Azərbaycanla Rusiya arasında bütün sahələrdə inkişaf dinamikası müşahidə edilir- RƏY
Azərbaycanla Rusiya arasında bütün sahələrdə inkişaf dinamikası müşahidə edilir-RƏY
18 Dekabr 2019 14:37 SiyasətZiyad Səmədzadə: "Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bu iki dövlət arasındakı münasibətlərin inkişafına yeni töhfə verməkdədir"
Azərbaycan və Rusiya arasında tarixən mövcud olan əməkdaşlıq münasibətləri inkişaf etməkdədir. Xüsusən, dövlət başçılarının həyata keçirdikləri siyasət bu iki dövləti strateji müttəfiqə çevirib. Hazırda iki qonşu və dost dövlət olan Azərbaycanla Rusiya arasında bütün sahələrdə inkişaf dinamikası müşahidə edilməkdədir. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, xüsusən nəqliyyat-tranzit sahəsi iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir: "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. "Şimal-Qərb" beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə başlayıb. Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir". Onun sözlərinə görə, son illərdə dövlətlər arasında humanitar əməkdaşlıq səviyyəsi əhəmiyyətli dərəcədə fəallaşıb: "Təhsil sahəsində əməkdaşlığı xüsusilə vurğulamaq istəyirəm. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanmışdır. Bir çox post-sovet ölkələrində, o cümlədən, qonşu Cənubi Qafqaz ölkələrində ruslara, xüsusilə, rus dilinə münasibət fonunda Azərbaycan həm ruslara, həm də rus dilinə böyük hörmət, ehtiram, qayğı və diqqət mövcuddur. Təsadüfi deyil ki, ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bunlar çox önəmli göstəricilərdir. Mədəniyyət sahəsində daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı Mədəniyyət Günləri layihəsi həyata keçirilir. Bunları geniş və təfsilatlı şəkildə deməkdə məqsədim odur ki, Azərbaycan-Rusiya münasibətlərinin tam mənzərəsi, palitrası gözlər önündə bir daha canlanmış olsun. Hesab edirəm ki, münasibətlərin bu səviyyəsi qorunub saxlanılmaqla, daha da inkişaf etdirilməli, daha da irəliyə doğru aparılmalıdır. Bunun üçün də hər cür potensial, şərait, ən əsası iradə mövcuddur".
Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni töhfə verməkdədir: "Bildiyiniz kimi, bu səfər Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın Rusiyaya ilk rəsmi səfəri idi. O, ilk dəfə idi ki, bu posta təyinatından sonra Rusiyaya səfərini reallaşdırırdı. Səfərin necə yüksək səviyyədə baş tutmasını isə səfər proqramının zənginliyi açıq şəkildə ortaya qoyurdu. Belə ki, Mehriban xanım səfər zamanı Rusiya Federasiyasının Baş naziri Dmirti Medvedyevlə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə bir araya gəldi, "Lujniki" Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu. Həmçinin, səfər çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirildi və mərasimdə Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak etdilər. Qeyd etmək yerinə düşər ki, nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan "Azərbaycan" pavilyonu 1939-cu ildə tikilmişdir və onun üzərindən 80 il keçmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyon əsaslı şəkildə bərpa olunmuşdur. Belə ki, milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilmişdir. Mərasim zamanı çıxışında Mehriban xanım Əliyeva bildirmişdir ki, "Azərbaycan" pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb etməkdədir. O, "Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər", - deyərək, eyni zamanda, şübhə etmədiyini bildirmişdir ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko isə çıxışında bildirmişdir ki, pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir. "Əminəm ki, bu pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin keçirilməsi üzrə böyük planları var", - deyən xanım Matviyenko onu da bildirmişdir ki, beləliklə Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər. Səfərin ən mühüm məqamlarından biri Birinci vitse-prezident Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi olmuşdur. Qeyd etmək lazımdır ki, iki ölkə arasında regionlararası əməkdaşlıq yönündə müsbət təcrübə əldə olunmaqda, hər iki ölkəyə faydalarını verməkdədir. Ümumiyyətlə, qeyd etmək istərdim ki, hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 "yol xəritəsi"ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənmişdir. Xüsusilə, ticarətdə müsbət dinamika hiss olunmaqdadır. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də iki ölkə arasında əməkdaşlıq getdikcə genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. Məsələn, "SOCAR Polymer" zavodu inşa edilib, "Azərikimya" müəssisələri modernləşdirilir, Gəncə Avtomobil zavodunda "KamAz" Səhmdar Cəmiyyətinin və "Ural" Avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində "QAZ" markalı avtomobillərin yığılması üzrə zavod tikilir. "P-farm" əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında "Şimal-Cənub" enerji dəhlizinin yaradılması üzrə iş aparılır. Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə, Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq. Bununla belə, yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır". Regionlararası Foruma gəlincə, Z.Səmədzadə qeyd edib ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində bu tipli forumların keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilmiş və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynamışdır: "Keçən ilin sentyabrında Bakıda keçirilən forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət etmişdir. Eyni zamanda, Rusiya və Azərbaycan prezidentlərinin regionlararası forumda iştirakı həmin forumun fəaliyyətinə nə qədər böyük əhəmiyyət verildiyinin əyani sübutuna çevrilmişdir. Əlamətdar haldır ki, bu istiqamətdə ilk forum 2010-cu ildə məhz Azərbaycanda keçirilib. Bununla da çox fəal regionlararası əməkdaşlığa təkan verilib. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq".
Nurlan
Olaylar.az