Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaradılan xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
24 Yanvar 2020 13:14 SiyasətMilli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaradılan xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, B. Muradova ölkəmizin Avropa Şurası ilə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, ümumi dəyərləri bölüşdüyümüzü diqqətə çatdırıb. Vitse-spiker AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün xüsusi komitə yaratmasının ölkəmizdə alqışlandığını qeyd edib: "Qarşıdakı parlament seçkiləri və onun AŞPA tərəfindən müşahidə olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İntensiv qarşılıqlı səfərlər, bu səfərlər zamanı aparılan müzakirələrin nəticəsi ölkəmizə dair hazırlanacaq məruzədə öz əksini tapacaq".
Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan AŞPA Monitorinq Komitəsinin həmməruzəçi Stefan Şennak ölkəmizin quruma üzvlüyünün 19 ilinin tamam olması münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanda parlament seçkilərinin də ədalət prinsipləri əsasında keçiriləcəyinə əmin olduğunu bildirib. Söhbət zamanı qonaqların qarşıdakı parlament seçkilərinə dair sualları cavablandırılıb, seçkiöncəsi siyasi vəziyyətə dair bir sıra məsələlərə aydınlıq gətirilib. Görüşdə Milli Məclisin deputatları, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş və digər rəsmi şəxslər iştirak ediblər.