Ölkəmiz qarşısında yeni perspektivlər açılıb- Təhlil

Ölkəmiz qarşısında yeni perspektivlər açılıb-Təhlil

Həyata keçirilən uğurlu siyasət buna imkan yaradır

2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat verir. Belə ki, ötən il ölkədə sosial sahədə inqilabi addımların atılması heç kimə sirr deyil. 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin dövlət başçısı tərəfindən təqdim edilməsi mühüm nailiyyətlərindən hesab olunur. Paralel olaraq, sosial ödənişlərdə edilmiş ciddi artımlar beynəlxalq alımdə ən yüksək səviyyədə dəyərləndirilib. Məlumat üçün qeyd edək ki, prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı  Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST" proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib. Hazırda Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlər davam etdirilir.  Millət vəkili Hadı Rəcəbli deyir ki, parlamentin sosial qanunvericilik sahəsi ağrılı bir sahədir, çünki cəmiyyətin həssas təbəqələri bu sahə ilə bağlıdır. Onun sözlərinə görə, ötən dövr ərzində sosial sfera ilə əlaqədar mühüm islahatlar həyata keçirilib: "Ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ötən ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi". Millət vəkili qeyd edib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev hələ 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra sosial islahatların anonsunu vermişdi: "Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Öz vədinə sadiq qalaraq 2019-cu ilin əvvəlindən əhatə dairəsi kifayət qədər geniş olan sosial islahatların həyata keçirilməsi ilə bağlı bir sıra hallarda inqilabi səciyyə daşıyan qərarlar qəbul etdi, çoxsaylı Fərman və sərəncamlar imzaladı. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı reallaşdırılan sosial islahatları ötən ilin mühüm uğurları kimi səciyyələndirərək vurğulayıb: "Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır". Qeyd etdiyim kimi, ölkəmizin ardıcıllıqla reallaşdırdığı dərinməzmunlu sosial siyasətində əhalinin həssas qruplarının, aztəminatlı insanların, o cümlədən də müəyyən güzəşt hüquqlarına malik ailələrin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərilir. 2019-cu ildə respublikamızda minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artıb. Həyata keçirilən sosial tədbirlər 4.2 milyon insanı əhatə edir. Bu siyasətə uyğun olaraq sosial infrastruktur quruculuğu da geniş vüsət alıb. Təkcə, ötən il ölkə üzrə 60 tibb müəssisəsi, 84 məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Ötən il iki mərhələdə reallaşdırılan sosial məzmunlu islahatların maliyyə yükü kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, 2019-cu ildən başlayan və perspektivdə də davam etdiriləcək sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.Yəni, bu məsələ ilə bağlı indiyə qədər çox danışılıb. Ona görə də mən bütün bunları təkrarlamaq istəmirəm. Prezidentimizin siyasətinin baş məqsədi əhalinin sosial rifahının daha da yüksəldilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş amili dayanır".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31