Elçin Mirzəbəyli:  ““İran öz ətrafındakı təhlükəsizlik çəmbərini tamamilə itirmək üzrədir"

İranın vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsində həyatını itirən insanların xatirəsinə Tehranda təşkil olunan aksiya İran hakimiyyəti əleyhinə genişmiqyaslı etiraz dalğasına çevrilib. Artıq bir neçə gündür etirazlar davam edir. Hökumət və dövlət rəhbərliyinin istefası şüarları da irəli sürülməyə başlayıb. Etirazlarda "Diktatora ölüm!", "Yalançılara istefa!",  "SEPAH utan, ölkəni rahat burax!", "Mənə fitnəçi demə, fitnəçi sən özünsən" kimi şüarlar səsləndirilib.

İran polisi səsləndirilən şüarlardan sonra izdihama müdaxilə edib. Polis aksiya yerinə gedən yolları bağlayıb və vətəndaşların o tərəfə doğru getməsinə icazə verməyib.

Ölkə paytaxtında və bir sıra şəhərlərdə gərginliyin davam etdiyi xəbərləri dünən də yayılıb.

İranda son günlər baş verən hadisələr, xüsusən etirazlar Azərbaycanda da siyasi dairələrdə diqqətlə izlənir.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "Yeni Müsavat"a bildirdi ki, general Qasım Süleymaninin ölümündən sonra Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qanadlı raketlə vurulması İranla bağlı beynəlxalq təzyiqlərin güclənməsi ehtimalı ilə yanaşı daxildəki gərginliyin artmasına da zəmin yaratmışdı. Belə də oldu: "Məlum olduğu kimi, İranda benzinin qiymətinin artması müstəvisində başlayan kütləvi etirazların yatırılmasında Qasım Süleymaninin rəhbərlik etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu xüsusi qəddarlıq nümayiş etdirmişdi. İran rejiminin nəzarətində olmayan kütləvi informasiya vasitələrinin mütləq əksəriyyətinin, həmçinin beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatlarında SEPAH-ın 1500-dək etirazçını qətlə yetirdiyi bildirilir. Təyyarənin vurulması da əslində SEPAH-ın nə qədər amansız və eyni zamanda məsuliyyətsiz bir hərbi birləşmə olduğunu sübuta yetirdi.

Bu gün bir çox araşdırma mərkəzləri Qasım Süleymaninin ölümündə İranın yüksək dini-siyasi elitasının da maraqlı olduğunu bildirir. Bu yanaşma onunla izah olunur ki, Süleymani həm müstəsna səlahiyyətləri olan şəxs kimi hakimiyyət üçün ciddi təhlükəyə çevrilmişdi, həm də ölkə daxilindəki etirazların yatırılmasında onun və tərəfdarlarının nümayiş etdirdiyi qəddarlıq Qasım Süleymaniyə və SEPAH-a qarşı böyük nifrət yaratmışdı. Bu nifrət isə, təbii ki, öz növbəsində onsuz da gözdən düşmüş sistemin özünə qarşı yönəlirdi. Bu baxımdan Qasım Süleymaninin aradan götürülməsində maraqlı tərəflərin sayı çox ola bilərdi və bu ehtimal həqiqətə daha yaxın görünür.

Amma təyyarə ilə bağlı olay Qasım Süleymaninin ölümünün yaratdığı sükutu aradan qaldırdı və əks-effekt verdi. Bu hadisədən sonra SEPAH-ın bütün dünyada terror təşkilatı kimi tanınması gündəmə gələ bilər. Həmçinin İranın hava məkanının qapalı elan edilməsi də mümkündür. İrana qarşı yeni sanksiyaların tətbiqi də real görünür. Məlum olduğu kimi bir sıra Avropa və Asiya ölkələri İrana münasibətdə daha yumşaq siyasətin tərəfdarı kimi, çıxış edirdilər. Təyyarənin vurulması faktı isə İrana qarşı sərt siyasət yürüdülməsinin tərəfdarı olanların mövqelərini daha da möhkəmləndirib və bu amil rəsmi Tehrana qarşı sanksiyaların yeni dalğasında informasiya savaşının əsas elementlərindən biri kimi istifadə oluna bilər.

Başqa bir amil isə iqtisadiyyatı enerji sektorundan asılı olan İranın neft ixracında yaşadığı ciddi problemlərlə bağlıdır. Ölkə artıq öz enerji resurslarının 95%-ni dünya bazarına çıxara bilmir. Hətta Çinin dövlət şirkətləri də İrandan neft almaqdan imtina ediblər. Bu prosesə Çinin özəl sektorunun qoşulacağı da gözləniləndir.

Bu isə deməkdir ki, İran öz ətrafındakı təhlükəsizlik çəmbərini tamamilə itirmək üzrədir. Çünki nə Suriya, nə İraq, nə Fələstin, nə Yəmən, nə də Liviyadakı iranmeylli qüvvələri maliyyələşdirmək və bölgədə maraqı olan güclərin diqqətini həmin ərazilərə yönəltmək mümkün olmayacaq. İndi İranın özü diqqət mətkəzindədir və çox güman ki, proseslər iqtisadi böhranın dərinləşməsi müstəvisində sosial etirazların daha da güclənməsinə zəmin yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31