Rəhbərlə son görüş

Heydər Əliyev XX əsrin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olmaqla  beynəlxalq miqyaslı siyasətçi idi. Mən Heydər Əliyevi dərin məntiqli, polad iradəli, qətiyyətli ölkə rəhbəri kimi tanımışam. O, elə bir zirvə idi ki, türk dünyasının hər  yerindən görünürdü və bu gün də yeri görünür. Xalqımız haqlı olaraq onu müstəqil və müasir Azərbaycanın yaradıcısı, memarı hesab edir. Çox xoşbəxtəm ki, 13 il belə bir müdrik insanın rəhbərliyi altında Dəvəçi, Xaçmaz rayonlarına rəhbərlik etmişəm. Həmin rayonların problemləri ilə əlaqədar dəfələrlə onun qəbulunda olmuş, atalıq qayğısının şahidi olmuşam. Rəhbərdən çox şey öyrənmişdim, görüb-götürmüşəm. Ulu Öndər mənim taleyimdə xüsusi yeri olan bir ŞƏXSİYYƏTdir.  Mən onun cismən yox olduğu indiki zamanlarda birlikdə çalışdığımız illərin xatirələrini daşıyıram. Bu yazıda iki xatirəmi oxucularla bölüşmək istəyirəm.

***

1983-cü ildə Ulu Öndər Moskvadan Bakıya gəlmişdi. Xaçmaz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən xəstəliyimlə əlaqədar olaraq azad olunub Mərkəzi Komitə yanında Partiya Komissiyasında  işləyirdim. İsti yay günlərindən biri - avqustun 23-ü idi. Həmin gün Müslüm Maqomayev adına  Azərbaycan Dövlət Akademik Filarmonuyasında respublikanın rəhbər işçiləri üçün konsert var idi. Komissiyanın sədri məni ora göndərmişdi. Qeyd edim ki, belə konsertlər hər ay keçirilirdi və onun əsasını Heydər Əliyev özü qoymuşdu. Demək olar ki, o, rəhbər vəzifədə çalışanların musiqi zövqünün formalaşmasında böyük rol oynayırdı. 

Mən gələndə Bakı şəhər rayonlarının birinci katibləri foyedə gəzişirdilər. Qoşudum onlara. Xeyi sonra  Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov Heydər Əliyev və büro üzvləri ilə birlikdə gəldi. Katiblərdən heç biri onlara yaxınlaşmadı. Bu katiblər yalnız həmin vəzifəyə təyin olunan gün rəhbərlə görüşürdülər. Mərkəzi Komitənin tapşırıqlarını onlara Bakı Şəhər Partiya Komitəsi çatdırırdı.

Yaxınlaşıb Heydər Əliyevlə görüşdüm. Xeyli söhbət etdik. Dedi ki, Xaçmaza getmişdim səni rayonda görmədim. Xəstəliyimlə əlaqədar  katib işləmədiyimi söylədim. "Hamı xəstələnir, nahaq çıxmısan, sənin kimi təsərrüfat işini bilən adama həmişə ehtiyac var" deyə iradını bildirdi. Əslində Ulu Öndər Xaçmaza getməmişdi, bilirdi ki,  katib deyiləm. Sadəcə bu jesti  ilə məni unutmadığını, diqqətində saxladığını bildirmək istəyirdi. O, belə idi, insanlara qarşı olduqca həssas, qayğıkeş və çox tələbkar davranırdı. Hər kəsin işini dəyərləndirməklə yanaşı şəxsi problemlərinin həllinə də kömək edirdi. Bir dəfə onunla görüşlərdən birində söhbət zamanı həyat yoldaşımın xəstəliyindən xəbərdar olduğunu söylədi və elə oradaca səhiyyə nazirinə tapşırıq verdi ki, onu ən yaxşı  həkimlər müayinə etsin, lazım olarsa Moskvaya, Leninqrada (indiki Sankt-Peterburq)  göndərsin. Günün birində  professor Bul  Leninqraddan Bakıya gəlmişdi.  Yenə də Ulu Öndər təşkilat şöbəsinin müdirinə tapşırdı: "Səhiyyə nazirinə göstəriş verin Nəsibovun həyat yoldaşını professor Bulun müalicə etməsini təşkil etsin". Bul mənim evimə gəldi, yoldaşım iki aya yaxın Leninqradda müalicə olundu. Amma təəssüf ki, onun  amansız  xəstəliyinə rusiyalı həkimlər də çarə tapa bilmədilər.

