Azərbaycanda bütün sahələr üzrə fundamental islahatlar həyata keçirilir- Şərh
Azərbaycanda bütün sahələr üzrə fundamental islahatlar həyata keçirilir-Şərh
27 Yanvar 2020 12:41 SiyasətBu islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır
Azərbaycanda həyata keçirilən genişmiqyasda islahatlar nəticəsində ölkəmizin iqtisadi infrastrukturunun yenilənməsi, müasirləşməsi təmin edilib. Xüsusən, yeni iş yerlərinin açılması ilə bağlı görülən tədbirlər nəticəsində bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması istiqamətində daha etibarlı bazanın yaradılmasına nail olunub. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkəsinə çevrilib. Hazırda da prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycanın inkişafı durmadan artır. Yeri gəlmişkən xatırladaq ki, ötən ilin yüksək göstəriciləri təkcə statistiki rəqəmlər deyil, bu, eyni zamanda hər bir kəsin şəxsi həyatında öz nəticəsini göstərən uğurdur. İlin əvvəlindən başlayaraq əhalinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin, müavinətlərinin artması, sosial xarakterli bir neçə iri həcmli layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən vaxtaşırı verilən sərəncamların hamısı iqtisadi inkişafın təmin edilməsi, sosial vəziyyətin yaxşılaşmasına, insanların daha güvənli yaşamasına səbəb olub. Sevindirici məqam ondan ibarətdir ki, Azərbaycan bu inkişafa öz daxili resursları və imkanları hesabına nail olub. Deputat Eldəniz Səlimov qeyd edib ki, bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. 28 illik müstəqillik tarixində respublikamız güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktə ilə danışa bilsin. Azərbaycanın bugünkü reallığına diqqət çəkən Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə vurğulayıb: "Bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz". Hazırda Azərbaycanın siyasi müstəqilliyinin təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir. Müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.
Onun sözlərinə görə, başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu: "Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir".
E.Səlimov qeyd edib ki, prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. İslahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zərurətə çevirib. Buna görə də, V çağırış parlament buraxıldı və növbədənkənar parlament seçkiləri təyin olundu: "Ümumiyyətlə, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən dövlət siyasətini müdafiə edir. Bu siyasətin alternativi yoxdur. İslahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yenilənməsi bu baxımdan xüsusi önəm kəsb edir. Ona görə də parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi reallaşdırılan dərin islahatlar strategiyasına əlavə töhfə kimi qiymətləndirilə bilər".
Nurlan
Olaylar.az