Milli Məclisin yeni tərkibi həyata keçirilən islahatlara öz töhvəsini verəcək- RƏY
Milli Məclisin yeni tərkibi həyata keçirilən islahatlara öz töhvəsini verəcək-RƏY
27 Yanvar 2020 13:24 Siyasətİlham Əliyev: "Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq"
Azərbaycan xalqı fevralın 9-da növbəti dəfə özünün Konstitusiya ilə müəyyən olunmuş suveren hüququndan istifadə edərək ölkə parlamentini formalaşdıracaq. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı hesab edilir, həmçinin sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək onun suveren hüququ kimi müəyyən olunub. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Qanunvericilik hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisinə üzvlərini seçən xalq deputatlara qanunverici fəaliyyətlə yanaşı, onu təmsil etmək, onun adından danışmaq hüququnu verir. Bütün bunlar parlament seçkilərinin ölkə həyatı üçün çox ciddi əhəmiyyətə malik hadisə olduğunu bir daha təsdiqləyir.
Ölkədə erkən parlament seçkisinin keçirilmə səbələri hamıya bəllidir. Məlum olduğu kimi Azərbaycanda ciddi islahatlara start verilib. Elə bu islahatlar fonunda iqtisadi və siyasi müstəvidə müsbət dəyişikliyə nail olmaqdan ötrü icra strukturu ilə yanaşı, qanunverici orqanın da yenidən formalaşması zərurəti yaranıb. Hesab olunur ki, Milli Məclisin yeni tərkibi həyata keçirilən islahatlara öz töhvəsini verə biləcək. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" konfransında Azərbaycanda aparılan islahatlar haqqında danışıb. Ölkə başçısı çıxışında Azərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacağını vurğulayıb: "Yaxın aylarda biz əhaliyə etimad göstərdikləri şəxsləri seçmək imkanı vermək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq", - dövlət başçısı qeyd edib. Prezident bildirib ki, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirir ki, Azərbaycanda islahatlar davamlı olaraq aparılır: "Bu bir ayın, bir ilin məsələsi deyil. İlk olaraq, ölkə başçısı məhkəmə-hüquq sistemi ilə əlaqədar fərman verib. Bununla bağlı həmin sistemdə çox ciddi islahatlara ehtiyac var. Orada həm kadr dəyişikliyi getməli, həm digər məsələlər öz həllini tapmalıdır. İlk dəfə olaraq, Azərbaycanda paralel ekspertiza yaratmağa icazə verdilər. Kadrların dəyişilməsi prosesi isə hələ başa çatmayıb. Bir sıra nazirliklər var ki, kadr dəyişikliyi bu qurumlarda davam edəcək". Vahid Əhmədov onu da söyləyib ki, ölkədə köklü islahatların davamı kimi yeni parlament təsdiq olunandan sonra nəzərdə tutulan digər məsələlərə də baxılması məntiqi ardıcıllıqdır: "Mən hesab edirəm ki, islahatlar davamlı olacaq, heç zaman dayanmayacaq. Zamana uyğun qanunlar, qərarlar qəbul edilir.Yeni parlament fəaliyyətə başlayandan sonra qanunvericilik sahəsində hansı islahatların aparılacağı barədə isə indidən fikir söyləmək çətindir. Çünki bunun üzərində işləmək lazımdır. Bizim bir neçə qanun layihələrimiz var ki, hələlik qəbul edilməyib. Onlardan biri də "Təhsil kreditləri haqqında" Qanun layihəsidir. Yəqin ki, bu qanun layihələrinə də yeni tərkibdə parlament formalaşdırıldıqdan sonra baxılacaq". Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd edib ki, seçkilər hər bir dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır. Çünki seçki demokratiyanın atributlarından biridir. Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmizdə mükəmməl seçki sistemi mövcuddur:
"Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar göz önündədir. Demokratik inkişafın əsası kimi dəyərləndirilən seçkilərin hər bir ölkənin həyatında böyük rola malik olduğu inkaredilməzdir. 1995-ci ildə Milli Konstitusiyanın qəbulundan sonra ölkəmizdə keçirilən seçkilərin ildən-ilə təkmilləşməsi dövlətimizin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun seçki kampaniyasının təşkilində maraqlı olduğunu bir daha ortaya qoyur. Təhlillər fonunda bir daha bu reallıq özünü təsdiqləyir ki, daim reallığın içərisində olan, özünə diqqət və qayğını görən xalq inkişafın, tərəqqinin davamlı olmasını istəyir, seçkidən-seçkiyə olan dövr ərzində müəyyənləşdirilən vəzifələrin, qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə yerinə yetirildiyinin şahidi olur. Sözsüz ki, Azərbaycanın 28 illik müstəqillik tarixini, ayrı-ayrı mərhələlərdə görülən işlərin hamısını bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan uğurlarla kifayətlənmir, daim irəliyə baxmaqla, yeni-yeni hədəflərə çatmaq üçün ciddi addımlar atılır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, təbii ki, birgə səylər fonunda uğurlu islahatların davamlılığına dəsək olmalıyıq. Düşünürəm ki, qarşıdan gələn parlment seçkilərində də xalqımız fəal iştirak etməklə növbəti illər üçün davamlı inkişafa öz töhfələrini vermiş olacaqlar".
Zəka
Olaylar.az