İraq Amerika və İranın poliqonuna çevrilir

İraq Amerika və İranın poliqonuna çevrilir-RƏY

Birləşmiş Ştatlarla cənub qonşumuz İran İslam Respublikası arasında münasibətlər müharibə səviyyəsinə gəlib çatdı. Yanvarın 7-si gecədən həyata keçirilən qarşılıqlı zərbələr bunun əyani sübutudur. İlk anlamda bu Tehran-Vaşinqton gərginliyi, qarşıdurması kimi xarakterizə edilsə də, əslində  üçüncü dünya müharibəsi kimi qələmə verilir.

Amerika ilə İran arasında cərəyan edən gərginliyə diqqət çəkən ekspertlər hesab edirlər ki, Vaşinqtonla Tehran arasında müharibə təhlükəsi uzun müddətdir ki, davam edirdi. Hər şey Donald Trampın Barak Obamanın zamanında İranla əldə edilmiş razılaşmanı birtərəfli qaydada pozması ilə başladı. Birləşmiş Ştatların ardınca Avropa ölkələrinin də İranla münasibətləri gərginləşdirməsi istər-istəməz müharibə ehtimalını artırırdı. Yaxın Şəqdə baş verən son proseslər isə Tehranla Vaşinqton arasında müharibəni qaçılmaz etdi.  Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.  O, bildirib ki, gec-tez iki ölkə arasında hərbi qarşıdurma gözlənilən idi: "İran Birləşmiş Ştatların İraqda hərbi bazasına raket atışları həyata keçirdi. Bu atışlar Amerika əsgərləri arasında itkisiz ötüşsə də hərbi bazaya ciddi ziyan dəyib. Amerikan əsgərlərinin hərbi bazada olmaması təsadüfi deyil. Çünki Vaşinqtonun bu hücumdan xəbəri olması istisna edilmir. Məhz ona görə də bu hərbi bazada hərbiçiləri təxliyə edib. Bu Birləşmiş Ştatlar üçün növbəti dəfə SEPAH-ın Suriya və İraqda hərbi obyektlərinə zərbə endirməsi ilə nəticələnəcək". Politoloq onu da deyib ki.  tərəflər maksimum geniş miqyaslı müharibədən çəkinirlər. Ancaq lokal cavab zərbələri ilə eskalasiyanı davam etdirməsi gözlənilir: "Qeyd edim ki, İraqın İran-ABŞ poliqonuna çevrilməsi İraq adminstrasiyasını hərəkətə gətirmir. Təəssüf ki, iki tərəfə öz ərazisində savaş imkanlarına göz yumması , Bağdadın bir dövlət kimi iki tərəfdən asılı olduğunu göstərir. Ümumiyyətlə Amerika-İran müharibəsi Suriya və İraq ərazisində lokal miqyasda davam edəcək. Tərəflər preventiv cavab zərbələri ilə kifayətlənəcəklər. Əgər, genişmiqyaslı müharibə baş verərsə, Yaxın Şərqdə İsrail və Səudiyyə Ərəbistanının İran zərbələrinə tuş gəlməsinə gətirib çıxara bilər. Əməliyyatlar hər iki tərəfdən elə planlaşdırılır ki, geniş eskalasiyaya gətirib çıxarmasın. Eyni zamanda Birləşmiş Ştatlar hərbi bazalarının İraq ərazisində və Suriyada yeni hücumlara məruz qalması mümkündür". Məhəmməd Əsədullazadə bu gərginliyə Avropanın mümkün münasibətinə də aydınlıq gətirib və bildirib ki, Avropa dövlətləri İran prezidenti ilə telefon danışıqları aparır: "İranı qarşıdurmadan çəkindirməyə çalışırlar. Amma, SEPAH İran prezidentinə tabe deyil və mühafizəkarlar Birləşmiş Ştatlara zərbə endirməkdə maralıdırlar. Bu problem İran daxilində ciddi siyasi parçalanmaya yol açmaqdadır".

