Qərbin Türkiyə-Rusiya əməkdaşlığını pozmaq planı- Şərh

Qərbin Türkiyə-Rusiya əməkdaşlığını pozmaq planı-Şərh

Yaxın Şərqdə gərginlik qalmaqdadır. Ən son Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında müharibəyə gətirib çıxara biləcək ziddiyyətlərin baş verməsini də əlavə etsək, deyə bilərik ki, günümüzdə region sözün həqiqi mənasında barıt çəlləyidir və xırda bir qığılcım Yaxın Şərqdə güclü bir partlayışa səbəb ola bilər.

Regionda gərginliyin artdığı, dünyanın super güclərinin savaş poliqonuna çevrildiyi bir ərəfədə dünyaca nüfuzli digər iki dövlət Yaxın Şərqdə sülh və sabitliyə, davamlı təhlükəsizliyə çalışır. Bu ölkələr isə son illərdə bir-birinə kifayət qədər yaxınlaşan və artıq strateji müttəfiqə çevrilən Rusiya və Türkiyədir. Düzdür, hazırda Türkiyə ilə Rusiyanın müttəfiqliyi dünyanın digər super gücləri, ən əsası da Birləşmiş Ştatlar tərəfindən normal qarşılanmasa və zaman-zaman Ankara ilə Moskva arasında münasibətləri gərginləşdirməyə cəhdlər göstərilsə də, lakin həm Türkiyə, həm də Rusiya rəhbərliyinin siyasi iradəsi bu mənfi tendensiyanın qarşısını ala bilib. Onu da xüsusi olaraq qeyd edə bilərik ki, Türkiyə və Rusiyanın Yaxın Şərqdəki birgə əməkdaşlığı müəyyən mənada müsbət nəticələr də verir. Suriya böhranının həlli məqsədilə irəli sürülən Astana formatı, Liviyada sülh və təhlükəsizliyin təmin edilməsi sahəsində əldə edilən ikitərəfli anlaşma, eləcə də digər mühüm razılaşmalar Moskva-Ankara əmıkdaşlığının perspektiv və uğurlarından xəbər verir. Düzdür, müəyyən zaman kəsiyində İran İslam Respublikası da Türkiyə-Rusiya əməkdaşlığına maraq göstərib, bu prosesə qoşulsa da, bir çox hallarda Tehranın regionla bağlı olan və bütün tərəfləri razı sala bilməyəcək iddiaları Tehranı Moskva və Ankaradan uzaq saxlayır. Ancaq istənilən halda Yaxın Şərqdə Türkiyə-Rusiya əməkdaşlığı öz müsbət nəticələrini göstərməkdədir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Yaxın və Orta Şərqdə Türkiyə-Rusiya əməkdaşlığı bu coğrafiyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində müəyyən irəliləyişə gətirə biləcək bir proses ola bilər. Politoloqun sözlərinə görə, hər iki ölkə bir-birlərinə güzəştə gedir və kompromis variantlar üzərində dayanırlar: "Burada Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri, hər iki ölkənin regionda maraqlarına təhdid olan Qərbin siyasətinə qarşı birgə fəaliyyətləri əsas faktorlardandı.Suriya böhranında tərəflərin əməkdaşlığı son aylarda Liviyada yaşanan vətəndaş müharibəsində tərəflərin nə qədər uzlaşacaqları sual olaraq qalırdı. Rusiya SSRI-nin varisi olaraq Liviyada öz geosiyasi maraqlarını təmin etmək üçün üsyançı Feldmarşal Xəlifə Haftara qeyri-rəsmi "Vaqner" özəl hərbi təşkilat vasitəsilə lojistik dəstək verir. Qəddafidən sonra yenidən burada möhkəmlənməyi qarşısına məqsəd qoyub. Türkiyədə Aralıq dənizində öz geosiyasi maraqlarını qorumaq və tarixi missiya olaraq Liviyaya yenidən qayıdaraq haqlı olaraq öz piroritetlərini müdafiə edir. Qeyd edim ki, Ankara BMT tərəfindən tanınan Sərrac hakmiyyətinin yanındadı".

Politoloq qeyd edib ki, Liviya böhranında əsas meydanda Türkiyə və Rusiya görünür və tərəflərin ortaq məxrəcə gəlməsi, Putinin bu ayın 8-də Türkiyə səfərində razılığın əldə olunması ilə nəticələndi: "Bu danışıqların nəticəsi olaraq Moskvada Sərrac hökuməti ilə üsyançı general Haftar arasında atəşkəs müqaviləsi bağlanması istiqamətində danışıqlar aparıldı. Qeyd edim ki, ABŞ və Avropa ölkələrinin bəziləri pərdəarxası general Haftara dəstək verir və onu Rusiyadan uzaqlaşdırmaq üçün danışıqlar aparırlar. Məhz Qərb Liviyada Türkiyə və Rusiyanın birgə fəaliyyətindən narahat olaraq tərəflərin Moskvada atəşkəs razılaşmasını Haftar vasitəsilə pozmuş oldu.Qərbin birbaşa Haftarla danışıqları nəticəsində general atəşkəsə imza atmayaraq Moskvanı tərk etdi". Politoloq onu da deyib ki, Ərdoğanın öz hərbi kontingentini Liviyaya göndərib Haftara qarşı əməliyyata başlaması mümkündür: "Rusiya da Haftardan əl çəkmək istəmir. Liviyada ciddi mürəkkəb vəziyyət yaşanır. Moskva ya Türkiyəni seçməli, ya da Haftarı. Haftarı seçər və Türkiyə əleyhinə hərbi fəaliyyətinə dəstək verərsə Rusiya-Türkiyə əlaqələri pozulmuş olacaq. Bu da Qərbin planıdır.Artıq, Ərdoğan Haftarı Putinin öhdəsinə buraxdı. Göründüyü kimi Liviyada suların durulması hələki gözlənilmir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31