Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır- TƏHLİL
Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır-TƏHLİL
15 Yanvar 2020 13:32 SiyasətAzərbaycanın istər yerləşdiyi coğrafiya, istərsə də beynəlxalq aləmdə mövqeləri getdikcə möhkəmlənir. Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində rəsmi Bakı dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də ayrı-ayrı ölkələri ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlıq qurur, bu əməkdaşlığı müsbət dinamika ilə inkişaf etdirir. Bu gün Azərbaycan regionda elə bir siyasi mövqe və gücə malikdir ki, onun yerləşdiyi coğrafiyada həyata keçirilən bu və ya digər layihələrin heç birindən kənarda qalmır. Əksinə, hətta rəsmi Bakının müsbət mövqeyi, razılığı olmadan regionda hər hansı bir layihə reallaşdırılmır. Ötən illər ərzində regionda həyata keçirilən və eyni zamanda beynəlxalq əhəmiyyət kəsb edən layihələr fonunda bunu aydın görmək mümkündür.
Azərbaycanın malik olduğu bu potensial və göstəricilər isə heç şübhəsiz ki, ona olan beynəlxalq marağı artırır. Təsadüfi deyil ki, günümüzdə dünyanın ən inkişaf etmiş ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatları Cənubi Qafqaz regionunda daha çox Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Hətta əksər ölkələr Azərbaycanı Cənubi Qafqazda özlərinin strateji müttəfiqi qismində görmək istəyir və bu məqsədlə Bakı ilə daha sıx əlaqələrə üstünlük verirlər. Bu bir tərəfdən Azərbaycanın regionda əhəmiyyətli mövqeyə malik olması, bu coğrafiyada cərəyan edən proseslərdə mühüm rol oynaması ilə bağlıdırsa, digər tərəfdən Bakının müttəfiqlik prinsiplərinə sadiqliyi, etibarlı tərəfdaş kimi dünyada tanınmasıdır. Bunun üçün kifayət qədər örnək göstərmək də mümkündür. Məsələn, Azərbaycanla Türkiyənin uzun illərə dayanan dostluq-qardaşlıq münasibətləri, Moskva ilə Bakı arasında mövcud olan yüksək səviyyəli strateji əməkdaşlıq, qonşu Gürcüstanla eyni tendensiya, həmçinin beynəlxalq təşkilatlarla səmərəli iş, bütün deyilənlərin əyani sübutudur. Məhz bütün bunları nəzərə alan dünya dövlətləri və beynəlxalq təşkilatlar da öz növbəsində Azərbaycana daha çox diqqət ayırır, Bakı ilə yaxından əməkdaşlığa can atırlar. Təkcə başa vurduğumuz 2019-cu il ərzində ikitərəfli formatda baş tutan görüşlər, qarşılıqlı səfərlər, eləcə də bir sıra beynəlxalq təşkilatların mühüm toplantılarının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi belə bir qənaətə gəlməyə imkan verir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı toplantısı, Qoşulmama Hərəkatının zirvə görüşü, dünya dini liderlərinin Bakıda bir araya gəlməsi, eyni zamanda dünyanın əsas güc mərkəzləri, NATO-nun yüksək səviyyəli rəsmiləri ilə Rusiyanın hərbi elitasının ən üst rəsmisinin Bakıda görüşməsi məhz Azərbaycanın regiondakı gücü, nüfuzu, eyni zamanda mühüm mövqelərə malik olmasının göstəricisidir.
Sadaladığımız bu və digər tədbirlərin Azərbaycanda keçirilməsi, eyni zamanda ölkəmizə olan beynəlxalq marağın artması heç şübhəsiz ki, rəsmi Bakının mövqelərini daha da möhkəmləndirir, gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Cənab Prezident qeyd edib ki, Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib: "Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə verib. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir".
Göründüyü kimi, Azərbaycan bütün istiqamətlərdə özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütün proseslərin iqtisadi inkişaf, sosial rifahın gündən-günə yaxşılaşdırılması mövcud və uzun müddət davam edən ictimai-siyasi sabitlik fonunda davam edir ki, bu amilin özü də Azərbaycana olan beynəlxalq marağın artmasına, ölkəmizlə daha sıx əməkdaşlıq istəklərinin çoxalmasına gətirib çıxarır. Ortada olan siyasi iradə və atılan düşünülmüş, düzgün addımlar onu deməyə əsas verir ki, ilk ayını yaşadığımız 2020-ci il də Azərbaycan üçün beynəlxalq əlaqələr, xarici siyasət baxımından uğurlu olacaq.
Məhəmməd
Olaylar.az