Parlament seçkisinə qatılan namizədlərin potensialı yüksək qiymətləndirilir- TƏHLİL
Parlament seçkisinə qatılan namizədlərin potensialı yüksək qiymətləndirilir-TƏHLİL
29 Yanvar 2020 13:16 Siyasət- Azərbaycan dövləti onları ehtiyat kadr bankı hesab edir
Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinin vaxtı daraldıqca siyasi mübarizə fəallığı müşahidə olunur. Təəssüf ki, bəzi siyasi partiyalar qalibiyyət əldə etmək üçün yeni seçki texnologiyaları tətbiq etmək, seçicilərin səsini qazanmaqdan ötrü real seçki platforması ilə çıxış etmək əvəzinə, oponentlərini tənqid etmək və ya seçki prosesində pozuntu axtarmaq yolu tutublar. Belə ki, bəzi siyasi partiyalar və namizədlər seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddialar səsləndirirlər. Qətiyyətlə demək olar ki, həmin ittihamlar heç bir fakta əsaslanmır və reallıqdan tamamilə uzaqdır. Maraqlı məqam ondan ibarətdir ki, inidiyə qədər qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına heç bir müraciət daxil olmayıb. Müxalifət bu hüququndan istifadə etmək əvəzinə, sosial şəbəkələrdə əsassız iddialarla çıxış edir. Azərbaycan dövləti isə Milli Məclisə seçkilərə qatılmış namizədlərin potensialını yüksək qiymətləndirir, onları ehtiyat kadr bankı hesab edir və qarşıdan gələn dövrdə də ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu insanların imkanlarından yararlanmaq niyyətindədir. Məsələn, elə bu məqsədlə Yeni Azərbaycan Partiyası namizədliyi irəli sürülmüş şəxslərin siyahısında mütərəqqi yenilik edib. Yeri gəlmişkən xatırladaq ki, hər yeni seçkidə YAP-ın sıralarında ciddi yenilik müşahidə olunur. Daha dəqiq yeni, gənc partiya üzvləri seçkilərə qatılırlar. Millət vəkili Əli Hüseynli hesab edir ki, bu, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyətinin bir təzahürüdür: "Partiyamızda yaşlı nəsil ilə gənc nəsil arasında varislik prinsipi mövcuddur. Xatırlayıram ki, 2000-ci ildə mən də millət vəkili seçiləndə daha gənc idim, o zaman gənc olaraq daha yaşlı nəsli əvəz edirdik. Bu baxımdan, YAP-ın bu fəaliyyəti təqdirəlayiqdir və digər partiyalar üçün də nümunədir. Bu dəfəki seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlər arasında kifayət qədər yeni simalar var. Əlbəttə ki, bu, partiya rəhbərliyinin qərarıdır və bu qərarı dəstəkləyirik. Namizədlər arasında həm hazırkı millət vəkilləri, həm də müxtəlif sahələri təmsil edən yeni insanlar var. Mən ilk dəfə namizədliyi irəli sürülən şəxslərin bəzilərini tanıyıram. Xüsusilə hüquqşünas həmkarlarım barədə deyə bilərəm ki, onlar xaricdə təhsil almış peşəkar insanlardır. Və əminəm ki, onlar seçkilərdə uğur qazanacaqlar və parlamentdə peşəkar hüquqşünasların sayı artacaq". Deputat Nəsib Məhəməliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə ilk növbədə 750 minə yaxın, ölkənin ictimai siyasi həyatında fəal rol oynayan, respublika Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti, islahatları təbliğ edən, dəstəkləyən mütəşəkkil bir qüvvə ilə gedir: "Ötən illərin xronikasına və beynəlxalq təşkilatların dünya ölkələri və Azərbaycanla bağlı bir çox reytinqlərinə baxmaq kifayətdir ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə görülən işlərin miqyasını dərk edəsən. İqtisadiyyatdan tutmuş sosial siyasətə, infrastruktur layihələrin icrası, nəqliyyat, yol tikintisi, ordu quruculuğu, sahibkarlığın, sənayenin, aqrar sektorun inkişafı, tikinti quruculuq, abadlıq işlərinin aparılması, qaçqın və məcburi köçkünlərin, əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, transmilli layihələrin icrası bir çox sahələrdə ciddi nailiyyətlər əldə olunmuşdur. Bu inkişafın geniş kütlələlərə çatdırılmasında, təbliğ olunmasında hər bir partiya üzvünün əməyi danılmazdır". Millət vəkili hesab edir ki, qanunvericilik sahəsində islahatların aparılması müasir dövrün çağırışlarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, o cümlədən qanunvericilik sahəsində islahatlar ölkəmizin inkişafına töhfələrin verəcəyi şübhəsizdir: "Müasir dövrün çağırışları əsasən ondan ibarətdir ki, hər bir dövlət ilk növbədə öz müstəqilliyini, suverenliyini, milli təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, daxili bazarını qorusun. Dünyada və regionda baş verən hadisələri düzgün qiymətləndirərək iki tərəfli, bərabərhüquqlu əməkdaşlıq etsin, iqtisadiyyatını, infrastrukturunu inkişaf etdirsin, milli valyutasını xarici təsirlərdən qorusun, makroiqtisadi sabitliyi təmin etsin. Eyni zamanda, elmi texniki tərəqqini təmin etmək üçün insan kapitalını inkişaf etdirsin və beynəlxalq aləmdə rəqabətə davamlığı təmin etsin. Müasir dövrün aktual çağırışlarını nəzərə alan ölkə Prezidenti bütün sahələrdə olduğu kimi qanunverici sahədə də islahatların aparılmasını dəstəklədi və düşünürəm ki, fevral ayının 9- da seçiləcək parlament, cənab Prezidentin apardığı çoxşaxəli islahatları dəstəkləyəcək, qanunların operativliyini təmin edəcəkdir. Nəticədə xalqımız daha da güclü inkişafın şahidi olacaq, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənəcək". Yeri gəlmişkən xatırladaq ki, prezisent İlham Əliyevin önəm verdiyi "İnsan kapitalı" prinsipinin bütün dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olmasının zəruriliyi və bu sahədə peşəkar insan ehtiyatının hər bir ölkənin sərvəti hesab edilməsi faktdır. Bu baxımdan düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Siyasi ekspertlər hesab edirlər ki, dövlət idarəçiliyi sferasının spesifikliyini nəzərə alaraq, burada təcrübə varisliyi prinsipi ilə yanaşı, yaradıcı təkamül, novatorluq, çeviklik prinsipləri də əhəmiyyətini artırır və bütün dünyada müvafiq sahədə işin qurulmasında nəzərə alınır. Ölkəmizdə ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət idarəçiliyində də ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı və inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Düzgün kadr siyasəti dövlət idarəçiliyində səmərəliliyin artırılmasında da müstəsna rol oynayır. Belə ki bu, istər qərarların qəbulu, istərsə də icra prosesində fəaliyyətin keyfiyyətini müəyyən edən amildir. Dövlət orqanları tərəfindən məqsədəuyğun şəkildə aparılan kadr siyasəti bütövlükdə ictimai həyatın şəffaflaşdırılmasında da böyük rol oynayır. Digər tərəfdən bu, kadrların rotasiyasının aşkar mexanizmlərini, ümumilikdə dövlət idarəçilik sisteminin funksionallığını artırır.
Nurlan
Olaylar.az