“Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik”
“Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik”
24 Yanvar 2020 12:37 Siyasətİlham Əliyev: "Azərbaycan gəncliyinin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir"
Gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Azərbaycanda daim gənclərə xüsusi qayğı göztərilib, onların mövcud problemlərinin həlli istiqamətində konkret addımlar atılıb. Hətta ölkəmizdə gənclərlə bağlı istənilən sənədin qəbulu və icrası həmişə gənclərin iştirakı ilə ictimai müzakirəyə çıxarılıb. Heç şübhəsiz ki, bu da gənclərin maraqlarının tam təmin olunmasına hesablanıb. Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, İnkişaf Strategiyası və Dövlət proqramları var. Hazırda "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" üçüncü Dövlət Proqramı icra olunmaqdadır. Ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır. Bunun nəticəsində respublikamızda yeni alimlər, menecerlər, informasiya texnologiyaları üzrə mühəndislər, elm və incəsənət sahəsi üzrə peşəkar gənclər formalaşıb.
Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya" mövzusunda panel iclasında Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Sirr deyil ki, ölkədə həyata keçirilən kadr islahatları nəticəsində gənclər üçün əlavə imkanlar yaradılıb. Belə ki, ölkədə gənclərin idarəetməyə cəlb olunması prioritet məsələlərdən hesab olunur. Dövlər başçısının son vaxtlar həyata keçirdiyi kadr islahatları zamanı çoxsaylı gənclər dövlət idarıçiliyində ən yüksək vəzifələrə cəlb edilib. Hazırda Azərbaycanda davam edən erkən parlament seçkilərində də məqsədlərdən biri qanunverici orqanda gənclərin təmsilçiliyini artırmaqdan ibarətdir. Xüsusən, ölkədə yeni iş yerlərin açılması, gənclərin məşğulluq probleminin həlli onların potensialının kücə və meydanlarda deyil, elm və istehsalat sahələrində sərf olunmasına stimul verib. Məhz bunun nəticəsində çoxsaylı gənclərimiz mötəbər beynəlxalq idman yarışlarında və elmi müsabiqələrində ölkəmizin bayraqlarını ucaltmağa nail olublar. Azərbaycanda biznes fəaliyyəti üçün yaradılan münbit şərait nəticəsində on minlərlə gənc öz biznesini qurub.
Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycanda nəhəng könüllülər hərəkatı başlanıb və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Yaxşı nəticələr göstərən gənclər hökumət strukturlarına işə götürülür. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan artıq könüllülər cəmiyyətinə çevrilib. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Məhz bu amil nəzərə alınaraq president İlham Əliyev tərəfindən 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ili" elan edilb. Onu da qeyd edək ki, könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.
Təsadüfi deyil ki, president İlham Əliyev qeyd edib ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Bunun əsas səbəbi bəzi hökumətlərin populist şuarlardan istifadə etməsi, sonar isə vədlərini yerinə yetirə bilməməsidir: "Azərbaycan hakimiyyəti həmişə sözünə əməl edir, heç vaxt yerinə yetirə bilməyəcəyi məsələləri dilinə gətirmir. Azərbaycanda insanların həyat standartları ildən-ilə daha da yaxşılaşır. Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarına güvənməkdir".
Qeyd edək ki, respublikamızda gənclər siyasəti zaman və məkan nöqteyi-nəzərindən lakonik və müddətli deyil, məhz dövri xüsusiyyət daşımaqla bərabər, həm də genişmiqyaslıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasətinin qayəsində bu siyasətin daha effektiv təşkili ilə əlaqədar gənclərin kreativ və innovativ perspektivliklərini qiymətləndirmək, onların potensiallarından sosial həyatın bütün sahələrində istifadə etmək, sağlamlıqlarını qorumaq, təhsildə və elmdə onlara dəstək olmaq, ölkə üzrə könüllülük hərəkatını genişləndirmək kimi həlli vacib məsələlər durur. Heç şübhəsiz ki, bütün bunların həyata keçirilməsi Azərbaycanda daha sağlam, yüksək təhsilli, elmli, mədəni və milli ruha köklənmiş nəslin yetişməsinə xidmət edəcək.
Alim
Olaylar.az