Prezidentimizin fəaliyyətinin əsas istiqamətlərindən biri məhkəmə və ədliyyə sistemlərinin müasirləşdirilməsidir- MÜNASİBƏT
Prezidentimizin fəaliyyətinin əsas istiqamətlərindən biri məhkəmə və ədliyyə sistemlərinin müasirləşdirilməsidir-MÜNASİBƏT
13 Yanvar 2020 14:58 SiyasətAzərbaycanda ötən ilin əvvəllərindən həyata keçirilən köklü və inqilabi islahatlar həyatımızın bütün sahələrində özünü büruzə verməkdədir. Ötən müddət ərzində ölkədə həyata keçirilən islahatlar məhkəmə, hüquq sistemindən də yan keçməyib və atılan bir sıra mühüm addımlar hüquq qanunvericlik bazasının möhkəmləndirilməsi ilə yanaşı, məhkəmə sisteminin də daha səmərli işləməsinə yol açıb. Bir müddət əvvəl dövlət başçısının imzaladığı müvafiq sənəd əsasında ölkədə vəkil gününün təsis edilməsi də bu sahədə atılan uğurlu addımlardan hesab edilə bilər. Hüquqşünas Əli İbrahimov qeyd edir ki, Azərbaycan ədliyyəsinin fəaliyyətinin normativ-hüquqi bazasının mövcud reallıqlara və müasir tələblərə uyğun formada təkmilləşməsini təmin edən mühüm sənədlər qəbul edilib. Onun sözlərinə görə, dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi hər zaman aktual məsələlər sırasında olub: "Belə bir zərurət bütövlükdə cəmiyyətin daim inkişafda olmasından irəli gəlir. İqtisadi, sosial-mədəni sahələrin inkişafı, elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnologiyalarının hərtərəfli tətbiqi bu təkmilləşməni labüd edir. Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz elementidir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilib, yeni - 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün zəruri tədbirlər görülüb, hüquq-mühafizə orqanlarının və vəkillik xidmətinin fəaliyyəti demokratik əsaslarla yenidən qurulub. Hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlib". Hüquqşünas deyib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin başladığı hüquq islahatlarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möhkəm iradəsi ilə bağlıdır: "Möhkəm ədliyyə sistemini, əsas məqsədi insanların bütün hüquqlarına hörmətlə yanaşılan açıq vətəndaş cəmiyyətinin yaradılması və inkişafına xidmət etməkdən ibarət olan, mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatlarının məcmusu kimi səciyyələndirmək olar.Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Penitensiar müəssisələr ədliyyədir, məhkəmə ekspertizası ədliyyədir, məhkəmə icraçıları və nəzarətçiləri ədliyyədir, hüquqi şəxslərin və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və notariat ədliyyədir və bunlar hələ ədliyyə sözünün ifadə etdiyi mənanın heç yarısı da deyil.Hazırda Ədliyyə Nazirliyi dövlət idarəetmə orqanları sistemində demokratik ölkələrə xas olan mühüm yer tutur. Möhkəm dövlət hakimiyyətinin əsas şərtlərindən biri vahid hüquq məkanının formalaşdırılmasıdır. Vahid hüquq məkanı dövlətin ərazisi çərçivəsində hüquqi qüvvəsi nəzərə alınmaqla tətbiq edilən və bir-birinə uyğun bütün hüquq normalarının məcmusudur. Vahid hüquq məkanının təmin ediməsi kimi mühüm vəzifə əsasən Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu sahədə fəaliyyət hazırlanan normativ-hüquqi və normativ aktların layihələrinin mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsində və beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu və onların hüquqi qüvvəsi məsələləri üzrə rəylərin verilməsində, qüvvədə olan normativ hüquqi aktların yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamasında ifadə olunur". Əli İbrahimov bildirib