O vaxtdan uzun zaman keçməsinə baxmayaraq həmin hadisə Ulu Öndərin  yadından çıxmamışdı. Yoldaşımla maraqlandı. Onu məlumatlandırdım ki, xanımım dünyasını dəyişib. Çox təəssüfləndi, başsağlığı verdikdən sonra dedi ki, Dəvəçidə və Xaçmazda çox yaxşı işləmisən. Yenə 1-ci katib işləmək istəyirsənmi? Mən ona söylədim ki, sağlamlığım bərpa olunduqdan sonra işləmək istəsəm Kamran Bağırova müraciət edərəm.  Əslində partiya komissiyasındakı işimdən çox da məmnun deyildim. Burada şəhər və rayon partiya komitələrindən narazı olan kommuinstlərdən gələn ərizə və şikayətlərə baxılırdı. 29 noyabr 1984-cü ildə partiya komissiyasının sədrinə gördüyüm işlər barədə məlumat verirdim. Elə bu vaxt Kamran Bağırovun zəngi oldu. O, sədrə dedi ki, Nəsibovu yanıma göndər. Görüş zamanı dedi ki, bu yaxınlarda Tovuzda olmuşam. Orada vəziyyət yaxşı deyil, təcrübəli katib olmusan. Səni ora birinci katib vəzifəsinə məsləhət görürəm. Minnətdarlığı bildirdim və söz verdim ki, mənə göstərdiyiniz bu etimadı doğruldaraq əlimdən gələni əsirgəməyəcəm. Elə həmin gün MK-nın şöbə müdiri Mikayıl Nəzərovla  birlikdə Tovuza getdik və rayon partiya komitəsinin plenumunda 1-ci katib seçildim. 2-3 ay ərzində dayanmadan rayonun təsərrüfatlarında, kəndlərində oldum, təsərrüfat rəhbərləri və ağsaqqallarla  görüşdüm. Vəziyyət Bağırovun dediklərindən də ağır idi.  Nöqsanların aradan qaldırılması üçün gərəkli tədbirlər gördük. Qısa müddətdə  rayonu qabaqcıllar sırasına çıxara bildik.

Azərbaycanda ilk dəfə şagird sovxozu təşkil etdik. Sovxoza orta məktəb  şagirdi Eldar Quliyevi  direktor təyin etdik. O indi alimdir, Kənd Təsərrüfatı Nazirliyində fəaliyyət göstərir.  Bozalqanlı kəndində aşıq sənətinə həsr olunmuş Hüseyn Bozalqanlı adına Ozan - Aşıq Sənəti Muzeyi yaratdıq. Bu muzey təkcə Azərbaycanda deyil, şərqdə  yeganə mədəniyyət ocağı idi.  Həmin muzey bu gün də fəaliyyət göstərir və Hüseyn Bozalqanlı məktəbi kimi  adlı-sanlı saz və söz ustalarının yetişməsinə şərait yaradır.

Rayonda üç nəfər  Sovet İttifaqı Qəhrəmanının abidəsi o torpağa qonaq gələn hər kəsin diqqətini cəlb edir.  Bu qəhrəmanlar - Məstan Əliyev, Yusif Sadıqov və  Mərdan Musayev tovuzluların fəxridi. Tovuz torpağı on yeddi nəfər Sosialist Əməyi Qəhrəmanı yetişdirib. Qəhrəmanlar parkının və uşaq bağçasının açılışını təşkil etdik. Saz,  kitab və söz bayramları keçirdik. Bu tədbirlərdə Bakıdan gələn şair və yazıçılar, qonşu rayonlardan, eləcə də Gürcüstandan, Tovuzla qonşu olan erməni rayonlarından və kəndlərindən dəvət olunan qonaqlar iştirak edirdilər. Ermənistanla sərhəd olan ərazidə xalq şairi  Süleyman Rüstəmin  "Cənnət görmək istəyən Azərbaycana gəlsin" misrası yazılmış iri bir lövhə qoyduq.

***

1988-ci il mayın 21-də Azərbaycan xalqının böyük düşməni, yanvar faciəsinin təşkilatçısı M. Qorbaçov gözəl insan olan Kamran Bağırovu azad edib, özünün yaxın dostu Ə.Vəzirovu respublika rəhbəri təyin etdi. İş bununla  bitmədi. Nəriman Nərimanovdan sonra Heydər Əliyev ilk azərbaycanlı  idi ki, Kremldə işləyirdi. Bunu istəməyən Qorbaçov onu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyasının  MK-nın Siyasi Bürosunun üzvlüyündən çıxardı. Bu hərəkətdən "ilham alan"  Ə. Vəzirov  Azərbaycanda Ulu Öndərin  rəhbər vəzifələrə təyin etiyi kadrlara qarşı mübarizəyə başladı. Bu "mübarizə" məndən də yan keçmədi.  1989-cu ilin avqustunda əliyevçi adı ilə Tovuz rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsindən çıxarıldım. Bu işdə ona MK-nın təşkilat və partiya işi şöbəsinin  müdiri Vaqif  Hüseynov  kömək etdi.

***

Azərbaycan xalqının tarixinə 20 yanvar hüzn günü qanlı yanvar faciəsi kimi daxil olub. O gündən 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Bu gün hər bir azərbaycanlının ürəyində yanvar faciəsinin  yarası var. Doğrudur,  həmin gün  müstəqilliyə gedən yolun başlanğıcı oldu, millətin qəhrəmanlıq  səlnaməsinə bir işiq tutdu. Amma günahsız insanların qətlə yetirilməsi nə Qorbaçovun, nə də Vəzirovun başını uca etmədi. Əksinə xalq hələ də bu insanların cəza almamısından dolayı narahatdı, günahkarların cəza almasını tələb edir. O vaxt faciənin  yerli təşkilatçıları olan Əbdürrəhman Vəzirov və  Vaqif  Hüseynov Moskvaya qaçdılar. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi plenumu çağrıldı. Plenum komissiya yaratdı. Komissiya geniş arayış hazırladı. Təəssüf ki, bu arayışa baxılmadı, hadisəyə siyasi qiymət verilmədi.

Heydər Əliyev yenidən respublikaya rəhbər seçildikdən sonra Ali Sovetin xüsusi sessiyasında bu hadisəyə siyasi qiymət verildi. Sessiyaya  yuxarıda adını çəkdiyim komissiyanın digər üzvləri ilə bərabər mən də dəvət olunmuşdum.

***

Müasir və müstəqil Azərbaycanın qurucusu, memarı olan Ulu Öndərlə son görüşüm 1995-ci ildə Elmlər Akademiyasında keçirilən beynəlxalq konfransda oldu.  Konfrans Dövlət Mülkiyyətinin Özəlləşdirilməsinə həsr olunmuşdu. Həmin tədbirdə o, geniş nitq söylədi. Ulu Öndəri tanımayan adam elə düşünərdi ki,  tribunada çıxış edən ölkə prezidenti yox, Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi üzrə  Dövlət Komitəsinin sədridir.

Fasilə zamanı foyedə prezident Heydər Əliyevlə görüşdüm. Əmlak Komitəsində işləməyim haqqında onu məlumatlandırdım. O, dedi ki, nə vaxt istəsən, nə arzun olsa qəbuluma gəl. Amma tale elə gətirdi ki,  iki il sonra avtomobil qəzasında xəsarət aldığım üçün rəhbərlə bir daha görüşə bilmədim. Onun rəhbərliyi altında işləyib, respublikanın problemlərinin aradan qaldırılmasında iştirak  etməkdən uzaq qaldım...

P.S. Ümümmilli Liderimiz beş dəfə Lenin Ordeninə, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Aslan NƏSİBOV,

Şabran, Xaçmaz və Tovuz rayonlarının sabiq birinci katibi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31