Səfir Meksikanın ABC Radiosuna müsahibəsində Ermənistanın ölkəmizə təcavüzündən danışıb

Səfir Meksikanın ABC Radiosuna müsahibəsində Ermənistanın ölkəmizə təcavüzündən danışıb

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov Meksikanın geniş auditoriyaya malik olan ABC Radio kanalında tanınmış Meksika jurnalisti Federiko Lamonta 20 Yanvar faciəsinin 30-cu ildönümü və Ermənistanın ölkəmizə təcavüzü barədə müsahibə verib.

Olaylar.az bildirir ki, səfir "Qara Yanvar" faciəsinin Azərbaycanın müstəqilliyi yolunda ən mühüm dönüş nöqtəsi olduğunu bildirərək, 20 yanvar 1990-cı il günün Vətənimizin tarixinin ən kədərli və eyni zamanda ən şərəfli səhifələrindən olduğunu bildirdi. O, "Qanlı Yanvar" hadisələrinin totalitar rejimin Azərbaycan müstəqilliyinin boğulması və kommunist diktaturasının hakimiyyətinin saxlanılmasına yönəlmiş son həmləsi olduğunu deyib. Bu qanlı hadisələrin səbəblərindən danışan səfir Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddiaları, Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni separatçı və şovinist milliyətçi qrupların Azərbaycanlılara qarşı cinayətkar hərəkətləri, həmçinin M.Qorbaçov başda olmaqla sovet rejiminin Azərbaycan Respublikasına qarşı ədalətsiz və olduqca qərəzli siyasətini qeyd etdi.

Aparıcı F.Lamont Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə sualını səsləndirərək Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın ölkəmizin çətin vəziyyətindən istifadə edərək torpaqlarımıza təcavüz etdiyini dinləyicilərin diqqətinə çatdırdı. Səfir M.Talıbov münaqişə barədə məlumat verərək Ermənistanın beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanın suveren və hamılıqla tanınmış ərazisinin 20% işğal altında saxladığını və həmin torpaqlarda yaşamış Azərbaycan xalqını etnik təmizləməyə məruz qoyduğunu, münaqişə ilə bağlı BMT TŞ-nın Azərbaycan ərazisinin dərhal azad edilməsini və əhalisinin öz doğma yurdlarına qayıdmasını tələb edən dörd qətnaməsinə Ermənistanın indiyədək məhəl qoymadığını bildirdi. Eyni zamanda o, fürsətdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəkləməsinə və münaqişənin beynəlxalq hüququn bu prinsipi və o cümlədən BMT TŞ-nın adıçəkilmiş qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğuna görə Meksika Hökumətinə təşəkkürünü bildirib.

Səfir həmçinin suallara cavab verərək Meksika ilə Azərbaycan arasında mövcud olan münasibətlərdən danışıb, Meksikanın regionda ölkəmiz üçün ən mühüm tərəfdaşlardan olduğunu bildirib, eyni zamanda Meksikanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda fəaliyyət göstərdiyi yeganə Səfirliyinin məhz Bakıda olmasının da təsadüf olmadığını bildirərək əməkdaşlıq dinamikasının müsbət olduğunu deyib. Mədəniyyət, ticarət, parlamentlərarası əlaqələr, idman, təhsil və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində işin aparıldığını bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31