Ən gözəl Həmrəylik Günü Qarabağda keçiriləcək
Ən gözəl Həmrəylik Günü Qarabağda keçiriləcək
30 Dekabr 2019 15:13 Siyasətİlham İsmayılov: "Cənab İlham Əliyev dünya azərbaycanlılarının prezidenti kimi bu mühüm prosesə hərtərəfli dəstək verir"
Ümummilli lider Heydər Əliyev tərəfindən bizlərə ərməğan edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü bu günlər dünyanın dörd bir tərəfində qeyd edilməkdədir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız bu günlər bir araya gələrək bu bayramı qeyd edir, həmrəylik, birlik, bərabərlik nümayiş etdirir. Bu günlər qardaş Türkiyənin İstanbul şəhərində də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü geniş qeyd olunub. Belə ki, İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı, Üsküdar Bələdiyyəsinin dəstəyilə İstanbulda - Validə Sultan Gəmisində dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş təntənəli bayram tədbirində Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Türkiyənin müxtəlif bölgələrindən azərbaycanlıların, eləcədə diplomatik korpus nümayəndələrinin, dövlət məmurlarının qatıldığı toplantıda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti İlham İsmayılov da qatılıb.
İSTAD-ın sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Səfər Karakoyunlu qonaqları salamlayaraq, qeyd edib ki, "bir millət, iki dövlət" olan iki qardaş ölkə hər zaman birlik və dayanışma içərisində olub: "Bu elə bir qardaşlıqdır ki, tarix yaranandan mövcuddur və əbədiyyətə kimi də davam edəcəkdir. Çünki biz eyni millətin övladlarıyıq,ortaq tariximiz olduğu kimi, ortaq gələcəyimiz də birlikdə şəkillənəcək. Bizim həmrəyliyimiz bu gün hər zamankından daha çox lazımdır. Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və biz bu işğala son qoymaq üçün, torpaqlarımızın işğaldan azad olunması üçün mücadilə aparmalıyıq. İnanıram ki, biz ən gözəl həmrəylik günümüzü də məhz Qarabağ torpaqlarında keçirəcəyik".
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik günü xalqımız arasında birlik və bərabərliyin güclənməsi, mənəvi-əxlaqi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından çox mühüm hadisə olub: " Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini daim diqqətdə saxlayır, dünya azərbaycanlılarının prezidenti kimi bu mühüm prosesə hərtərəfli dəstək verir".
İlham İsmayılov qeyd edib ki, dünya azərbaycanlılarının təşkilatlanması və birlik modelinin yaranması, mədəni irsimizin təbliği və erməni diasporunun ideoloji mübarizəsinə qarşı əsl dirəniş göstərən bir platformaya çevrilib: " Bu gün ermənilərin uydurduqları yalanların və onların yalan üzərində tərtib etdikləri ideoloji fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın rolu danılmazdır. Onlar xaricdəki dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının qurulmasına da ciddi önəm verir, bu sahədə irəli sürülən təşəbbüsləri, atılan addımları həmişə birmənalı şəkildə müdafiə edirlər. Belə təşkilatları qeyd edəcək olursan onların önündə İSTAD-ın fəaliyyətini də qeyd etməliyəm. Biz neçə illərdir birgə fəaliyyət göstəririk, mühüm tədbirləri ortaq qeyd etmişik. Bu əlaqələri davam etdirmək, həmrəyliyimizi milli mücadilədə yenidən davam etdirmək əzmindəyik. Bundan sonra da bizlər Azərbaycanımız, Türkiyəmiz, Türk dünyamız uğrunda birgə fəaliyyətimizi uğurla davam etdirəcəyik. İnanıram ki, siyasi hakimiyyətlərin, dövlət başçılarımızın bu prosesə verdiyi hərtərəfli dəstək nəticəsində bizlər qarşımıza qoyduğumuz hədəflərə nail olacağıq".
Tədbirdə çıxış edən İSTAD Ağsaqqalar şurasının üzvləri - Bəkir Doğan, İhsan Özkösəli, Bahəddin Miral dünya azərbaycanlılarını təbrik edərək, xalqlarımıza əmin amanlıq və gözəl günlər arzulayıblar.
Azərbaycan musiqilərinin sədaları altında davam edən tədbirin sonunda plaket təqdimi olub.
Füzuli
Olaylar.az