Politoloq onu da qeyd edib ki, əslində İran nüvə müqaviləsindən çıxmaqla bu gərginliyə rəvac vermiş oldu: "İran 2015-ci ildə Altılıq ölkələri ilə bağlanmış "Birgə Hərtərəfli Fəaliyyət Planı" nüvə müqaviləsindən çıxdığını və uranı zənginləşdirəcəyini elan etdi. Qeyd edim ki, ABŞ prezidenti Donald Tramp ötən il birtərəfli şəkildə bu müqavilədən çıxaraq Tehrana qarşı sanksiyalar tətbiq etmişdi. Avropa ölkələri məhz Vaşinqtonun sanksiyalarından dolayı İranla ticarətdə xüsusi mexanizm yaratsa da, müsbət effekt vermədiyinə görə Iran iqtisadiyyatı tənəzzülə doğru yuvarlandı. Bu gün İran iqtisadiyyatında müsbət dinamika yoxdur. Vaşinqton İranın önəmli yüksək rütbəli hərbi şəxsini qətlə yetirməklə yeni gərgin mərhələyə imza atdı. Artıq İranın gizli şəkildə nüvə silahına malik olması istisna deyil. Bir il ərzində Tehranın nüvə silahı əldə etməsi təəccüblü olmayacaq".

Politoloq qeyd edib ki, İranın nüvə müqaviləsindən çıxması regionda vəziyyəti daha da gərginləşdirəcək və Avropa İttifaqı ilə münasibətləri zərbə altına alınacaq: "Məhz ABŞ da İranın bu müqavilədən çıxmasında maraqlıdır. Çünki, Avropa İttifaqı ilə əlaqələrin zəifləməsi Tehrana qarşı Avropa ilə birgə hərəkət etməsinə gətirə bilər. Avropa dövlətləri Tehranı müqavilədən çıxmamağa çağırsalar da, artıq Tehran bu müqavilənin əleyhinə işlədiyinin fərqindədir. ABŞ İrana bununla bağlı sanksiyaları genişləndirəcək. Eyni zamanda hərbi əməliyyatları İran əleyhinə genişləndirə bilər. Avropa İttifaqı İranla danışıqlarda müsbət dəyişikliklər əldə edə bilməsə, Tehranın izolyasiyası davam edəcək və demək olar ki, İran blokadaya alınacaq".

Məhəmməd Əsədullazadə bildirib ki, bütün halda regionda genişmiqyaslı müharibə ehtimalı yüksək olaraq qalır: "Qeyd edim ki, İraq parlamentinin qərarına əsasən Vaşinqton hərbiçilərini İraqdan çıxarmasını qəbul edib. Amma, Vaşinqton İraqdan əlini yanına salıb xoşluqla getməyəcək. İraqda yeni daxili münaqişəyə rəvac verməklə, İranın bazalarına həmlələr edəcək. İranla Qərb dünyası arasında bu kəskin qarşıdurma ciddi təhlükəsizlik problemlərinə yol açır. Həmçinin İran daxilində hakimiyyət uğrunda mühafizəkarların mövqeyini gücləndirir. Bununla da Mötədil Ruhani hakimiyyətinin nüvə sazişi fiaskoya uğradı və bu da növbəti seçkilərdə ABŞ-la qarşıdurma fonunda mühafizəkarların hakimiyyətə yolunu açmış olur". Mümkün genişmiqyaslı hərbi qarşıdurmanın bizim regiona təsirinə gəlincə isə, politoloq deyib ki,  ölkəmizlə 600 km. artıq sərhəddə malik olan İranda stabillik Azərbaycanın da marağındadır: "Dağıdıcı müharibənin baş verməsi regionda humanitar fəlakətə səbəb olar. Bunun da ölkəmizə mənfi təsirləri qaçılmazdı. Qeyd edim ki, Yaxın Şərqdə suların durulmasına on illər lazım olacaq. Burada siyasi stabilliyin bərqərarı Türkiyənin patronajlığı ilə mümkün olacaq. Nə ABŞ, nə Rusiya, nə də İranın regiona sülh bəxş etməsi mümkün olmayacaq. Çünki, bu ölkərin bu illər ərzindəki fəaliyyəti yalnız qeyri-sabitliyə xidmət edir. Bunun kökündə öz geosiyasi maraqlarını burada yaşayan xalqlardan üstün tutmaları dayanır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31