Ankara-Moskva əməkdaşlığının inkişafı regional münaqişələrin həllində mühüm amil kimi- MÖVQE
Ankara-Moskva əməkdaşlığının inkişafı regional münaqişələrin həllində mühüm amil kimi-MÖVQE
10 Yanvar 2020 13:24 SiyasətSon illər qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsində ikitərəfli münasibətləri inkişaf edən ölkələrdən biri də Rusiya Federasiyası və Türkiyə Cümhuriyyətidir. Günümüzdə Moskva ilə Ankara arasında əlaqələr elə bir səviyyəyə çatıb ki, artıq Rusiya ilə Türkiyənin bir-birinə bu qədər yaxınlaşması, əlaqələrini inkişaf etdirməsindən bir sıra ölkələr ciddi narahatçılıq keçirirlər. Elə bir neçə il əvvəl baş vermiş təyyarə qəzası da məhz Moskva ilə Ankara arasında münasibətlərə zərbə vurmaq məqsədi daşıyırdı. O zaman hər iki tərəfin ortaya qoyduğu siyasi iradə və Ankara-Moskva yaxınlaşmasından əndişşələnən qüvvələrin yaratmış olduğu təxribatın soyuqqanlılıqla qarşılanmasının nəticəsidir ki, bu gün iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hazırda tərəflər arasında elə bir məsələ yoxdur ki, Türkiyə ilə Rusiya arasında ciddi problem yarada bilsin. Hətta bu gün üçün ən ciddi problem hesab edilən Suriya, xüsusilə də Yaxın Şərq məsələsində Türkiyə ilə Rusiya eyni mövqedən çıxış edə bilər. Hər iki ölkənin Yaxın Şərqdə maraqlarının olmasına baxmayaraq, tərəflər ən incə məqamları nəzərə alaraq regionda bir-birinin maraqlarına zidd addım atmırlar. Necə ki, Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə hərbi və siyasi dəstək verməsini Türkiyə Moskva ilə Dəməşq arasında mövcud olan qarşılıqlı əməkdaşlıq müqavilələrindən dolayı normal qarşılayır, eləcə də Rusiya qardaş ölkənin Suriyada PKK terror təşkilatının Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı apardığı antiterror əməliyyatına ciddi etiraz etmədi.
Bu gün Türkiyə ilə Rusiyanı təkcə regional amillər, Yaxın Şərq məsələsi deyil, eləcə də iqtisadi amillər bir-birinə bağlayır. Hələ Qərbin Rusiyaya qarşı təzyiqləri, iqtisadi sanksiyaları işə düşərkən şimal qonşumuzun iqtisadi baxımdan ayaqda durmasında Türkiyənin əvəzsiz rolu oldu desək yanılmarıq. Eyni zamanda Türkiyəni ciddi şəkildə vuran dollar siyasətinin iflasa uğraması, bundan qardaş ölkə iqtisadiyyatının iflas həddinə düşməməsində Rusiyanın müəyyən mənada rolu oldu. Hətta bir müddət Rusiya ilə Türkiyənin İran da daxil olmaqla dollardan imtina etməsi kimi məsələ də gündəmə gəldi.
İki ölkə arasında iqtisadi əlaqələrdə enerji amili də xüsusi rol oynayır. Türkiyənin qonşu ölkələr, xüsusilə Azərbaycanla birgə həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə Rusiyanın maraq göstərməsi fonunda bunu aydın görmək mümkündür. Elə bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin "Türk axını" təbii qaz boru xəttinin açılışı öncəsi qardaş ölkəyə səfər etməsi də tədadüfi deyildi və tərəflər arasında bütün sahələrdə olduğu kimi enerji sahəsində də uğurlu əməkdaşlığın mövcudluğundan xəbər verirdi. Məlumat üçün qeyd edək ki, Türkiyə Prezidenti Rusiya təbii qazını Türkiyəyə və Türkiyə üzərindən də Avropaya nəql ediləcək "Türk axını" təbii qaz boru xəttinin açılışı üçün İstanbula səfər edən Vladimir Putini Haliç Konqres Mərkəzində qarşılayıb.Qarşılamadan sonra ikitərəfli görüş baş tutub. Rusiya Federasiya prezidentinin qardaş ölkəyə səfərinin əsas məqsədi "Türk axını" təbii qaz boru xəttinin açılışında iştirak etmək olsa da, səfərin Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında yaşanan gərginlik dövrünə təsadüf etməsi Ərdoğan-Putin görüşünün əhəmiyyətini, xüsusilə də bu görüşə olan beynəlxalq diqqəti xeyli dərəcədə artırmış olub. Nəzərə alaq ki, həm Rusiya, həm də Türkiyənin başlıca niyyəti, məqsədi Yaxın Şərqdə sülh, sabitlikdir və bu regionda yerləşən ölkələrin təhlükəsizliyinin təmin olunmasının zəruriliyini qeyd edirlər.O zaman Putin-Ərdoğan görüşündə əsas müzakirə mövzusunun məhz Yaxın Şərq regionu olduğunu deyə bilərik. Elə Türkiyənin kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərdən də aydın olur ki, liderlərin görüşündə məhz qeyd edilən məsələ əsas müzakirə mövzusu olub. Etiraf etmək lazımdır ki, Ankara və Moskvanın regionda birgə əməkdaşlığı son vaxtlar Yaxın Şərqdə suların bir qədər duralmasına gətirib çıxarmışdı. Xüsusilə, gündəlik öyrəndiyimiz və ancaq ölüm, itki xəbərlərinin gəldiyi Suriyada vəziyyət bir qədər normallaşmışdı. Eyni zamanda regionun digər ölkələrinə də Rusiya-Türkiyə əməkdaşlığının faydaları toxunurdu. Rusiya-Türkiyə əməkdaşlığına İranın da meyillənməsi və bir neçə dəfə üç plkənin liderləri səviyyəsində görüşlərin keçirilməsi vəziyyəti ümumilikdə müsbətə doğru dəyişirdi. Bir sözlə, artıq beynəlxalq alımdə Rusiya və Türkiyənin Yaxın Şərqin mühüm siyasi faktoru olduğu reallığı qəbul edilməkdə idi. Ona görə də deyə bilərik ki, əslində İran və Birləşmiş Ştatlar ətrafında cərəyan edən proseslər bir tərəfdən Yaxın Şərqdə yenidən gərginlik yaratmağa hesablanmışdısa, digər tərəfdən regionda Türkiyı və Rusiyanın mövqelərinin zəiflənməsini hədəfləyirdi. Belə ki, Rusiya-Türkiyə əməkdaşlığının Yaxın Şərqdə müsbət sonluğu və regiona sülh, sabitlik gətirməsi praktikasının digər münaqişə bölgələrinə də sirayət edəcəyi təhlükəsi bəzi dünya güclərinin maraqlarında deyil. Xüsusilə, ondan ehtiyat edirlir ki, Moskva-Ankara əməkdaşlığı Cənubi Qafqazdakı münaqişlərin, ən əsası Dağlıq Qarabağ probleminin ədalətli həllinə yol aça bilər. Çünki Yaxın Şərqdə sabitliyin əldə edilməsi kimi, Qarabağ probleminin həlli də həm Ankara, həm də Moskvanın birgə maraqlarına xidmət edir.
Füzuli
Olaylar.az