Azərbaycan sabitlik adasına çevrilib- TƏHLİL

Azərbaycan sabitlik adasına çevrilib-TƏHLİL

Ölkəmizdə təhlükəsizliyin təminatçısı iqtidar-xalq birliyidir

Dünya dövlətlərində siyasi təlatümlər tüğyan etdiyi bir dövrdə Azərbaycanda əminamanlıq, sabitlik hökm sürməkdədir. Həmçinin dünyanın ən inkişaf etmiş ölkələrində belə iqtisadi tənəzzülün yaşanmasına baxmayaraq Azərbaycanda iqtisadi sahədə əldə olunan nailiyyətlərin vətəndaşların sosial problemlərinin həllinə yönəldilməsi siyasəti həyata keçirilir. Təkcə sadalanan bu iki fakt deməyə əsas verir ki,  həyata keçirilən siyasi, iqtisadi, sosial siyasət  Azərbaycanı sabitlik adasına çevirib. Elə yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı da qeyd edib ki,  ölkəmizdə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir: "Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır".

***

Azərbaycanın müstəqillik qazandığı dövrdən əvvəlki illərə nəzər salsaq yerüstü, yeraltı sərvətlərə sahib olmasına baxmayaraq ölkəmizin iqtisadi tənəzzül dövrünü yaşadığının, qarşıdurmaların, hərc-mərcliklərin, səriştəsiz idarəetmənin ölkəmizi uçurumun kənarına sürüklədiyinin şahidi olarıq. Sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan geridə qalmış ölkələrdən birinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin və dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan bu gün dünyada öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrilib, irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi çıxış edir. Hər ötən il ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi Azərbaycanı sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasına daxil edib. Xüsusən, 2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də yola saldığımız ilin Azərbaycan üçün uğurlu il olduğunu bir daha diqqətə çatdırıb: "İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır". Prezident İlham Əliyevin ali məqsədinin xalqın rifahının daim yaxşılaşdırılmasına, vətəndaşları düşündürən, narahat edən problemlərin həll edilməsinə, ölkədə sabitliyin davamlı olmasına yönəldiyi üçün Azərbaycan xalqının dövlət başçısına etimadı ən yüksək səviyyədədir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın əldə etdiyi uğurlar onun beynəlxalq aləmdə mövqeyinin artması və daha da möhkəmlənməsini təmin edib. Prezident İlham Əliyev məlum müşavirədə qeyd edib ki, keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi: "Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir".

Qeyd edək ki, ölkədə həyata keçirilən tədbirlər, əldə edilən nəticələr bütövlükdə 2019-cu ilin Azərbaycan üçün uğurlu il olduğunu deməyə əsas verir. Xüsusilə dünyada cərəyan edən qorxulu proseslər, tendensiyalar, qanlı toqquşmalar, müharibələr, vətəndaş itaətsizliyi fonunda ötən il Azərbaycanda uğurların əldə edilməsi mühüm hadisədir. Azərbaycan sabit, təhlükəsiz ölkə kimi inkişaf edib və bundan sonra da bu yolla irəliləmək iqtidarındadır. Nəzərə almaq lazımdır ki, dünyada cərəyan edən gərginliklər şəraitində belə Azərbaycan öz inkişafını qoruyub saxlaya bilib. Bu baxımdan, ölkəmiz dünyada, o cümlədən regionda, müsəlman aləmində sabitlik adasını xatırladır. Azərbaycandakı sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Yeri gəlmişkən qeyd edək ki, bu amili Prezident İlham Əliyev son müşavirədə xüsusilə vurğuladı. Hakimiyyət-xalq birliyi, xalqın hakimiyyətə, öz Prezidentinə inamı, onu inanılmaz şəkildə dəstəkləməsi, bunun qarşılığında Prezidentin də məhz xalqın mənafeyini, milli-dövlətçilik maraqlarını ifadə edən daxili və xarici siyasət həyata keçirməsi ölkəmizdəki sabitliyi, təhlükəsizliyi, əmin-amanlığı formalaşdırıb. Uğurlu inkişaf, müstəqil siyasət, mehriban qonşuluq və etibarlı tərəfdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir edib. Güclü, daim inkişaf edən ölkə kimi beynəlxalq aləmdə Azərbaycana olan etimad daha da artıb. Bunun nəticəsidir ki, inkişaf etmiş dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31