Beynəlxalq hüquqi qiymətini ala bilməyən qanlı faciə

Beynəlxalq hüquqi qiymətini ala bilməyən qanlı faciə

20 Yanvar insanlıq əleyhinə cinayətdir

30 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar  gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş Sovet dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridildi. Nəticədə beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəalarının kobudcasına pozaraq, öz hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutuldu. 

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra da daha 21 nəfər öldürülmüşdü. O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyev vermiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. 1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur.  Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bir milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə bəyan etmişdir. Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən "20 Yanvar şəhidi" fəxri adı verilmiş, habelə "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin onların ailələrinə Prezident təqaüdü verilir.

Çox təəssüf ki, insanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir. Beləliklə 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər və normalar mövcuddur. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, xüsusən o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır. Məhz sadalanan amillər nəzərə alınaraq dünya ictimaiyyətinin və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəklərinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümidlər hələ də tükənməyib. Azərbaycan xalqı hesab edir ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Yeri gəlmişkən xatırladaq ki, o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev tərəfindən verilib. Qeyd olunmalıdır ki, ölkəmizdə hər il bu qanlı tarixlə bağlı silsilə tədbirlər təşkil edilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müvafiq Sərəncamı ilə "20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiqlənmiş, həmin plana əsasən respublikanın şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı konfranslar, toplantı və mühazirələr təşkil olunur, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diplomatik nümayəndəliklərinin, diaspor qurumlarının və icmaların vasitəsilə müvafiq tədbirlər keçirilir. Beləliklə Azərbaycan xalqı hər il yanvarın 20-ni ümumxalq hüzn günü kimi qeyd edir. Çünki, məhz bu gün müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilib. Lakin, bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31