“Seçki prosesi tam beynəlxalq standartlara uyğundur” - Bəhruz Quliyev

“Seçki prosesi tam beynəlxalq standartlara uyğundur” - Bəhruz Quliyev

"Qarşıdan gələn parlament seçkiləri ilə bağlı heç bir problem yoxdur, MSK və digər müvafiq strukturlar tərəfindən ən şəffaf və demokratik mühit yaradılıb". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bəzi müxalifət partiyalarının namizədlərinin müxtəlif bəhanələr gətirməklə seçki prosesinə ləkə salmaq cəhdlərinə münasibətini açıqlayarkən deyib. 

Onun sözlərinə görə, bu gün ölkədə seçkiöncəsi mühit əvvəlkilərdən daha da fərqlənir və yaradılan imkanların hər birində namizədlərin özlərinin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün ən yaxşı şəraitlər yaradılır: "Müsavat Partyasının əsassız iddiasına gəlincə isə, onu deyə bilərəm ki, onların gah efir vaxtının verilməməsindən, gah dairə-seçki komissiyasında süni maneələrin yaradılmasından gileylənmələri onlların bəri başdan zəifliklərini etiraf etməklə əlaqələndirmək olar. Bu gün kifayət qədər müxalifət partyalarının namizədləri qeydiyyatdan keçərək çox rahat, demokratik tərzdə kampaniyalarını aparırlar. Hansı partiyada ki, məğlubiyyət indidən hiss olunursa, müxtəlif bəhanələrlə belə görüntü yaradılması da anlaşılandır."

Siyasi ekspert bildirir ki,  müsavat namizədləri də təşviqat dövründə artıq qarşıda onları nə gözlədiyini anlayırlar: "Bu isə nə MSK-nın nə də seçki ilə bağlı olan digər qurumların təqsiri deyil. Onsuz da ictimai rəy bu kimi müxalifətçilərin öz zəifliklərini başqalarında axtarmalarının kifayət qədər şahidi olub. Yaxud, digər müxalifətçi namizədlər nəyə görə eyni "ittihamlarla" çıxış etmirlər? Bu məlumdur ki, müsavatçı namizədlərin seçkilərə qatılaraq, prosesə ləkə vurmaq cəhdləri müəyyən dairələrin sifarişidir. Necə ki, AXCP və "Milli Şura" öz təbirlərincə "boykot taktikası" adı altında həmin sifarişlərin digər istiqaməti üzrə qarayaxma kampaniyaları aparırlar. Amma gördüyümüz kimi, bu kampaniyalar uğursuzluqla nəticəsini tapır. İstər namizədlərin çoxluğu, istərsə də onların hər birinin seçkiyə inamla getmələri bu kimi stereotipləri sözün əsl mənasında məhv edir."

Bəhruz Quliyev bildirib ki, belə bəhanələrlə seçki prosesinə ləkələmək cəhdləri nəticəsiz qalacaq və beynəlxalq aləm də seçkinin tam demokratik  standartlara cavab verəcəyinin şahidi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31