Müxalifəti özünüsığortalama cəhdi- Siyasi analiz
Müxalifəti özünüsığortalama cəhdi-Siyasi analiz
29 Yanvar 2020 13:14 SiyasətAzərbaycanda şəffaf və ədalətli seçki keçirilməsi üçün münbit şərait yaradılıb
Azərbaycandakı müxalifət qüvvələri ənənəvi fəaliyyət prinsiplərindən əl çəkmək niyyətindən vaz keçməyiblər. Ölkədə həyata keçirilən istənilən siyasi aksiyadan öz mənafeləri üçün istifadə etməyə adətkar olan müxalifət bu dəfə 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərini hədəfə alıb. Siyasi ekspertlər seçki barədə müxalifətin səsləndirdiyi fikirləri özünüsığortalama cəhdi kimi qiymətləndirsələr də, ölkəmizə qarşı qərəzli münasibətilə seçilən beynəlxalq təşkilatların həmin ittihamlara istinad etməyəcəklərinə təminat yoxdur. Reallıqda isə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq vəziyyəti beynəlxalq standartlara uyğundur. Lakin bunun əksinə olaraq parlament seçkisinə qatılan bəzi siyasi partiyalar (Müsavat, REAL) və şəxslər təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və sair kimi iddialar daxildir.
Qüsursuz seçki prosesi qeyri-mümkündür
Qeyd edək ki, heç bir ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması kimi pozuntular və neqativ hallar müşahidə olunur. Hətta ən inkişaf etmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə bu kimi faktlar kifayət qədərdir. Məsələn, ABŞ-da keçirilən sonuncu prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət etmişdi. Şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlı olmuşdu. Heç kimə sirr deyil ki, ABŞ illər boyudur ki, dünyaya azad və ədalətli seçkilərdən danışır, necə deyərlər, digər dövlətlərə bu sahədə ağıl öyrədir, müxtəlif ölkələrdə keçirilən seçkilərə qiymət verir, hətta onları boykot edir. Lakin seçkilər zamanı əsas namizədlərindən biri, qalib olmağa iddialı bir şəxs seçki prosesində qanunsuzluqlardan şikayət edir. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq müşahidəçilər hesab edirlər ki, dünyanın heç bir ölkəsində ABŞ-dakı qədər arxaik, qüsurlu və ciddi islahatlara ehtiyacı olan seçki sistemi yoxdur. Şimal qonşumuz Rusiyada keçirilən 2016-cı il parlament seçkilərində seçki məntəqələrindəki kameralar topa bülleten atılma hallarını lentə alınmışdı ki, bu da ciddi ceçki saxtakarlığı kimi qiymətləndirilirdi. Ekspertlərin qənaətinə görə, sözügedən saxtakarlıq seçkilərin nəticələrinə təsir edə biləcək hal hesab olunurdu. Gürcüstanda keçirilən parlament seçkisində də çoxlu sayda seçki saxtakarlığı qeydə alınmışdı. Belə ki, bəzi seçicilərin barmaqlarında əvvəl səs verdiklərini göstərən bənövşəyi rəng olsa da, onlar yenidən məntəqəyə qəbul edilərək ikinci dəfə səs vermişdilər. Bundan əlavə, Gürcü Arzusu Partiyasının nümayəndələri seçicilərlə birlikdə pərdə arxasına girərək, öz partiyalarına səs vermişdilər. Hətta onlar açıq-aşkar bülletendə Gürcü Arzusu Partiyasının nömrəsini, 41-i işarələyib seçki qutusuna atırmışlar. Nəticədə komissiya üvləri ilə partiya nümayəndələri arasında qarşıdurma yaranmışdı. Hətta Marneuli rayonu, Qızılhacılı kəndindəki 50-ci seçki dairəsində yaranmış qarşıdurmadan sonra kəndə polis qüvvələri yeridilmişdi. Təcavüzkar dövlət olan Ermənistanda isə şəffaf və demokratik seçkilərin keçirilməsindən danışmağa dəyməz. Azərbaycanda isə bütün bələdiyyə, parlament və prezident seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün şərait yaradılır. Ölkəmizdə mövcud olan bu siyasi iradə əksər beynəlxalq təşkilatlar tərəfindən etiraf edilib.
