Azərbaycanın milli maraqlarını təmin edən möhtəşəm siyasət kursu- ŞƏRH
Azərbaycanın milli maraqlarını təmin edən möhtəşəm siyasət kursu-ŞƏRH
8 Yanvar 2020 13:37 SiyasətArtıq tarixə qovuşan 2019-cu ili Azərbaycanın ictimai-siyasi həyatı və beynəlxalq münasibətlər baxımından olduqca uğurlu hesab etmək mümkündür. Respublikamız yerləşdiyi regionda cərəyan edən mürəkkəb ziddiyyətli proseslər şəraitində Prezident İlham Әliyevin rəhbərliyi ilə uğurlu siyasət nəticəsində daxili sabitliyi və inkişaf dinamikasını təmin edib. Azərbaycanın inkişafının dayanıqlılığının təmin olunmasında ən mühüm amil möhkəm və dönməz sabitliyin qorunub saxlanılmasıdır. İqtidar‐xalq birliyi bu sabitliyi daha da möhkəmləndirərək siyasi, iqtisadi, sosial uğurlara dərin əsaslar yaradıb. Ölkə prezidenti İlham Əliyev də qeyd edib ki,qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb: "Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir. Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir".
YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev deyir ki, Azərbaycan 2019-cu ildə siyasi lideri, Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış uğurlu xarici siyasət xəttini davam etdirməklə beynəlxalq mövqeyini gücləndirib. Dövlət başçısı möhtəşəm xarici siyasət diplomatiyası sayəsində dünya xəritəsində öz layiqli yerini daha da möhkəmləndirib: "Prezident İlham Əliyevin yürütdüyü Azərbaycanın milli maraqlarını təmin edən müstəqil, çevik və möhtəşəm xarici siyasət kursu xarici dövlətlərlə yüksək səviyyəli görüşlərin, siyasi dialoqun güclənməsinə, ikitərəfli sıx əlaqələrin möhkəmlənməsinə dərin töhfə verib. Respublikamızın beynəlxalq əlaqələri genişlənib, regional və dünya miqyasında ölkəmizin milli maraqlarını təmin edən praqmatik, qətiyyətli siyasət həyata keçirilib. Prezident İlham Әliyev bir çox xarici ölkələrə səfər edib, dövlət və hökumət başçılarını Bakıda qəbul edib. Dövlət başçısının xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini təsdiqləyib".
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin ötən il beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər ölkəmizin dünyada etibarlı tərəfdaş kimi mövqeyini və nüfuzunu artırıb: "Azərbaycan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həddindən artıq prinsipial, dönməz və inadlı mövqeyini daha da möhkəmləndirib. Onun Ermənistanın işğal siyasətinə qarşı sarsıdıcı siyasi diplomatiyası rəsmi İrəvanla yanaşı, arxasında dayanan qüvvələrə də ünvanlanıb. 2019-cu il oktyabrın 3-də Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında və 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Sammitindəki işğalçıya və işğala siyasi-hərbi dəstək verənlərə sərt sillə təsiri bağışladı. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi və Hərəkata 2019-2022-ci illər üzrə Sədrliyin Azərbaycana həvalə edilməsi Cənab İlham Əliyevin təşəbbüskarlığının və Azərbaycana olan güclü beynəlxalq etimadın nümunəsi hesab edilə bilər".
Təsadüfi deyil ki, ölkə başçısı qeyd edib ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu: "Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər". V.Abdullayevin bildirdiyinə görə, dünyanın ən mötəbər təşkilatlarının sammitləri, zirvə görüşlərinin Azərbaycanda keçirilməsi onun siyasi nüfuzunun göstəricisidir: "BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və Sədrliyin 3 il müddətinə, 2022-ci ilədək Azərbaycana keçməsi isə Prezident İlham Əliyevin gücü və ona olan beynəlxalq etimadın nümunəsidir. Azərbaycan Prezidentinin 2019-cu ilin noyabr ayında Türkiyəyə səfəri çərçivəsində TANAP kəmərinin Türkiyə ilə Avropanı birləşdirən hissəsinin açılış mərasimində iştirak etməsi ötən ilin ən əlamətdar iqtisadi‐siyasi hadisəsi kimi tarixə düşdü. Azərbaycan Prezidentinin yürütdüyü çevik, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmiz ətrafında xoşməramlı mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. Bu gün Azərbaycan öz güclü lideri İlham Əliyevin yürütdüyü strateji diplomatiya və uzaqgörən praqmatik xarici siyasət sayəsində regionda liderliyini daha da gücləndirir".
Alim
Olaylar.az