Ötən il miqrasiya qanunvericiliyinin tələblərini 14834 əcnəbi pozub

Ötən il miqrasiya qanunvericiliyinin tələblərini 14834 əcnəbi pozub

Vüsal Hüseynov: "Son 5 ildə 1445 nəfər Avropa ölkələrindən Azərbaycana qaytarılıb"

Yanvarın 15-də Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verib. Bildirib ki, ötən ildə də ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib. Şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi - daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, eləcə də yeni sosial layihələr reallaşdırılıb.

Vüsal Hüseynov ötən ilin əsas statistik məlumatlarını açıqlayaraq bildirib ki, ümumilikdə Xidmətə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə olunub. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 7 faiz artım qeydə alınıb. Həmçinin vurğulanıb ki, əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 23 faiz azalma var.

Xidmət rəisi söyləyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da prioritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, "Miqrasiya könüllüləri" İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verib. Həmçinin gənclərə xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb.  2019-ci ildən fasiləsiz iş rejiminə keçən "Çağrı mərkəzi" həftənin hər günü 24 saat ərzində vətəndaşlar tərəfindən edilən zəngləri qəbul edir. Bu müddət ərzində edilən zənglərin sayı 110.268 olub. Xidmət rəisi əldə olunan uğurları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, "ASAN xidmət indeksi"ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti son iki ildə ən yüksək nəticəni göstərib və ilk sırada yer alıb (68.98% və 83.81%). Onun bildirdiyinə görə, ötən il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa olunub. Hansı ki, 2018-ci ildə bu say 301 olub.

Deportasiya ilə bağlı məsələyə toxunan Xidmət rəisi qeyd edib ki, bununla bağlı statistikanın aparılması Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri çərçivəsində deyil. Onun sözlərinə görə, deportasiya ilə bağlı dəqiq statistika aparmaq mümkün deyil: "Çünki belə bir uçotun aparılması DMX-nin səlahiyyətləri çəxrçivəsində deyil. Şəxs ölkədən çıxarılanda onun həmin dövlətin hansı qərarı ilə çıxarması ilə bağlı bizdə tam məlumat olmur. Ona görə bizdə olan rəqəmlər real vəziyyətdən çox fərqli olduğundan bunu açıqlamırıq. Şəxs deportasiya olunanda onun pasportunda müvafiq qeyd olmur. Şəxs və həmin dövlətin sərhəd məsələlərinə baxan səlahiyyətli orqanı bizə məlumat verməsə bizdə bununla bağlı məlumat olmur".

V.Hüseynov qeyd edib ki, qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin - pasportların verilməsinə hazırlıq prosesi tam yekunlaşdırılıb. Onun sözlərinə görə, yol sənədi və onun nümunəsi artıq hazırdır: "Gələn həftə, yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək. Bununla bağlı tədbir də nəzərdə tutulub". V.Hüseynov onu da əlavə edib ki, yol sənədi əsasında ölkədə bu statusda yaşayan əcnəbilər sərhədkeçmə sənədi kimi digər ölkələrə də səfər edə biləcəklər.

Xidmət rəisi bildirib ki, 2014-cü ildən bu günə qədər 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb. Qaytarılan şəxslərin böyük əksəriyyəti Almaniyada olan azərbaycanlılar olub. V.Hüseynov qeyd edib ki, readmissiya olan şəxslər həmçinin Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrindən reallaşıb: "Bu günə olan məlumata əsasən, 1323 nəfər şəxsin readmissiya olunması ilə bağlı sorğular daxil olub və onlar müsbət cavablandırılıb. Lakin geri qaytarılması reallaşmayıb. Ancaq onların da geri qaytarılması gözlənilir. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında reinteqrasiya işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə DMX-də faəliyyət göstərən İnteqrasiya İşçi Qrupu tərəfindən 57-58 şəxsin ehtiyaclarını həyata keçirmişik". Həmçinin ötən il ölkədə qanuni əsaslarla olan və yaşayanların sayı 232.692 nəfər olub. Bunlardan 97293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayanlar, 135399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müddətdə gələnlərdir. 2019-cu ildə 97293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayanlardır: "2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan əcnəbilərin sayı 4681 nəfər olub. 2018-ci illə müqayisədə 31 faiz azalma olub". Xidmət rəisi deyib ki, ötən il miqrasiya qanunvericiliyinin tələblərini 14834 əcnəbi pozub: "Bu da əvvəlki illə müqayisədə 23 faiz azalma deməkdir. Qanunsuz miqrantların saxlanma mərkəzində 2019-cu il ərzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz azalma deməkdir. Mərkəzdə saxlanılan əcnəbilərdən 21 faizi Pakistan, 19 faizi Türkiyə, 8 faizi İran, 6 faizi İraq, 6 faizi Gürcüstan, 40 faizi digər ölkələrin vətəndaşlarıdır". Eyni zamanda, 2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb. Bu, 2018-ci illə müqayisədə 37 faiz azalma deməkdir. Daimi yaşama üçün icazə alanlardan 747 nəfəri Gürcüstan, 571 nəfəri Rusiya, 196 nəfəri Türkiyə, 95 nəfəri İran, 88 nəfəri Ukrayna, 343 nəfəri digər ölkələrin vətəndaşlarıdır. Xidmət rəisi qeyd edib ki, ötən il 6680 nəfər əcnəbi iş icazəsi alıb: "Bu, əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir. İş icazəsi alanlardan 2355 nəfəri Türkiyə, 930 nəfəri Birləşmiş Krallıq, 449 nəfəri Hindistan, 285 nəfəri Rusiya, 259 nəfəri İran, 2402 nəfəri digər ölkələrin vətəndaşlarıdır. Paralel olaraq ötən il ölkəyə 3 170 321 nəfər əcnəbi gəlib. Bundan başqa, ötən il 45193 nəfər müvəqqəti yaşamaq üçün icazə alıb. Bu da ötən illə müqayisədə artım deməkdir. Müvəqqəti yaşamaq üçün icazə alanların 9978 nəfəri Türkiyə, 8023 nəfəri Rusiya, 5758 nəfəri Gürcüstan, 3791 nəfəri İran, 2487 nəfəri Pakistan və 15 156 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31