Sabiq MTX direktorunun Paşinyanı devirmək planı İDDİA
Sabiq MTX direktorunun Paşinyanı devirmək planı İDDİA
13 Yanvar 2020 16:00 SiyasətNikolun böyük qızı Maryamdan ilginc iddialar
Ermənistanın baş naziri Nikol Paşinyanın böyük qızı - Maryam Paşinyan iddia edib ki, Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Artur Vanetsyan mətbuatda onun ailəsinə qarşı əks-kampaniyaya başladıb. Bu barədə aysor.am saytı yazır.
"Facebook" səhifəsində rəy yazan Paşinyanın böyük qızı hakimiyyətə yaxın olan "Haykakan Jamanak" (Nikol Paşinyan bu qəzetin baş redaktoru olub, bu gün isə həmin vəzifəni arvadı Anna Akopyan icra edir - R.N.) qəzetində gedən məqaləni də paylaşıb. Həmin məqalədə isə bildirilir ki, Vanetsyan hökumət başçısına qarşı mediada davamlı kampaniya aparır və bu işə şəxsən nəzarət edir.
Maraqlısı isə budur ki, baş nazirin qızı Paşinyan-Vanetsyan ailələrinin qısa müddətli ailəvi dostluqlarını da xatırladıb.
Anna Paşinyan: "Vanetsyan tərəfindən bizim ailəyə qarşı hücumlar baş verəndə bunu anladım"
O yazıb ki, vaxtlə bu ailələr dostluq ediblər və hətta MTX-nin eks direktorunun övladları ilə itlərini gəzintiyə çıxarıb, ərik yığmağa gediblər. SİTAT: "Biz mütəmadi olaraq ailələrimizlə yığışırdıq, kofe fincanı arxasında süfrə arxasına otururduq. Mən indi də həmin günləri ilıqlıqla xatırlayıram və onların bizimlə dostluq etmək maraqlarına inanırdım. Təəssüf ki, onlar tərəfindən sərgilənən ilıqlıq heç də səmimi deyilmiş. Belə ki, Vanetsyan tərəfindən bizim ailəyə qarşı hücumlar baş verəndə bunu anladım".
Beləliklə, həmin məqalədən də göründüyü kimi, qəzetin əlində bir sıra erməni KİV-lərində Vanetsyanın koordinatorluğu ilə Paşinyanın arvadına və böyük qızına qarşı kampaniya aparması barədə faktlar var. "Haykakan Jamanak" onu da yazır ki, bu məsələ Vanetsyanın MTX-nin direktoru olduğu vaxtlardan başlayıb. Bundan əlavə, qəzetin digər versiyasına görə, o məşhur kriminal avtoritet Aram Vardanyanın yardımı ilə yalan və şər üzərində "ixtisaslaşmış" erməni nəşrlərindən birinin baş redaktorunu verbovka edib.
Bu məsələdə kriminal avtoritetin, Serj Sarkisyanın kürəkəninin, parlamentin keçmiş aparat rəhbərinin, hətta Koçaryanın da əli var
"Haykakan Jamanak" həmçinin digər epizodu da xatırladıb ki, "məxməri inqilabdan" sonra kriminal avtoritet Vardanyanın başı üzərindən "qara buludlar" keçməyə başlayıb və o da anidən ölkəni tərk edib. Bir neçə ay sonra isə, onu taparaq, Ermənistana geri gətiriblər, lakin məhkəmə onu həbs etməkdən imtina edib. Bu baxımdan, qəzet eyham vurub ki, bütün bunların arxasında məhz o zamankı güclü MTX direktoru dayanıbmış.
Digər tərəfdən, daha bir ilginc nüans budur ki, "Haykakan Jamanak" məsələnin bununla da bitmədiyini iddia edib və hadisələrin başqa tərəflərini də işıqlandırıb. Belə ki, adıçəkilən erməni nəşrinin daha bir versiyasına görə, Vanetsyan MTX-nin direktoru olmasa belə, baş nazir Paşinyana və ailəsinə qarşı başladılan kampaniyada ona fəal şəkildə kömək edən daha bir fiqur Ermənistanın üçüncü və devrilmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikaerl Minasyan, eləcə də parlament aparatının sabiq rəhbəri Ara Saqatelyandır.
Növbəti inqilab ab-havası?
"Feyk ordusunun köməkçiliyi ilə onlar guya baş naziri diskreditə etməklə, uzunmüddətli plan çərçivəsində hakimiyyəti dəyişmək qərarını icra edirlər", deyə Paşinyana yaxın media qurumu yazır və bütün bunlardan isə həm də belə bir nəticəyə gəlmək olar ki, artıq devrilmiş hakimiyyətin adamları Nikol Paşinyan hökumətində təmsil olunmuş, sonradan isə qovulmuş şəxsləri özlərinə tərəf cəlb edirlər. Hətta belə bir ehtimalı da irəli sürmək mümkündür ki, həmin məsələdə ikinci prezident Robert Koçaryanın da ətrafının müəyyən dəstəyi ola bilər. Hər halda, artıq belə bir məsələnin ortaya çıxması ümumilikdə Ermənistanın daxilindəki vəziyyətin nə dərəcədə ağır olduğunu, növbəti inqilab ab-havasının yaxınlaşdığını sübuta yetirir. Necə deyərlər, görünən dağa nə bələdçi..?
sia.az