Təşkilatların tarixinə hörmətlə yanaşmaq gərəkdir – Yəhya Babanlı

Azərbaycan diasporunu koordinasiya edən rəsmi dövlət qurumunun rəhbərliyinin dəyişməsi gözlənilən qərar idi. Ona görə ki, bu sahədəki nöqsanlar ilə bağlı həyəcan təbili çalınmışdır".

Bunu tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı bildirib.

O deyib ki, dəfələrlə bununla əlaqədar, elmi və publisistik məqalələrlə çıxış edərək, münasibət bildirmişdik. Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının qurultaylarındakı, eyni zamanda, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirələrindəki və digər tədbirlərdəki çıxışına diqqət yetirsək, görərik ki, Dövlət Başçısı mövcud acınacaqlı mənzərədən olduqca xəbərdar idi. Bu neqativ hallar barədə öz ştrixlərini çıxışlarında açıq-aydın eşitmək olurdu.

Müasir dövrdə diaspor həyati vacib əhəmiyyət kəsb edir. Bu sahəyə təbəssümlə baxıb keçmək qətiyyən düzgün deyil. Nəticə etibarilə yeni hökumətdə yeni simanın gətirilməsi bir daha sübut edir ki, bu dövlət siyasətinin əsas prioritetlərindən biri sayılır.

Yeni quruma dinamik və işgüzar bir şəxsin rəhbər təyin edilməsi tələbin böyük olduğunu deməyə əsas verir.
Hələ ki, düşündüyüm effektiv nəticədən danışmaq tezdir. Ancaq daha səmərəli üsullara əl atmaq lazımdır.

Gözləntimiz çoxdur. Diaspor həssas sahədir. Dünya sürətlə dəyişir. Müasir metodlardan istifadə etmək lazımdır. Lobbiçilik vacibdir. Kreativ üsullardan istifadə olunmalıdır. Diplomatik davranış olmalıdır. Bu sahəyə xarici siyasətin bir ünsürü kimi baxmaq lazımdır.
Görüşlər, şablon tədbirlər artıq vaxt itkisi və simulyasiyadır.

Belə deyim ki, elm ictimaiyyətinin iştirakı ilə tövsiyə-təklif mahiyyətli konfransın keçirilməsinə ehtiyac vardır.

Yaxşı olar ki, elə AXC-nin 100 illik yubileyi münasibətilə Dünya azərbaycanlılarının xüsusi qurultayı keçirilsin, eyni zamanda, Dünya azərbaycanlı gənclərinin qurultayları işə başlasın. "Dünya azərbaycanlıları mərkəzi" yaradılsın.

Monolitliyi qorumaq üçün təşkilatların tarixinə hörmətlə yanaşmaq gərəkdir. Təşkilatların, eyni zamanda, diaspor təşkilatlarının və nümayəndələrinin yubileyləri qeyd edilməlidir. Komitənin inzibati amirliyi səmimi atmosferlə əvəz edilməlidir.
Komitənin statusuna yenidən baxılarsa daha da yaxşı olar.
Səlahiyyətləri genişləndirilərsə, lobbi üzrə normativ-hüquqi aktlar qəbul edilərsə ümumi işin xeyrinə olar.

Respublikamızda fəaliyyət göstərən icma və diaspor təşkilatları ilə də sıx iş birliyinin qurulması arzuolunandır. Çünki, burada olan digər ölkə vətəndaşları həm körpü rolunu oynayır, həm də ölkəmizin qeyri-rəsmi səfiri missiyasını daşıyır.
Onlar öz ölkələrində Azərbaycan haqqında müsbət imic formalaşdıra və lobbiçimizə çevirilə bilərlər. Bu potensial da düzgün şəkildə dəyərləndirilməlidir.

Ümüdvaram ki, bu təyinat əlamətdar hadisə kimi diasporumuzun tarixinə yazılacaq.
Həmkarlarımı təbrik edirəm, deyə Yəhya Babanlı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31