Azərbaycanı müstəqilliyə aparan yol- TƏHLİL
Azərbaycanı müstəqilliyə aparan yol-TƏHLİL
17 Yanvar 2020 12:27 SiyasətAzərbaycan tarixən öz yaxın qonşuları tərəfindən haqsızlıqlara, ədalətsizliyə, bir çox hallarda isə vəhşiliklər, insanlığa zidd olan cinayətlərə məruz qalıb. Tarixin müxtəlif dövrlərində üzləşdiyimiz bu qanlı-qadalı hadisələrin səbəbkarları, baiskarları şimal və qərb qonşularımız olub. Soyqırımlar, kütləvi qətliamlar, dəhşətli terror aktları, bütöv bir xalqa qarşı insani cinayət və s. Bütün bunlar sovetlərin və mənfur qonşumuz olan Ermənistanın Azərbaycan xalqına bəxş etdikləri ağrı-acılardır. Maraqlısı odur ki, bir sıra hallarda bu kimi cinayətlər şimal və qərb qonşularımızın müştərək işbirliyi ilə həyata keçirilib. 30 il əvvəl Bakıda törədilən qətliam kimi.
XX əsrin 90-cı illərinə doğru dünyada gedən siyasi proseslər sovetlər məkanında da demokratiya, azadlıq, aşkarlıq sədalarının yayılmasına yol açdı. Düzdür, əslində bu kimi şüarlar elə keçmiş SSRİ rəhbərliyinin tez-tez müraciət etdiyi terminlərdən idi. Lakin o zamankı sovet rəhbərliyi o qədər də düşünə bilmirdi ki, səsləndirdiyi gəlişixoş sözlər onun, xüsusilə də SSRİ üçün ciddi problemə çevrilə bilər. Beləliklə, dünyada gedən siyasi proseslər və sovet rəhbərliyinin demokratiya, aşkarlıq şüarları qısa zaman ərzində ittifaq dövlətlərində milli azadlıq hərəkatının oyanması, xalqın ayaqlanması və müstəqillik, azadlıq tələb etməsi ilə nəticələndi. Qısa zaman ərzində azadlıq, müstəqillik tələblərinin keçmiş ittifaq ölkələrinin böyük bir qisminə yayılması keçmiş SSRİ rəhbərliyini ciddi şəkildə narahat edirdi. Artıq açıq-aşkar ittifaqın laxladığı, dağılma prosesinə doğru getdiyi müşahidə edilirdi. Belə bir təhlükənin qarşısını almaq və SSRİ-nin varlığını qoruyub-saxlamaq üçünsə ittifaq rəhbərliyi cəza tədbirlərindən istifadə etməyi ən doğru seçim hesab etdi və müstəqillik, azadlıq şüarlarının baş qaldırdığı ittifaq respublikaları ən sərt şəkildə Moskva tərəfindən cəzalandırıldı. O zaman sözügedən proseslərin əsas hərəkətverici qüvvəsi Azərbaycan hesab edildiyindən SSRİ rəhbərliyinin ən ciddi şəkildə cəzalandırdığı da məhz Bakı oldu. 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan rus qoşunları silahsız insanlara qarşı qeyri-insani cinayətlər törədərək onları vəhşicəsinə qətlə yetirdi, yüzlərlə Vətən oğul və qızımıza müxtəlif xəsarətlər yetirdi. Eyni situasiya, cəza metodu Tbilisidə, Pribaltika regionunda da tətbiq olunsa da, SSRİ rəhbərliyinin bu planı tam işə yaramadı. Düzdür, azadlıq, demokratiya arzusu ilə meydanlara çıxan vətəndaşların gözü bir qədər qırıldı. Buna rəğmən xalq bir yumruq ətrafında birləşməyə və arzusunda olduğu müstəqilliyi qazanmağa nail oldu.
O dəhşətli hadisədən tam 30 il keçir. 30 il əvvəl baş verən Bakı qırğını da tarixin müxtəlif dövrlərində reallaşan rus-erməni ittifaqının birgə "əməyinin" nəticəsi idi. Çünki Bakı qətliamından bir neçə gün əvvəl Rusiyanın müxtəlif subyektlərində hərbi xidmət keçən ermənilər keçmiş SSRİ rəhbərliyinin hərbi elitası tərəfindən səfərbər edilərək Bakıya ezam olunmuşdu. Sonradan da məlum oldu ki, Bakıda azərbaycanlılara qarşı vəhşiliklər törədənlərin mütləq əksəriyyəti və sovet ordusunda xidmət keçən ermənilər olub.
Aradan 30 il keçməsinə baxmayaraq hələ də Azərbaycan xalqı o dəhşətli gecəni unutmur, həmin qətliam nəticəsində həyatını itirən oğul və qızlarımızı, şəhidlərimizi böyük ehtiramla yad edirlər. Çünki həmin oğul və qızlarımızın həyatı bahasına Azərbaycan tarixdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Məhz onların qəhrəmanlığı Azərbaycan xalqını daha əzmkar, daha mübariz olmağa sövq etdi, onları daha sıx birləşdirdi. Bu birlik, bu mübarizlik isə cəmi bir il sonra, 1991-ci il, oktaybr ayının 18-də Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. Təsadüfi deyil ki, bu səbəbdən 1990-cı ilin qanlı yanvar gecəsini Azərbaycanı müstəqlliyə aparan yol kimi xarakterizə edirlər. Ona görə də hər zaman qədirbilən Azərbaycan xalqı şəhidlərimizin ruhunu uca tutur, onları yüksək ehtiramla yad edir. Bu günlər də qədirbilən Azərbaycan xalqı qanlı yanvar hadisələrinin 30-cu ildönümündə şəhidlərimizi yüksək ehtiram hissi ilə anır, onlara səcdə edir.
Orxan
Olaylar.az