Ermənistanın populist baş naziri Paşinyana statistika dərsi
Ermənistanın populist baş naziri Paşinyana statistika dərsi
14 Yanvar 2020 12:32 Siyasət"Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək". "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə açıqladığı statistika göstərir ki, digər sahələrdə olduğu kimi hər iki ölkənin idmandakı göstəricilərində də bu, açıq-aydın öz təsdiqini tapır: "Azərbaycan 2019-cu ildə dünya və Avropa çempionatlarında 775 medal qazanıb, onlardan 271-i qızıl medaldır. Ermənistan cəmi 222 medal qazanıb, onlardan 61-i qızıldır. 2019-cu ildə II Avropa Oyunlarında Azərbaycan 28 medal qazanıb, Ermənistan 11 medal. 2019-cu ildə keçirilmiş güləş üzrə Avropa çempionatında Azərbaycan 13 medal qazanıb, o cümlədən 4 qızıl, Ermənistan 3 medal qazanıb, bir qızıl".
Dövlət başçısı həmçinin Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına istinadən bəzi rəqəmləri səsləndirib: "Keçirik Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına. Beləliklə, 2019-cu ildəki bəzi rəqəmləri təqdim etmək istərdim. İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir".