Bu il dünyada və Azərbaycanda nələr baş verəcək?

Bu il dünyada və Azərbaycanda nələr baş verəcək?

"Dünyada baş verən qarşıdurmalar 2020-ci ildə də davam edəcək. Çünki ilin başlanğıcı elə bu barədə xəbər verir". 

Bu fikri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov dünyada və Azərbaycanda baş verən siyasi proseslərin 2020-ci ildə hansı şəkildə davam edəcəyini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Yaxın Şərqdə çox mürəkkəb bir vəziyyət yaranıb: "Yaxın Şərq onsuz da alov içindədir. İndi bu alovlanmanın 2-ci fazası başlanır. Bu regionda bir neçə oyunçu iştirak edir. Burada ABŞ, Rusiya, Türkiyə, İran, İraq və İsrail kimi ölkələrin maraqları toqquşur. Düşünürəm ki, hər halda hansısa müsbət nəticələrə gətirib çıxara bilməyəcək, gərginlik davam edəcək. Eyni zamanda Avropa İttifaqında da müəyyən dəyişikliklər baş verə bilər. Çünki Böyük Britaniya artıq "Brexit"i elan etdi və Aİ-dən çıxır. Bununla da Aİ Böyük Britaniyasız yeni bir vəziyyət yaranır. Əlbəttə, bu da təşkilatın fəaliyyətinə müəyyən bir mənfi təsir edə bilər".

F.Sadıqov əlavə edib ki, bu kontekstlərdə Azərbaycan çox ehtiyatlı xarici siyasət aparmalıdır və bunu öz prioritetləri çərçivəsində aparır: "Çünki biz hər hansı münaqişəyə daxil olmaq fikrində deyilik. Baxmayaraq ki, münaqişələr bizim yaxınlıqlarımızda da gedir. 2020-ci ildə hesab edirəm ki, bütün qütblərlə münasibətləri normal səviyyədə saxlaya biləcəyik və vəziyyətin həmin səviyyədə qalması üçün əlimizdən gələni etməliyik. Digər tərəfdən Azərbaycan bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomatiya sahəsində addımlarını daha hücumedici etməlidir, Ermənistanı daha təcrid vəziyyətə salmalıdır. 2020-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi daha da aşağı düşəcək, artıq o etimad limitini bitirir. Bu, Ermənistan cəmiyyətində hiss olunur. Təbii ki, biz torpaqlarımızı azad etmək istiqamətində öz addımlarımızı daha da gücləndirməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31