ki, dövlət hakimiyyəti orqanlarının başlıca məqsədləri vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin rifah halını yüksəltmək, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır: "Demokratik cəmiyyətdə inzibati hakimiyyət yalnız qanun əsasında fəaliyyət göstərməlidir. Qanunçuluq konstitusiya prinsipidir. Fəaliyyət yalnız qanunun tələbləri çərçivəsində həyata keçirildikdə, idarəetmə sahəsində ictimai münasibətlərin hüquqi dövlət prinsiplərinə uyğun tənzimlənməsi təmin edilir. Qanunçuluq idarəetmənin səmərəliliyinin obyektiv şərtidir. Lakin unutmaq olmaz ki, hakimiyyət səlahiyyətləri insanlar tərəfindən reallaşdırılır. Səlahiyyətlərin reallaşdırılması iradi, intellektual və emosional proses olduğu üçün həm qanunauyğun, həm də müxtəlif səhvlərlə, sui-istifadə hallarına yol verilməklə həyata keçirilə bilər və bu baxımdan hər bir dövlət orqanının işinin real nəticələri ona verilmiş səlahiyyətlərdən çox işçilərinin peşəkarlığı, savadı, təşəbbüskarlığı və mənəvi saflığı və digər yüksək insani keyfiyyətlərindən asılıdır. Sözsüz ki, Nazirliyin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi kadrlarla işin təşkili, onların düzgün seçilib yerləşdirilməsi və ixtisaslarının artırılması ilə sıx bağlıdır. Bununla əlaqədar Ədliyyə orqanlarının inkişafı haqqında Fərmanda ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşmasına, ədliyyə orqanlarına işə qəbulun şəffaf prosedurlarla həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Qeyd etmək istərdim ki, Ədliyyə Nazirliyi peşəkar və sağlam mənəviyyata malik şəxslərin ədliyyə orqanlarına cəlb edilməsi, əməkdaşların hazırlıq səviyyəsinin daim yüksəldilməsi üzrə məqsədyönlü iş aparır. Ədliyyə orqanlarına işə qəbul açıq müsabiqə yolu ilə həyata keçirilir. Penitensiar sistemə işə qəbul açıq müsabiqə yolu ilə aparılır və yüksək hazırlıq səviyyəsinə və zəruri mənəvi keyfiyyətlərə malik olan gənc hüquqşünaslar namizəd olaraq artıq müvafiq təyinatlar alıblar.Penitensiar sistemin fəaliyyətində şəffaflığın təmin olunması və bu sahədə hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları təsdiq edilmiş və bu məqsədlə qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İctimai Komitə yaradılıb.Beləliklə, dövlət başçısının ədliyyə orqanlarının inkişafı üzrə göstərdiyi səylərinin növbəti təzahürü Azərbaycanda möhkəm ədliyyə sisteminin inkişafına güclü təkan verməsidir. Hazırda Nazirliyin qarşısında duran əsas vəzifələrdən biri həmin sənədlərin dönmədən icrasını təmin etməklə mövcud olan bütün qüvvə və vasitələri birləşdirərək ədliyyə orqanlarının vahid bir mexanizm kimi işləməsinin təmin edilməsidir. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi göstərir ki, bu müddət ərzində bütün digər sahələrdə böyük nailiyyətlərin əldə edilməsi ilə yanaşı möhtərəm Prezidentimizin fəaliyyətinin əsas istiqamətlərindən biri hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi, məhkəmə və ədliyyə sistemlərinin müasirləşdirilməsidir. Bu məqsədlə qəbul olunmuş çox mühüm qərarlar və onların icrası üzrə görülən genişmiqyaslı konkret işlər dövlət başçımız tərəfindən qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xüsusi önəm verildiyini bir daha sübut edir.Ədliyyə işçiləri yaxşı dərk edirlər ki, ədliyyə tarixinin bütün müsbət ənənələrinə və qanunumuzda nəzərdə tutulan anda sadiq qalmaqla qanunçuluğun, ədalətin keşiyində dayanmaq, dövlətçilik maraqlarına sədaqətlə xidmət etmək hər birimizin borcudur".
Füzuli
Olaylar.az