Ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır
Ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır
14 Yanvar 2020 12:27 Siyasətİlham Əliyev: "İqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir"
Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilən milli inkişaf strategiyasının başlıca məqsədi Azərbaycanda sosial problemlərin köklü şəkildə həllinə yönəlib. Elə bu səbədən də ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edir. Təsadüfi deyil ki, son 16 ildə əhalinin gəlirlərində xeyli artım özünü göstərib, orta aylıq əmək haqqı yüksəlib. Təkcə Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib ki, nəticədə vətəndaşların maddi vəziyyəti xeyli yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə 2 dəfə artırılıb. Sevindirici haldır ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində əld edilən gəlirlər əsasən sosial sahəyə yönəldilir. Xüsusən, sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısının artması onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasının genişlənməsinə səbəb olub. Belə ki, dövlət başçısının ötən il təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində Qarabağ müharibəsi veteranları və şəhid ailələri xüsusi yer tutur. Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar ümumilikdə şəhid hərbi qulluqçularının vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya tərəfindən 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir. Eyni zamanda, 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, xeyli sayda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd edib ki, Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir: "Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik".
Təkcə bu fakt deməyə əsas verir ki, sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması Azərbaycan dövləti üçün prioritet məsələ olaraq qalır. Odur ki, dövlət sosial cəhətdən həssas insanları təkcə mənzillə təmin etməklə kifayətlənmir, həmçinin onların həyat və yaşayış tərzinə müsbət təsir edəcək addımlar atmaqda davam edir. Dövlət başçısı sözügedən müşavirədə qeyd edib ki, ünvanlı sosial yardımla bağlı 70 faiz artım qeydə alınıb: "Ünvanlı sosial yardımla bağlı 70 faiz artım çox ciddi artımdır və artıq siz qeyd etdiniz ki, 72 min ailə əhatə olunur və burada da əlbəttə ki, əsas məsələ ədalətdir. Məhz o ailələr ki, doğrudan da, ehtiyac içindədir, o ailələr ki, onların maddi vəziyyəti ağırdır, onlar bu yardımdan istifadə etməlidir. Özünüməşğulluq proqramı ilə bağlı bizim təşəbbüsümüzlə Dünya Bankı da bu proqrama dəvət olundu. Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır. Çünki Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var. Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək".
Əldə olunan iqtisadi uğurlar deməyə əsas verir ki, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində atıılan addımlar davamlı olacaq. Çünki ölkədə tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması həyata keçirilən islahatlar paketinin əsas hədəfini təşkil edir. Başqa sözlə, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Elə bu səbədən də övlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir və bu siyasətin davamlı olacağı heç kimdə şübhə yaratmamalıdır. Məlum müşavirədə də dövlət başçısı bilririb ki, valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə - 51 milyard dollara çatmışdır: "Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir".
Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda islahlatlar prosesinin yeni məzmunda və yeni keyfiyyətdə həyata keçirilməsinin təşəbbüskarı və icraçısı olan prezident İlham Əliyev 2003-cü ildən bu yana verdiyi vədlərin, söylədiyi fikirlərin bir daha üzərində qaldığını, Azərbaycan vətəndaşı və dövləti naminə hər zaman sözünü tutduğunu, vədlərinə əməl edir. Bu baxımdan əminliklə demək olar ki, növbəti mərhələlərdə də daha böyük sosial uğurların, nailiyyətlərin şahidi olacağıq.
Alim
Olaylar.az