Bərabərlik və ədalət prinsiplərinə əsaslanan seçki
Məlum olduğu kimi bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. Ekspertlərin qənaətinə görə, seçkilərdə əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Hazırda Azərbaycanda keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək tendensiya müşahidə olunmur. Əksinə, siyasi qüvvələrin və fərdi namizədlərin seşkidə iştirakını təmin etmək məqsədilə yaradılan münbit şərait rekord sayda namizədlərin qeydə alınmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. KİV-lərin və sosial medianın hətta səthi monitorinqi onu deməyə əsas verir ki, namizədlər fəal təşviqat kampaniyası aparmaqda heç bir problemlə üzləşmirlər.Təkcə bu fakt parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını əyani şəkildə təsdiq edir.
Şəffaf seçki üçün yaradılan şərait
Həmçinin Azərbaycanda seçkilərin normal keçirilməsi üçün seçki komissiyalarının hərtərəfli fəaliyyət göstərmələrinə də əlverişli şərait yaradılıb. Mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ən müasir tələblər səviyyəsində inzibati bina və yüksək texniki avadanlıqlarla təchiz edilməsi bu istiqamətdə görülən işlərə əyani misaldır. Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər, bu imkanlardan yetərincə yararlanırlar. Namizədlər hər bir yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər. Bəzi hallarda plakatların cırılması yolverilməz haldır. Lakin yüksək rəqabətlilik şəraitində keçən seçkilərdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni üsullardan istifadə etməsi faktları da mümkündür ki, bununla bağlı seçki orqanlarına müraciət etmək zəruridir. Onu da qeyd edək ki, müvafiq quqrumlar tərəfindən heç bir namizədin müraciəti diqqətdən kənarda qalmır, araşdırılaraq müvafiq qərar qəbul edilir. Namizədlərin qeydə alınması prisesində Mərkəzi Seçki Komissiyasına edilən müraciətlərin qanunauyğun həll edilməsi buna əyani misaldır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hər hansı neqativ halla bağlı MSK-ya müraciət daxil olsa, buna baxılacaqdır: "Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verilməyəcək".
İKT-nin seçkilərdə tətbiqi
Respublikamızın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzindədir. Azərbaycan hakimiyyətinin seçkilərdə aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Regionda və dünyada ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Hazırda 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Bununla da mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini açıq müşahidə etmək olar. Bundan başqa, seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir.
Beynəlxalq təşkilatların etirafı
Azərbaycan müstəqillik əldə etdikdən sonra 8 prezident, 6 parlament (9 fevral parlament seçkisi 7-cidir) və 4 bələdiyyə seçkisi keçirilib. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlib. Bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi ötən illərdə uğurla həyata keçirilib. Azərbaycanda seçki qanunvericiliyi də daim təkmilləşdirilir. Seçki Məcəlləsi qəbul ediləndən sonra məcəlləyə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olmasına işarədir. Təbii ki, bu zaman keçirilən seçkilərin təcrübəsi nəzərə alınır. Bir sözlə, Azərbaycanda ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi daim diqqət mərkəzindədir.
Ölkəmiz demokratik və şəffaf seçki keçirməyə hazırdır
Reallıq da ondan xəbər verir ki, Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir. Son prezident, parlament və bələdiyyə seçkilərində tətbiq olunan bir sıra yeniliklər - müxtəlif təşkilatlar tərəfindən "exit-poll"un keçirilməsi, səsvermə məntəqələrində veb-kameraların quraşdırılması, barmaqların mürəkkəblə işarələnməsi təsdiq edir ki, Azərbaycan Respublikası seçkilərin şəffaflığının təmin olunması üçün istənilən mütərəqqi və ən yeni üsulları tətbiq etməyə hazırdır.
Alim
Olaylar.az