AŞPA-nın müşahidə missiyası siyasi partiyaların nümayəndələri ilə görüşüb

AŞPA-nın müşahidə missiyası siyasi partiyaların nümayəndələri ilə görüşüb

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək  üçün yaradılmış  xüsusi  komitəsinin  üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri  ilə görüşü olub. MM-dən "Olaylar"a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Sevinc  Fətəliyeva qonaqlara parlamentdə  təmsil olunan  siyasi  partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açdı. Növbədənkənar parlament  seçkilərinin keçirilməsini ölkəmizdə həyata  keçirilən islahatların davamı kimi qiymətləndirdi.  Qeyd  olundu ki,  belə tərkibdə missiyanın bu gün burada təmsil olunması Azərbaycanda seçki prosesinin şəffaf və demokratik olmasının göstəricilərindən biridir. Bildirilib ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində irəliləyir, qurumun təsisatları ilə hərtərəfli əməkdaşlıq həyata  keçirilir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək  üçün yaradılmış xüsusi  komitəsinin üzvləri - İsveçrədən olan Alfred Heer, Estoniya  nümayəndəsi  Ravio Tam,  Yunanıstandan olan Georgios Kartuqkalos Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olduqlarını vurğuladılar. Görüşdə iştirak edən  Böyük  Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vəhdət  Partiyasının sədri  Tahir  Kərimli və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qonaqları  maraqlandıran suallara ətraflı cavab veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31