“Cənub Qaz Dəhlizi”nə maraq artır- Şərh
“Cənub Qaz Dəhlizi”nə maraq artır-Şərh
18 Dekabr 2019 15:49 SiyasətKiyevin bu layihəyə qoşulması müzakirə predmetidir
Azərbaycan sürətli iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə mühüm faktora çevrilməsi ilə yaxın və uzaq ölkələrin diqqətini özünə cəlb edir. Eyni zamanda bu diqqət və maraq regionda Azərbaycanla əməkdaşlıq qurmaq istəyən, onunla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə maraq göstərən dövlətlərin sayını artırır. Bu günlərdə Ukraynanın Azərbaycana olan marağı fonunda bunu aydın gördük. Elə bu marağın, ölkəmizə olan diqqətin göstəricisi idi ki, bu ölkənin prezidenti Vladimir Zelenski prezident olduğu müddətdə ilk rəsmi səfərini məhz Azərbaycan etdi. Ekspertlər də hesab edirlər ki, bu bir tərəfdən Azərbaycanın lider ölkə olması, digər tərəfdən beynəlxalq aləmdə mühüm faktora çevrilməsi ilə bağlıdır. Millət vəkili Sahib Alıyev də belə düşünür. O, bildirib ki, Vladimir Zelenski Ukraynanın Prezidenti seçiləndən sonra ilk rəsmi səfər etdiyi MDB ölkəsi məhz Azərbaycan oldu. Millət vəkilinin sözlərinə görə, geosiyasi reallıqları da nəzərə almaqla əgər bir cümləylə dəyərləndirməli olsaq, bu səfər bir tərəfdən Ukraynada ölkəmizə necə böyük önəm verildiyini göstərirsə, digər tərəfdən də Azərbaycanın bir dövlət kimi ancaq və ancaq öz milli maraqlarına dayanaraq müstəqil, cənab İlham Əliyevin təbirincə desək, ləyaqətli, təbii ki, həm də praqmatik siyasət yeritdiyini növbəti dəfə göz önünə sərir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Zelenskinin Azərbaycana səfərini müsbət dəyərləndirir və bu səfəri həm də Kiyevdən İrəvana ünvanlanmış mesaj kimi xarakterizə edir. O, bildirib ki, Vladimir Zelenski Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə əməkdaşlığın inkişafını sürətləndirəcək əsas mövzuları gündəmə gətirdi: "Birincisi, Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulandı. Ukrayna prezidentinin Bakıda dediyi "söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir" cümləsi çox nəsnədən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. Bu Zelenskinin Ermənistana da gərəkli mesajıdır. İkincisi, Vladimir Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Zelenski ayrıca təklif etdi ki, Bakıdan bir heyət Kiyevə gedərək investisiya imkanlarını və şərtlərini öyrənsin. Ukrayna investisiyaya ac ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Zelenski geniş özəlləşdirmə proqramını həyata keçirməyə çalışır. Bu bazarda biz də yer tuta bilərik. Üçüncüsü, Kiyev "Cənub Qaz Dəhlizi" layihəsinə maraq göstərir. Vladimir Zelenskinin sözlərindən aydın oldu ki, Ukrayna da bu layihəyə maraq gəstərir. Bu rolun nədən ibarət olacağını iki ölkənin mütəxəssisləri müəyyənləşdirməlidirlər. Bəs görəsən Ukrayna Avropa ölkələri üzərindən Azərbaycan qazınımı almaq istəyir, yoxsa başqa variantların müzakirəsi mümkündür?" Politoloq deyir ki, Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır: "Dövlət Neft Şirkətinin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyəti göstərir. Azərbaycan Dövlət Neft Şirkəti öz sahəsində Ukraynada lider mövqelərdədir. Zelenski Dövlət Neft Şirkətinə Ukraynadakı mövqelərini daha da gücləndirməyi təklif edir. Son illər Ukrayna ilə Azərbaycan arasında yük daşımaları artıb. Nəqliyyat yolları ilə Mərkəzi Asiyanın, İranın və Çinin yükləri Azərbaycan üzərindən Ukraynaya daşınır, eyni zamanda Ukrayna öz mallarını Azərbaycan üzərindən adı çəkilən ölkələrə daşıyır. Bu həcmi artırmaq mümkündür. Bütün bu məsələləri müzakirə etmək məqsədilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası gələn ilin yanvar ayında Kiyevdə keçiriləcək. Təsadüfi deyil ki, Ukrayna prezidenti Bakıda baş nazir Əli Əsədovla da geniş müzakirəyə ehtiyac duydu. Beləliklə, Vladimir Zelenskinin Azərbaycana səfərini uğurlu adlandırmaq olar. Ən önəmlisi odur ki, Vladimir Zelenski keçmiş SSRİ respublikalarından, o cümlədən Gürcüstan və Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Bu o deməkdir ki, Ukrayna prezidenti keçmiş SSRİ respublikaları ilə əməkdaşlıqda Azərbaycana üstünlük verir. Bu üstünlük iki ölkə arasındakı əməkdaşlığı daha üst səviyyəyə qaldırmağa imkan verir".
Füzuli
Olaylar.az