçki qanunvericiliyinin və səsvermə günü polisin üzərinə düşən vəzifələrin və ictimai qaydaların qorunmasının izah edilməsidir. Qeyd olunub ki, polis orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də, onlar yerlərdə seçki mühitinin yaranmasında, seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar.