Deputat Milli Məclisdə seçicilərin səsi olmalıdır- TƏHLİL
Deputat Milli Məclisdə seçicilərin səsi olmalıdır-TƏHLİL
17 Yanvar 2020 17:08 SiyasətMəlum olduğu kimi Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. 9 fevral 2020 -ci ildə Vətənimiz üçün əlamətdar olan seçkilərdə vətəndaşlar Milli Məclisdə hüquqlarını müdafiə edə biləcək deputatlarını seçəcəklər. Bu həqiqətdir ki, seçkiöncəsi səs almaq üçün əldən-ayaqdan gedən bəzi namizədlər nədənsə mandat alandan sonra verdiyi vədlərə əməl etmir, seçicilərin müraciətlərinə laqeyd münasibət göstərirlər. Bu isə insanlarda inamsızlıq yaradır. Odur ki, vətəndaşlar öz deputatlarını seçərkən dilemma qarşısında qalır, kimə səs verəcəklərini bilmirlər. Bəs, deputat necə olmalıdır?
Əvvəlcə növbədənkənar parlament seçkilərinin hansı zərurətdən keçirilməsi məsələsinə diqqət yönəldək. Qeyd olunmalıdır ki, ölkədə ciddi islahatlara start verilib. Elə bu islahatlar fonunda iqtisadi və siyasi müstəvidə müsbət dəyişikliyə nail olmaqdan ötrü icra strukturu ilə yanaşı, qanunverici orqanın da yenidən formalaşması zərurəti yaranmışdı. Milli Məclisin mövcud tərkibi heç bir halda islahatlara yardım missiyası ilə çıxış edə bilmirdi. Nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası, Nazirlər Kabineti ilə bağlı aparılan dəyişikliklər fonunda parlamentdəki sükunət diqqət çəkirdi. Məsələ ondadır ki, Prezident İlham Əliyev şəxsən özü ölkədəki proseslərə tənqidi yanaşır və heç kəsin reaksiyasını gözləmədən problemlərin ünvanını göstərir, sərt tənqid edir. Əslində, ölkə rəhbərinin son çıxışlarının ritorikası cəmiyyət, ictimai fikir tərəfindən çox müsbət qarşılanır. Prezident hakimiyyətə opponentlik etmək istəyənlərdən fərqli olaraq konkret problemlərə toxunur, çatışmazlığı qeyd edir, həlli yolları ilə bağlı tapşırıq verir. Bir sözlə, ölkə yenilənir və bu yenilənmə qanunverici orqanın real yardımı olmadan tam mənada həyata keçirilə bilməzdi. Milli Məclis yeni şəraitə uyğun qanunverici təşəbbüslə çıxış edə bilmirdi. Heç də təsadüfü deyil ki, beynəlxalq tənqidlərin əksəriyyəti məhz parlamentin zəif olması ilə bağlı idi. Parlamentdə təmsil olunan deputatların içərisində məsuliyyətini dərk edənlərlə yanaşı, nə baş verdiyinin fərqinə varmadan qıcıqlandırıcı açıqlamalar verənlər, adekvat olmayanlar da kifayət qədərdir.
***
Xatırladaq ki, Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsi zamanı yeni seçiləcək deputatlara tövsiyyələrini verib: "Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər".
Milli Məclisin deputatının necə olması Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Hər bir insanın seçdiyi deputatdan gözləntiləri olur. Yəni əsl deputat cəmiyyətin həyatı ilə yaşamağı bacaran, dünyada gedən prosesləri anlayan olmalı, onun üçün Azərbaycan Vətəndaşı ön planda olmalıdır. Deputat həqiqətpərəst, realist, özünü insanlardan üstün tutan olmamalı, eyni zamanda hansı sahəni təmsil edirsə, o sahənin üstün bilicisi, cəmiyyətdə sayğısı olan, hər cür mənfi amillərə nifrət edən olmalıdır. Deputat parlamentdə qanunvericiliklə məşğul olmaqla yanaşı seçiciləri ilə hər ay ən azı bir dəfə görüşməli, onları dinləməli, problemlərini bilməli və bacardığı köməyi etməlidir. Bu baxımdan qanunverici orqanda çalışanların da həm hüquqi, həm də iqtisadi bilikləri mükəmməl olmalıdır. Əsl deputat seçildiyi ərazini bir coğrafiya olaraq tanımalı, insanların, əhalinin ən qabarıq problemlərinin xəritəsinə bələd olmalıdır. Əsl deputat insanlarla ünsiyyət saxlamalı, həmin problemləri dövlətin görə biləcəyi bir təşəbbüsə, proqrama, layihəyə çevirməklə onların həll olunmasında addımlar atılmalıdır. Bütün bunların zəminində hökumət strukturları ilə daimi təmaslarını təmin etməlidir. Həmçinin o, müxtəlif şəkildə hüquqlarına, haqlarına təsir göstərilmiş insanların qorunmasında iştirak etməlidir. İkinci böyük tələb isə, beynəlxalq əlaqələrdə yer tutmaqdır. Azərbaycanın parlament diplomatiyasına tövhə verməyi bacarmalıdır. Beynəlxalq tələbləri bilməli, izləməli və buna adekvat olaraq Azərbaycanın maraqlarını qorumalıdır. Beynəlxalq aləmdə və Azərbaycan daxilində olan siyasi proseslərə Azərbaycanın, Azərbaycan vətəndaşlarının mənafeyi nəzərindən fikr bildirməli, daim dövlətinin yanında olmalı, hər şey Azərbycan üçün, prinsipindən çıxış etməlidir. Başqa sözlə, deputat Milli Məclisdə seçicilərin səsi olmalıdır.
Alim
Olaylar.az